Əmlak Məsələləri Dövlət Komitəsinin qaynar xətləri vahid çağrı mərkəzinə birləşdirilib
Ən son texnologiyalar əsasında hazırlanan vahid çağrı mərkəzi mükəmməl proqram təminatı vasitəsilə fəaliyyət göstərir. Vahid çağrı mərkəzinin fiziki və texniki imkanları artırılıb. Beləki, gənc və ixtisaslı kadrlar işə cəlb edilib. Bu isə bir neçə vətəndaşın müxtəlif suallarının eyni anda cavablandırılmasına şərait yaradır.
Vahid çağrı mərkəzinin yaradılmasında məqsəd vətəndaş müraciətlərinin çevik cavablandırılmasının, operativ araşdırılmasının və bu işlərin daha rasional aparılmasının təmin edilməsidir.
Qeyd edilməlidir ki, əvvəllər Komitənin yanında faəliyyət göstərən bütün qurumların hər birinin ayrılıqda çağrı mərkəzləri mövcud idi. Bu isə vətəndaşlarda müraciət edən zaman vaxt itkisinə səbəb olurdu. Ancaq vahid 193 saylı çağrı mərkəzinin yaradılmaqla vətəndaşlar həm vaxtlarına qənaət edirlər həm də daha tez suallarına cavab tapa bilirlər.
Çağrı mərkəzi müraciətlərin qəbulunu və cavablandırılmasını ödənişsiz həyata keçirilir. Komitənin səlahiyyətlərinə aid olan suallar daxil olduqda çağrı mərkəzi onları birbaşa və ya müraciət vərəqəsi tərtib edərək araşdırdıqdan sonra cavablandırır. Cavab sorğuçunu qane etmədikdə, operator tərəfindən ona müvafiq qanuna uyğun olaraq yazılı şəkildə Komitəyə müraciət etməsi təklif olunur. Çağrı mərkəzinə şikayət daxil olduqda isə onlar qeydiyyata alınaraq cavablandırılması üçün aidiyyatı struktur vahidinə göndərilir. Həmin struktur, şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec olmayaraq cavablandırılmasını təmin edir.
Çağrı mərkəzi canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri saaat 9.00-dan 18.00-dək həyata keçirilir. Səsli menyu rejimi isə iş vaxtından sonrakı vaxtlarda, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir.
Vahid çağrı mərkəzi vasitəsilə vətəndaşlara daşınmaz əmlakla bağlı hüquqi yardımlar göstərilir. Bundan başqa onlar 193 saylı qaynar xəttinə zəng etməklə dövlət reyestrindən çıxarışın alınması, texniki pasportun hazırlanması, ipoteka, lizinq və digər hüquqi əməliyyatların qeydiyyatı ilə bağlı elektron xidmətlər haqqında da məsləhət ala bilərlər.
Qeyd edilməlidir ki, müraciətlər zamanı daha çox qeydiyyatla bağlı xidmət haqqı və rüsumlar, daşınmaz əmlak barədə yüklülük, məhdudiyyət arayışları, ümumi mülkiyyətin bölünməsi, alqı-satqı müqavilələri, vərəsəlik əsasında mülkiyyət hüququnun tanınması və digər özəl mülkiyyət məsələləri ilə bağlı suallar verilir.