Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi arasında elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsinin təhlükəsizliyinə dair tələblər,qarşılıqlı əməkdaşlıq və arayışın əldə edilməsinə görə ödənişlərin həyata keçirilməsi Qaydası
Azərbaycan Respublikası Əmlak Məsələləri
Dövlət Komitəsinin Kollegiyasının 14 fevral
2014-cü il tarixli, 03 nömrəli
Qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi arasında elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsinin təhlükəsizliyinə dair tələblər, qarşılıqlı əməkdaşlıq və arayışın əldə edilməsinə görə ödənişlərin həyata keçirilməsi
Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi arasında elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsinin təhlükəsizliyinə dair tələblər, qarşılıqlı əməkdaşlıq və arayışın əldə edilməsinə görə ödənişlərin həyata keçirilməsi Qaydası” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 880-IVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 101 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası məqsədi ilə hazırlanmışdır.
1.2. Bu Qayda daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiq edilməsi üçün sərəncam verənin bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (bundan sonra-arayış) sərəncam verənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda notarius tərəfindən real vaxt rejimində əldə edilməsi, eləcə də notariat qaydasında təsdiqlənmiş müqavilənin elektron formada dərhal dövlət reyestrinə ötürülməsi məqsədilə elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsi zamanı təhlükəsizliyinə dair tələbləri, qarşılıqlı əməkdaşlıq və arayışın əldə edilməsinə görə ödənişlərin həyata keçirilməsi qaydasını müəyyən edir.
1.3. Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi (bundan sonra- “MQS”) və Ədliyyə Nazirliyinin Elektron Notariat İnformasiya Sistemi (bundan sonra- “Enotariat”) arasında real vaxt rejimində qarşılıqlı şəkildə arayışların və notariuslar tərəfindən təsdiq edilən müqavilələrin ötürülməsi həyata keçirilir. Bu sistem vasitəsilə qanunla müəyyən edilmiş digər məlumatlar da ötürülə bilər.
2. Qarşılıqlı əlaqənin təmin edilməsi
2.1. Arayışın real vaxt rejimində əldə edilməsi üçün notarius daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks olunmuş reyestr nömrəsini, qeydiyyat nömrəsini, habelə ödənişlərin həyata keçirilməsi barədə məlumatları göstərməklə MQS-dən arayışıəldə edir.
2.2. Real vaxt rejimində elektron formada notariuslara verilən arayış Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının 15 oktyabr 2012-ci il tarixli 06 nömrəli qərarı ilə təsdiq edilmiş və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq 02 noyabr 2012-ci il tarixində 15201210150006 nömrə ilə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat”la müəyyən edilmiş formalarda verilir.
2.3. Real vaxt rejimində notarius tərəfindən əldə edilmiş arayış çap edilərək onun əsasında qanunla nəzərdə tutulmuş əməliyyat aparılır. Səbəbindən asılı olmayaraq müqavilə notariat qaydasında təsdiqlənmədikdə əldə edilmiş arayış ərizəçiyə təqdim edilir.
2.4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.2-1-ci maddəsinə uyğun olaraq notarius daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsi ilə “Enotariat” sistemindən MQS-ə göndərir.
2.5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.3-cü maddəsinə uyğun olaraq notarius daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqaviləni təsdiqlədikdən sonra müraciət edən şəxsin istəyi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsinin həmin maddədə nəzərdə tutulmuş sənədlərlə birlikdə elektron formada informasiya sistemləri vasitəsi ilə ərizənin təsdiq edildiyi gün “Enotariat” sistemindən MQS-ə göndərir.
2.6. Arayışın real vaxt rejimində əldə edilməsi və müqavilələrin elektron formada ötürülməsi ilə bağlı araşdırılması tələb edilən məsələlər yarandıqda tərəflər həmin sistemlər vasitəsilə elektron qaydada müraciət edir. Sorğuya 1 iş günü müddətində sistemlər vasitəsilə cavab verilir.
3. Ödənişlər
3.1. Elektron informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində qarşılıqlı şəkildə mübadilənin təşkili üçün qanunvericilikdə nəzərdə tutulmuş ödənişlərdən başqa əlavə haqq (ödəniş) tələb olunmamalıdır.
3.2. Arayışın əldə edilməsi üçün ödənişlərin nağd, elektron ödəmə sistemləri, o cümlədən İnternet vasitəsilə, həmçinin köçürmə yolu ilə ödənilməsini təsdiq edən sənədlər barədə məlumat ötürülməlidir.
3.3. Arayışın əldə edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə dövlət büdcəsinə dövlət rüsumu və daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinin (bundan sonra-Xidmətin ərazi idarələri) hesabına xidmət haqqı ödənilir.
