Daşınmaz əmlakın qeydiyyatında vətəndaş məmnunluğuna xidmət edən yeniliklər
Yeniliklərdən biri daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların əhaliyə elektron formatda təqdim edilməsi imkanı oldu. Bununla vətəndaşlar daşınmaz əmlaklarına dair sənədi öz arzusuna görə elektron və ya kağız formada əldə edə bilir. Belə ki, əmlak sahibi müvafiq idarəyə gəlmədən, Elektron Hökumət Portalında yaradılacaq şəxsi kabinetindən elektron formada çıxarışını ala bilir. Odur ki, müasir yanaşmaların tətbiq edildiyi bu sistem vasitəsilə vətəndaş daha operativ şəkildə çıxarışına sahib olur.
Yeniliyə əsasən qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron imza ilə təsdiqlənən çıxarış Elektron Hökumət Portalında yerləşdirilir və portal vasitəsilə hüquq sahibi tərəfindən elektron üsulla əldə edilir. Həmçinin daşınmaz əmlakın dövlət reyestrindən kağız formada təqdim olunan çıxarışda göstərilən bütün məlumatlar elektron çıxarışda da əks olunur. Elektron qaydada əmlaka dair çıxarış əldə etmiş şəxs öz elektron çıxarışını bütün dövlət orqanlarında, o cümlədən notariat kontorlarında tam istifadə edə bilir. Bundan əlavə, kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər ortadan qalxır. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir. Ən maraqlı və mühüm yenilik odur ki, artıq çıxarışları, eləcə də digər arayışları hətta xarici ölkələrdə olduqda da almaq mümkün olacaq. Bu proses rahatlıqla yanaşı, vətəndaşın vaxtını daha səmərəli planlaşdırmağa imkan verir. Həmçinin çıxarışların elektron müstəviyə keçməsi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır.
Daşınmaz əmlakın elektron qeydiyyatı üçün ən vacib şərtlərdən biri elektron arxivin və rəqəmsal elektron məlumat bazasının yaradılmasıdır. Bu isə daşınmaz əmlakın qeydiyyatı və bununla bağlı digər xidmətlərin göstərilməsində vaxt itkisini aradan qaldırmağa, operativliyi dəfələrdə artırmağa imkan verir. Bununla əlaqədar olaraq Komitə tərəfindən elektron arxivin yaradılması istiqamətində də mühüm addımlar atılmışdır. Belə ki, komitənin regional ofislərində daşınmaz əmlaklar üzərində əvvəllər yaranmış hüquqlar üzrə 1.5 milyondan artıq əmlaka dair kağız formada olan sənədlər və texniki sənədlərdə olan mətn məlumatları elektronlaşdırılaraq Milli Qeydiyyat Sisteminin elektron məlumat bazasına daxil edilib.
Daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflıq və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə Komitə tərəfindən Əmlakın Qeydiyyatı Kalkulyatoru istifadəyə verilib. Əmlakın qeydiyyatı kalkulyatoru” sayəsində vətəndaşlar onlara məxsus daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala bilirlər. Bura mənzilin, fərdi evin, torpaq sahələrinin qeydiyyatı ilə bağlı çıxarışın alınması, texniki pasportun əldə edilməsi, əmlakla bağlı sadə və məhdudlaşdırıcı arayışlar, əmlakın qabaqcadan qeydiyyatı, yüklülükdən azad etmə, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi xidmətləri aiddir.
Mülkiyyət münasibətlərinin tənzimlənməsində vahid idarəçiliyin təmin olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Bu istiqamətdə mütərəqqi addım daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyində “bir pəncərə” prinsipinin tətbiqidir. Həm çıxarışların verilməsi, texniki sənədlərin tərtibi, həm də torpaqların istifadəsi, icarəsi, mülkiyyətə verilməsi, koordinatların uyğunluğu kimi torpaq məsələlərində rəylərin alınması “bir pəncərə”də həll olunur.
Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət istiqamətləri üzrə SMS, onlayn və elektron xidmətlərin tətbiqini də genişləndirir. Komitə tərəfindən indiyədək vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 500 mindən çox elektron xidmət göstərilib. Hazırda Komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 32 elektron xidmət, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur.
Komitənin təqdim etdiyi elektron xidmətdən 22-si daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Qeydiyyatla bağlı xidmətlərə daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi və digər xidmətlər aiddir. Həmçinin, səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin, nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair hərraclarda iştirak üçün sifarişlərin elektron qəbulu kimi xidmətlər mövcuddur.
İstifadəçilərin böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir. Belə ki, ümumilikdə daşınmaz əmlakın qeydiyyatı üzrə 22 elektron xidmətdən istifadə edənlərin sayı 130 minə yaxındır. Komitənin www.e-gov.az portalı üzərindən ən çox istifadə olunan elektron xidməti ipoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlı xidmətlərdir. Bu xidmətlərdən istifadə edənlərin sayı bütövlükdə 90 minə yaxındır. Daha çox istifadə olunan xidmətlərdən biri də dövlət reyestrindən məlumatın verilməsi barədə elektron xidmətdir. İndiyədək müraciət edənlərin sayı 20 minə yaxın olub. Cari il ərzində komitənin göstərdiyi elektron xidmətlərdən istifadə edənlərin böyük hissəsi, 70 minə yaxını daşınmaz əmlakın hüquqi vəziyyəti ilə bağlı arayışların - “Forma-1” - in alınmasına aiddir.
