Azərbaycan Respublikasının Nazirlər Kabineti 

Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı

və qaydaları haqqında

Qərar № 32

 

Bakı şəhəri, 2 fevral 2001-ci il

«Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 382 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. «Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı və qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

A. RASI-ZADƏ.

Azərbaycan Respublikasının Baş naziri

 

 

 

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 2 fevral tarixli
32 nömrəli qərarı ilə
təsdiq edilmişdir

 

Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin

siyahısı və qaydaları

 

1. Ümumi müddəalar

Bu Qaydalar «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununa, «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na uyğun olaraq hazırlanmışdır və alıcılar tərəfindən dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısını və həmin sənədlərin təqdim edilməsi qaydalarını müəyyən edir.

 

2. Alıcılar tərəfindən təqdim edilən sənədlərin siyahısı və qaydaları

 

2.1. Müəyyən olunmuş müddətdə sifariş vermiş, özəlləşdirmənin keçirilməsi haqqında məlumatda dərc olunmuş sənədləri lazımi qaydada tərtib və təqdim etmiş fiziki və hüquqi şəxslər dövlət əmlakının mövcud qanunvericiliyə uyğun olaraq hərraclarda, müsabiqələrdə və digər üsullarla özəlləşdirilməsində alıcı kimi iştirak edə bilərlər.

2.2. Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün sifarişçi Azərbaycan Respublikasının Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinin müəyyən etdiyi formada ərizəni tərtib edir. Sifarişin və ona əlavə edilən sənədlərin qəbulu dərc olunmuş məlumatda göstərilən tarixdə həyata keçirilir. Ərizə iki nüsxədə tərtib olunur.

2.3. Dövlət əmlakının özəlləşdirilməsi üsullarından asılı olaraq özəlləşdirmədə iştirak etmək istəyən şəxslər ərizəyə aşağıdakı sənədləri əlavə edirlər:

- dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi zamanı

  • hüquqi şəxsin təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti;
  • müsabiqə təklifi;

- özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı zamanı

  • dövlət özəlləşdirmə payları;

- dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı zamanı

  • satışa çıxarılan səhmlərin dəyərinin ödənilməsi (pul və ya özəlləşdirmə çekləri ilə) haqda sifariş;
  • hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
  • fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • səhmlərin dəyəri özəlləşdirmə çekləri ilə ödənildikdə — özəlləşdirmə çekləri;
  • ixtisaslaşdırılmış pul hərraclarında pul vəsaitinin Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba ödənildiyini təsdiq edən sənəd;
  • hərracda iştirak etmək üçün sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə — nümayəndənin sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən etibarnamə;

- dövlət əmlakının hərraclar vasitəsi ilə satışı zamanı

  • hərraclarda iştirak etmək üçün sifariş;
  • Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;
  • hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
  • fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • hərracda iştirak etmək üçün sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə — nümayəndənin sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən etibarnamə;

- dövlət əmlakının investisiya müsabiqəsi vasitəsi ilə satışı zamanı

  • iddiaçı tərəfindən müsabiqənin şərtlərinin icrasının təmin olunmasını təsdiq edən və müvafiq qaydada tərtib olunmuş sənəd (bank zəmanəti, zaminlik müqaviləsi, girov müqaviləsi və s.);
  • investisiya proqramı;

- icarəyə verilmiş dövlət əmlakının satışı zamanı

  • icarə müqaviləsinin surəti;
  • hüquqi şəxslər üçün hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti;
  • fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • qeyri-yaşayış sahəsinin texniki pasportu;

- dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı zamanı

  • Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;
  • hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri (fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti);
  • hərracda iştirak etmək üçün sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə — nümayəndənin sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən etibarnamə.

Dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək istəyən şəxslərdən bu Qaydalarla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlərin tələb olunmasına yol verilmir.

2.4. Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən sənədləri qəbul etməyə vəkil edilmiş şəxs qəbul edilmiş hər bir ərizəyə və sənədlərə nömrə və tarix qoyur və onların qəbul edilməsi barədə ərizənin digər nüsxəsində müvafiq qeyd aparır. Həmin nüsxə ərizə və sənədləri vermiş şəxsə və ya onun nümayəndəsinə qaytarılır.

2.5. Sənədlər dövlət əmlakının satışının keçirilməsi barədə məlumatda qeyd edilən müddət bitdikdən sonra qəbul edilmir.

2.6. Sənədlər tam tərkibdə təqdim edilmədikdə və ya qanunvericiliyə uyğun olaraq tərtib edilmədikdə onlar sifarişçinin tələbi ilə bir iş günü müddətinə geri qaytarılır. Bu halda həmin sənədləri təqdim edən şəxslər (və ya onların nümayəndələri) müəyyən edilmiş çatışmazlıqları aradan qaldırdıqdan sonra, elanda göstərilən müddət ərzində sənədləri təkrarən təqdim edə bilərlər.

 

3. Yekun müddəa

Dövlət əmlakının alıcıları tərəfindən təqdim edilən sənədlərin siyahısı və qaydaları ilə bağlı vəzifəli şəxslərin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər.