Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Özəlləşdirmə: yeni yanaşmalar və imkanlar” mövzusunda regional forum keçirilib
Əvvəlcə özəlləşdirmə prosesini əhatə edən qısa film nümayiş olunub. Filmdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət əmlakının özəlləşdirilməsi prosesini, Möhtərəm Prezident İlham Əliyevin son dövrlərdə imzaladığı və özəlləşdirmənin sürətlənməsini təmin edən fərman və sərəncamların mahiyyətini əks etdirən kadrlar, hazırda özəlləşdirmə prosesində olan müəssisələr və sahibkarlar üçün maraq kəsb edən digər məlumatlar yer alıb.
Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri Azər Bəşirov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin iqtisadi gücünün artırılması məqsədilə müxtəlif sahələrdə mühüm islahatlar həyata keçirilir. Möhtərəm Prezident bu islahatların tərkib hissəsi olan dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi istiqamətində də mühüm tapşırıqlar verib. Ölkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək məqsədi ilə özəlləşdirmənin sürətləndirilməsi mühüm istiqamət kimi müəyyən edilib. Ölkə başçısı cənab İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” imzaladığı Fərmanına əsasən müasir çağırışlara uyğun yeni yanaşmalar tətbiq etməklə özəlləşdirilmənin sürətləndirilməsi, prosedurların elektronlaşdırılması, bu sahədə şəffaflığın, operativliyin təmin olunması prioritet məsələ kimi müəyyən edilib. Eyni zamanda Fərmanda regionlardakı rəqabətqabiliyyətli müəssisələrin özəlləşdirilməsi, onların fəaliyyətinin yenidən bərpası, investorların prosesə cəlb edilməsi, onların özəlləşdirməyə çıxarılan müəssisələr barəsində məlumatlandırılması məsələləri də öz əksini tapır. Əmlak Məsələləri Dövlət Komitəsi də sahibkarların prosesə cəlb edilməsi istiqamətində mühüm işlər görür. Bu yaxınlarda Komitə ilə Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında imzalanan memoranduma əsasən birgə əməkdaşlıq da müəssisələrin özəlləşdirilməsinin sürətlənməsinə yönəlib. Məhz “Özəlləşdirmə: yeni yanaşmalar və imkanlar” mövzusundakı forum da bu istiqamətdə həyata keçirilən tədbirlərdəndir.
Qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsində şəffaflığın və məlumatlandırmanın təmin edilməsi, həmçinin müvafiq prosedurların sadələşdirilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirir. Hazırda modern üsullar, innovativ layihələr tətbiq etməklə özəlləşdirmə prosesinin yeni mərhələsi başlanılıb. Özəlləşdirmənin hazırkı dövründə tətbiq olunan müasir üsullar prosesin daha da sürətlənməsinə, bu sahədə modern və çevik idarəetmənin təmin edilməsinə, operativlik və şəffaflığın artmasına şərait yaradıb. Qeyd edilməlidir ki, Komitə ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanan əməkdaşlıq memorandumu da bu sahədə yeni layihələrin, ideyaların, startapların tətbiqinə imkan verəcək.
Vurğulanıb ki, dövlət mülkiyyətində olan dövrlə müqayisədə, özəlləşdirilmiş müəssisələrdə istehsalın həcmi 1,5 milyard manat artıb, çoxlu çeşiddə rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı təşkil edilib. Bildirilib ki, ölkə başçısının 19 iyul 2016-cı il tarixli Fərmanına əsasən orta müddətli dövr ərzində dövlət mülkiyyyətində saxlanılacaq dövlət müəssisələrin siyahısı təsdiq edilib. Onların tabeliyindəki qeyri-profil, habelə həmin siyahıya daxil olmayan dövlət müəssisə və obyektləri özəlləşdirməyə açıq elan olunub. Bundan başqa müvafiq siyahıda adı çəkilməyən 300-dən artıq yeni müəssisələr də özəlləşdirməyə açıq elan edilib. Hazırda Komitə tərəfindən həmin müəssisələrin özəlləşdirməyə çıxarılması istiqamətində işlər görülür, yaxın aylarda onların özəlləşdirilməsi barədə elan veriləcək.