Komitə tərəfindən tətbiq olunaraq geniş yayılan, əhali arasında müsbət qarşılanan sosial layihələrdən biri də «Kütləvi çıxarış» kampaniyasıdır. Kampaniya komitənin qeydiyyat xidmətlərini əhalinin birbaşa ünvanlarında, iş yerlərində, kəndli və fermerin əkin sahələrində çatdıraraq onları vaxt itkisi olmadan, operativ şəkildə çıxarış əldə etməsinə imkan yaradır. Cari ilin ilk 6 ayında keçirilmiş 14 kampaniyanın 2-si paytaxt rayonlarında, 12-si isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutmuşdur.
Komitənin mobil ofis xidmətləri də gündəlik olaraq respublikanın müxtəlif ərazilərinə gedərək fərqli növlərdə qeydiyyat xidmətləri göstərir. Bu xidmətlərin həyata keçirilməsində başlıca məqsəd daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilik və prosedurlar barədə vətəndaşları maarifləndirmək və göstərilən xidmətləri daha da sadələşdirməkdir. Mobil ofis xidmətindən bu günə qədər 200 mindən artıq vətəndaş faydalanmışdır.
Komitə tərəfindən ilk dəfə olaraq “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə torpaq payı almaq hüququna malik olan, ancaq bu hüquqdan yararlana bilməyən şəxslərə pay torpaqları ayrılıb. Ayrılan torpaqlara isə çıxarışlar verilib. Xaçmaz rayonun Müqtədir qəsəbəsində torpaq payı almış vətəndaşlara mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim edilib.
Əmlak Məsələlər Dövlət Komitəsi tərəfindən daşınmaz əmlak idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı sahəsində müasir çağırışlara əsaslanan yeni mexanizmlər tətbiq olunur. Bunlardan biri daşınmaz əmlakın qeydiyyatının səmərəsinin və əhaliyə verdiyi faydanın artırılması məqsədilə tətbiq olunan qabaqcadan qeydiyyat mexanizmidir. Qabaqcadan qeydiyyat - əmlakın tikintisinin hələ başa çatmadığı halda, müvafiq sənədlər əsasında həmin tikilinin qeydiyyata alınmasıdır. Qabaqcadan qeydiyyat vasitəsilə inşa edilmiş çoxmərtəbəli binada yerləşən bir mənzil və ya qeyri-yaşayış sahəsi artıq bir neçə şəxsə satılmır. Eyni zamanda qabaqcadan qeydiyyat mənzilin əldə edilməsi üçün vətəndaşın mənzil tikinti şirkətlərinə ödədiyi məbləğlə bağlı rəsmi hesablaşmaların aparılmasını təmin edir, bu sahədə vergidən yayınmaq üçün edilən - evin məbləğinin bilərəkdən az göstərilməsi kimi hallar aradan qaldırılır. Bundan başqa mexanizm tətbiqi vətəndaşlara ipoteka ilə mənzil sahibi olmaq imkanı yaradır.
Daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurların sadələşməsi istiqamətində də işlər aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışın verilmə müddəti 10 iş gününə endirilib. İpoteka qeydiyyatı 3-5 gün ərzində həyata keçirilir.
Daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflıq və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə Komitə tərəfindən Əmlakın Qeydiyyatı Kalkulyatoru istifadəyə verilib. Əmlakın qeydiyyatı kalkulyatoru” sayəsində vətəndaşlar onlara məxsus daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala bilirlər. Bura mənzilin, fərdi evin, torpaq sahələrinin qeydiyyatı ilə bağlı çıxarışın alınması, texniki pasportun əldə edilməsi, əmlakla bağlı sadə və məhdudlaşdırıcı arayışlar, əmlakın qabaqcadan qeydiyyatı, yüklülükdən azad etmə, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi xidmətləri aiddir. Bu isə öz növbəsində daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində göstərilən xidmətlərin daha da sadələşməsi deməkdir. Vətəndaşlar sənədləşdirmə üçün zəruri rüsum və xidmət haqqını öncədən öyrənməklə vaxtlarına qənaət edəcək. Məbləğin əvvəlcədən dəqiq bilinməsi istifadəçilərə özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir. Bu yenilik vətəndaşa rahat və operativ qaydada əmlakına çıxarış almağa, habelə əmlakla bağlı digər hüquqi əməliyyatları aparmağa daha rasional imkanlar yaradır. Qısa müddətdə kalkulyatordan istifadə edənlərin sayı 20 minə yaxın olub.
Qeyd edilməlidir ki, ümumilikdə 2017-ci il ərzində ölkə üzrə 93 min 302 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış, bu göstəricinin 28 min 348-i ilkin, 64 min 954-ü isə təkrar qeydiyyata aid olmuşdur.
Daşınmaz əmlakın qeydiyyatı sisteminə, qeydiyyatda müddət və rüsumların optimallığına görə Azərbaycan dünyada da qabaqcıl ölkələr sırasındadır. Bunu “Doing Business” reytinqləri də təsdiq edir. Doing Business hesabatında Azərbaycan Respublikası daşınmaz əmlakın qeydiyyatı üzrə 190 ölkə arasında 82.52 bal toplayaraq 22-ci yeri tutmuşdur.