Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Şəmkirdə vətəndaş qəbulu keçirib
Komitə sədri qəbulda diqqətə çatdırıb ki, daşınmaz əmlakın və torpaq sahələrinin, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqların dövlət qeydiyyatı daha rahat və çevik qaydada aparılır. Komitənin həyata keçirdiyi yeniliklərin tətbiqindən sonra bütün bu işlər daha da sadələşib və operativ olub. Qeyd olunub ki, dövlət başçısının tapşırığına uyğun olaraq əlçatanlığı və vətəndaş məmnunluğunu təmin etmək üçün qeydiyyat xidmətləri vətəndaşların ünvanına çatdırılır. Şəhər və rayonlarda, habelə ucqar bölgələrdə sosial kampaniyalar təşkil edilir. Bu kampaniyalar çərçivəsində vətəndaşların torpaq sahələri, o cümlədən pay torpaqlarına dair çıxarışlar təqdim olunur. Vətəndaşlar üçün geniş hüquqi məsləhət xidmətləri göstərilir.
Qəbul zamanı vətəndaşlara bildirilib ki, ölkə üzrə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin Yaradılması işi müvəffəqiyyətlə icra olunur. Ötən dövrdə respublikanın 12 rayonunda elektron kadastr uçotu işləri yekunlaşmışdır. Layihə çərçivəsində 870 min hektardan çox ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı, 700 min hektara yaxın ərazidə çöl geobotaniki tədqiqat işləri aparılmışdır.
Qeyd olunub ki, Respublikada iri təsərrüfatların yaradılması məqsədilə aidiyyəti orqanlarla birlikdə 18 rayonun inzibati ərazilərindən yeni əkin dövriyyəsinə cəlb ediləcək 150 min hektara yaxın torpaq massivlərinin və bir sıra rayonlarda yeni suvarılacaq ərazilərin kadastr xəritələri hazırlanmışdır.
Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi tədbirlərindən söz açan komitə sədri Azərbaycanda özəlləşdirmə prosesinin sürətləndirilməsində mühüm yeniliklərin və müasir yanaşmaların tətbiqini vurğulayıb. Daha səmərəli, operativ və şəffaf özəlləşdirmə prosesinin həyata keçirilməsi, özəlləşdirmənin elektron vasitələrlə geniş ictimaiyyətə çatdırılması məqsədilə komitə tərəfindən əhəmiyyətli addımların atıldığı, yeni “Elektron hərrac” xidmətinin yaradıldığı və investorların, vətəndaşların və maraqlı tərəflərin istifadəsinə verildiyi diqqətə çatdırılıb. “Elektron hərrac” xidməti hal hazırda nəqliyyat vasitələrinin və avadanlıqların elektron hərrac vasitəsilə özəlləşdirilməsi prosedurunu özündə birləşdirir. Vurğulanıb ki, gələcəkdə isə bu prosesin əhatə dairəsi genişləndirilərək kiçik dövlət müəssisə və obyektləri, səhmdar cəmiyyətlərinin də elektron hərrac vasitəsilə özəlləşdirilməsini mümkün edəcək.
Qəbulda iştirak edən vətəndaşlar göstərilən xidmətlərdən razılıqlarını və komitə sədrinə təşəkkürlərini bildiriblər. Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib.
Qəbulun yekununda vətəndaşların nəzərinə çatdırılıb ki, komitənin həyata keçirdiyi sosial, innovativ layihələrin əsas məqsədi vətəndaşların xidmətlərdən istifadə prosesində rahatlığın və operativliyin təmin edilməsi, vətəndaşın rifahının yüksəldilməsinə istiqamətlənib.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən respublika üzrə belə vətəndaş qəbullarının keçirilməsi qarşıdakı aylarda da davam etdiriləcəkdir.