Diqqətə çatdırılıb ki, hazırki mərhələdə özəlləşdirilən dövlət əmlakı müstəqil qiymətləndiricilər cəlb olunmaqla bazar prinsipləri əsasında qiymətləndirilir və açıq hərraclar vasitəsi ilə özəlləşdirməyə yönləndirilir. Yeni yanaşmalara uyğun olaraq 40-a yaxın hərrac keçirilib. 1110-dən artıq dövlət əmlakı satışa çıxarılıb. Özəlləşdirmə portalı vasitəsilə həmin əmlaklar barəsində məlumatlar təqdim olunur. Artıq portaldan istifadə edənlərin sayı 700 mini örtüb.
Bildirilib ki, bundan sonra özəlləşdirilən istehsal təyinatlı müəssisələr, əsasən investisiya müsabiqələri vasitəsilə özəlləşdiriləcək. Bu zaman isə potensial alıcılardan İnvestisiya proqramının icra olunması tələb olunacaq.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev forumda bildirib ki, son dövrlər ölkədə eləcə də Gəncə şəhərində investor kütləsinin formalaşması, əcnəbi və yerli sahibkarlar tərəfindən müəssisələrə yatırılan kapitalın artımı özəlləşmə prosesinin sürətlənməsinin əyani göstəricisidir. Qeyd edilib ki, investorların cəlb edilməsi, bu sahənin daha da inkişafı üçün Gəncədə geniş imkanlar mövcuddur.
Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bütün bölgələrimizdə investisiya yatırımları üçün münbit şəraitin olduğunu, hazırda özəlləşmə prosesinə sahibkarların marağının artdığını vurğulayıb. Bildirib ki, özəlləşdirmə ilə bağlı keçirilən hərraclar prosesin sürətlənməsinə şərait yaradıb. Açıq və şəffaf keçirilən hərraclar investorların özəlləşdirilməyə çıxarılan əmlaklara əlçatanlığını artırıb. Sahibkarları özəlləşdirmədə iştirakla bağlı fəallığı artırmağa dəvət edib.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Özəlləşdirmə: yeni yanaşmalar və imkanlar” mövzusunda təqdimatla çıxış edilib. Təqdimat özəlləşdirmə prosesində tətbiq olunan yeni innovtiv üsullara, hərrac və müsabiqələrdə iştirak qaydalarına, özəlləşdirməyə çıxarılacaq müəssisələrə həsr olunub. Qeyd edilib ki, investorların özəlləşdirmə prosesində iştirakının artırılması ilə əlaqədar Komitə tərəfindən açıq və şəffaf hərraclar keçirilir. Bildirilib ki, istənilən şəxs, iş adamları elektron qaydada sifariş verməklə hərraclarda əmlak sahibi ola bilərlər. Komitə bu sahənin texnoloji cəhətdən modernləşməsinə də xüsusi önəm verir.
Təqdimatda Gəncə-Qazax və Aran iqtisadi rayonlarında özəlləşdirilməsi nəzərdə tutulan 50-ə yaxın müəssisələrin iqtisadi, texniki və digər göstəriciləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, bunlardan 18-i Gəncədə, 7-si Yevlaxda, 6-sı Mingəçevirdə, 5-i Şəmkirdə qalanları isə regionun digər bölgələrində yerləşir. Qeyd edilib ki, belə müəssisələr sənaye, kənd təsərrüfatı, xidmət və digər iqtisadi sahələrə aiddir.
Forumda özəlləşdirmə prosesində daha bir yenilik olan dövlətə məxsus daşınar əmlakların özəlləşdirilməsini həyata keçirən elektron hərrac barədə məlumat verilib. Qeyd edilib ki, Elektron hərrac vasitəsilə ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilirlər. Komitə tərəfindən həyata keçirilən bu kimi innovativ layihələr ölkəyə daha çox investorların cəlb edilməsinə, özəlləşmə prosesində əlçatanlığın artmasına, investisiya mühitinin formalaşmasına istiqamətlənib.
Sonda özəlləşdirmə prosesi ilə bağlı sahibkarları maraqlandıran çoxsaylı suallar komitə nümayəndələri tərəfindən cavablandırılıb. Onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən belə tədbirlər gələcəkdə digər iqtisadi rayonlarda da keçiriləcək. Sahibkarların özəlləşdirmə prosesinə cəlb edilməsi ilə bağlı görülən işlər davam etdiriləcək.