3.4. Ödənişlərin həyata keçirilməli olduğu Xidmətin ərazi idarələrinin hesabları və onlarda olan dəyişikliklər barədə Ədliyyə Nazirliyi 1 iş günü müddətində məlumatlandırılır.
3.5. Ödənişlərin həyata keçirilməsi barədə hər ayın yekununda notariuslara xidmət edən bankla üzləşdirmə aparılır.
3.6. Ödənişlərin həyata keçirilməsi barədə məlumatlar MQS-ə ötürülür və bunların ödənilməsini təsdiq edən rekvizitlər daxil edilmədən MQS-dən arayışın əldə edilməsi mümkün olmur.
3.7. Daşınmaz əmlakla bağlı hər bir müqavilənin təsdiq edilməsi üçün arayışın əldə edilməsi məqsədilə ödənişlər həyata keçirilməlidir. Ödənişlərin həyata keçirilməsinə baxmayaraq müqavilənin təsdiq edilməsi gecikərsə, bu zaman 50 gün ərzində daşınmaz əmlakın dövlət reyestrindən yenilənmiş məlumatların əldə edilməsi üçün ödənişlər edilmir.
4. Real vaxt rejimində əldə edilən məlumatların və sənədlərin təhlükəsizliyinin təmin olunması və məsuliyyət
4.1. Elektron informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində məlumat mübadiləsi təhlükəsiz VPN kanal vasitəsilə həyata keçirilərək məlumatların təhlükəsizliyi və mübadilənin etibarlılığı təmin edilir.
4.2. Notariusun müəyyən tarix və saatda əldə etdiyi arayış təhlükəsiz şəkildə yaddaşda saxlanılır. Eyni zamanda notarius əldə edilmiş arayışı çap edərək çap edildyi tarix və saat əks etdirilməklə kağız daşıyıcısında saxlayır.
4.3. Hər bir tərəf digər tərəfdən götürdüyü məlumatın məxfi saxlanılmasına və mühafizə edilməsinə, həmin məlumatın üçüncü şəxslər qarşısında açıqlanmasına görə məsuliyyət daşıyır.
4.4. Məlumatları informasiya sistemləri vasitəsilə təqdim edən tərəf onların düzgünlüyünə cavabdehdir.
4.5. Məlumatı əldə edən tərəf müqavilə tərəfləri qarşısında həmin məlumatların düzgünlüyünə görə cavabdeh deyil.
4.6. Hər bir tərəfin digər tərəfdən götürdüyü məlumat həmin digər tərəfin məlumatı hesab olunur.
4.7. Arayışı əldə etdikdən sonra etibarlılıq müddəti bitmiş arayışdan istifadə edildiyinə görə istifadə edən tərəf məsuliyyət daşıyır.
4.8. Məlumatları təqdim edən və əldə edən tərəflər hər iki informasiya sisteminin dayanıqlı fəaliyyətinin qorunub saxlanılması və məlumat bazalarının təhlükəsizliyinin təmin edilməsi, məlumat itkisinin qarşısının alınması istiqamətlərində bütün zəruri tədbirləri görməlidirlər.
4.9. İnformasiya sistemlərinin dayanıqlı fəaliyyətinin qorunub saxlanılması və məlumat bazalarının təhlükəsizliyinin təmin edilməməsi ilə əlaqədar digər tərəfə, habelə məlumat itkisinə yol verilməsi ilə bağlı dövlətə, hüquqi və fiziki şəxslərə dəyən ziyana görə bunda təqsiri olan tərəf məsuliyyət daşıyır.
4.10. Məlumatların üçüncü şəxslər tərəfindən istifadəsi və ya həmin məlumatların üçüncü şəxslərə satılması yolverilməzdir.
4.11. Tərəflər əldə etdiyi və sistemdə gördüyü məlumatlarla bağlı məxfiliyin qorunmasını öz öhdələrinə götürür.
4.12. Zəruri hallarda elektron informasiya sistemlərindən istifadə olunması, təhlükəsizlik və sair məsələlərlə bağlı hər bir tərəf digər tərəfin istifadəçilərinə treninqlərin keçirilməsini təşkil edir.
5. Səhvlərin və uyğunsuzluqların aradan qaldırılması
və mübahisələrin həlli
5.1. Təqdim edilən sənədlərlə informasiya sistemlərindəki məlumatlarda olan hər hansı uyğunsuzluq dərhal qarşılıqlı əlaqə vasitəsilə aradan qaldırılır. Bu məqsədlə hər iki tərəfdə əlaqələndirici şəxslər təyin olunur və əlaqə vasitələri barədə qarşı tərəf məlumatlandırılır.
5.2. Hər bir tərəf üzərinə qoyulmuş vəzifələrin icrasına məsuliyyətlə yanaşmalıdır.