İnvestorları cəlb edəcək 196 əmlak özəlləşdirməyə çıxarılır
Hərraca çıxarılan səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 69 min manatla 850 min manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olanı “Sabirabad Mexanikləşdirmə“ Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən səhmdar cəmiyyətinin səhminin 30%-i 128 min manata yaxındır. Bundan başqa “Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyəti də qiymətinə görə digərlərindən fərqlənir. Həmin səhmdar cəmiyyətinin səhminin 30 %-i 126 min manata yaxın təklif olunur.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələri aiddir. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Mingəçevir, Sumqayıt şəhərində, habelə Abşeron, Şəmkir, Xaçmaz və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 13 kv.m ilə 2100 kv.m arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən kiçik dövlət müəssisəsi paytaxtın Suraxanı rayonunda yerləşən 42 saylı mağazadır. Adı çəkilən əmlak 400 min manata təklif edilir. Ümumi faydalı sahəsi 1712 kv.m təşkil edir. Bakının Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq 216 min manat, Qusar rayonunda yerləşən Kərpic sexi isə 210 min manat olmaqla qiyməti ilə seçilənlər sırasındadır.
Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 12-si respublikanın digər şəhər və rayonlarında, qalanları isə paytaxtda yerləşir.
Qeyd edilməlidir ki, bəzi əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilir. Bunlara paytaxtın Qaradağ rayonunda yerləşən dülgər emalatxanasını, Astarada olan 45 saylı mehmanxananı, Xaçmazda yerləşən 8 saylı yanacaqdoldurma məntəqəsini nümunə kimi göstərmək olar.
Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, Komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır. Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbuat orqanı olan «Mülkiyyət» qəzetində də dərc edilir.
Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.