Mobil ofislərdə göstərilən xidmətlərə daşınmaz əmlakın qeydiyyatı üçün sənədlərin qəbulu, həmin sənədlərin qanunauyğunluğunun yerindəcə yoxlanılması, növbəti prosedurlar barədə ətraflı məlumatın çatdırılması və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara zəruri hüquqi məsləhətlərin verilməsi aiddir. Vətəndaşlar təyin olunmuş xüsusi nəqliyyat vasitəsində zəruri sənədləri xüsusi nümayəndəyə təqdim edir. Nümayəndə sənədləri yoxlamaqla, müvafiq istiqamət və məsləhətləri verməklə vətəndaşa yerindəcə xidmət göstərir. 
Eyni zamanda, komitənin mobil ofisləri vasitəsilə daşınmaz əmlakın qeydiyyatı prosesində texniki məsələlərin həlli, yerində baxış və mühəndislik işlərinin həyata keçirilməsi, daşınmaz əmlakın müayinəsi, ərazilərdə əmlakların texniki plan-ölçüləri və çöl-ölçmə işlərinin aparılması həyata keçirilir. Bütün bunlar daşınmaz əmlakın qeydiyyatının daha çevik, sürətli və vaxta qənaət etməklə təmin olunmasına səbəb olmaqdadır. 
Qeyd edək ki, daxil olan müraciətlər əsasında indiyədək Bakı, Sumqayıt, Gəncə,  Mingəçevir və Yevlax şəhərləri, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy, Ağdaş, Qax, Balakən, Ağstafa, Qazax rayonlarında, həmçinin bu şəhər və rayonların mərkəzdən uzaq kənd və qəsəbələrində mobil ofislər vasitəsilə 1600-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib.