Akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olunmuş “Azərbaycanda torpaq idarəçiliyində kadastr və coğrafi informasiya məlumatlarından istifadənin elmi əsasları” mövzusunda elmi-praktiki seminar keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov isə giriş nitqində bildirib ki, Azərbaycanda torpaqların elmi əsaslarla idarə edilməsi sahəsində, torpaqlardan səmərəli istifadə edilməsində, bu sahəsinin formalaşmasında akademik Həsən Əliyevin müstəsna xidmətləri olub.
Komitə sədri bildirib ki, ölkəmizdə bu gün elmi əsaslardan istifadə olunmaqla bütün sahələrdə yüksək nəaliyyətlər əldə edilir. Əmlak Məsələləri Dövlət Komitəsi də torpaq ehtiyatlarının idarə edilməsində, onların mühafizəsində, kəmiyyət və keyfiyyət göstəricilərinin artırılmasında elmi əsaslara istinad edir, kadastr uçot işlərinin aparılması, Ünvan Reyestri İnformasiya Sisteminin yaradılması ilə bağlı elmi texniki tərəqqinin nəaliyyətlərinə olduqca geniş yer ayırır. Bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə xüsusi önəm verir. Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi nailiyyətlərindən bəhrələnir.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə mülkiyyət münasibətlərinin yeni iqtisadi prinsiplərə əsasən tənzimlənməsi, o cümlədən torpaq ehtiyatlarının dövlət idarəetməsinin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülüb, mühüm islahatlar həyata keçirilib. Torpaqların dəqiq uçotu, torpaq idarəçiliyi və inzibatçılığında yeni çağırışların və müasir yanaşmaların tətbiqi ilə bağlı Fərman və tapşırıqlar verilib. Belə ki, Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı il 7 mart tarixli fərmanı ilə Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları təsdiq edilmişdir. Məqsəd ölkədə daşınmaz əmlakın kadastrı sisteminin inkişafına, torpaq ehtiyatlarının dövlət idarəetməsinin təkmilləşdirilməsinə nail olmaqdır. Eyni zamanda, mülkiyyət növündən və təyinatından asılı olmayaraq torpaqların kadastr uçotunun aparılması da əsas vəzifələrdəndir.
Əmlak Məsələləri Dövlət Komitəsi də bu tapşırıqların icrası məqsədilə ardıcıl olaraq genişmiqyaslı tədbirlər həyata keçirir. Belə ki, hazırda təyinatından və mülkiyyət növündən asılı olmayaraq, ölkə ərazisindəki bütün torpaqlar elektron kadastr uçotuna alınaraq Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılır. Bu sistemin məlumatlarına istinad etməklə torpaqla bağlı əsassız istifadə hallarının qarşısının alınmasına, torpaq ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsinə dair qərarlar qəbul edilir. Müasir bələdiyyə və relyef xəritələrinin hazırlanmasına nail olunur. Layihə çərçivəsində elektron kadastr informasiya sisteminin yaradılması ilə torpaqların sənədlərdəki kadastr göstəriciləri ilə faktiki istifadə vəziyyətinə dair göstəricilər arasındakı uyğunsuzluqları aradan qaldırılır və çoxsaylı torpaq mübahisələrinə son qoyulur.
Torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti əsasında əldə olunan kosmik imkanlardan - süni peyklərin məlumatlarından istifadə olunur. Bundan başqa daşınmaz əmlak idarəçiliyində Azərbaycanda ilk dəfə AZPOS sistemləri şəbəbəkəsi qurulub. Ölkə ərazisi üzrə 37 ədəd daimi geodeziya stansiyaları fəaliyyət göstərir.
Bildirilib ki, Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib. Ölkənin 4 milyon hektardan çox ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması və relyef xəritələrinin hazırlanması işi artıq yekunlaşıb. Bu materiallara əsasən ölkənin 51 rayonunun müxtəlif qradasiyalı meyllik xəritələri tərtib edilib və onların 3D formatda relyef xəritələri qurulub. Komitənin kadastr fəaliyyəti ilə bağlı hədəfi 2020-ci ilədək ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu sistemini yaratmaqdan ibarətdir.
Vurğulanıb ki, torpaqların keyfiyyət göstəricilərinin, münbitliyinin artırılması, əkin işləri zamanı səmərəliliyin maksimum səviyyəyə çatdırılmasına nail olmaq üçün Komitənin müasir tələblərə uyğun, modern cihaz və avadanlıqlarla təchiz olunmuş stasional və səyyar mobil laboratoriyaları fəaliyyət göstərir. Torpaq və Bitki Laboratoriyasında analizlər nəticəsində torpaqların və yem bitkilərinin keyfiyyətləri ilə bağlı bir çox məlumatlar əldə edilir.
Tədbir çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə birgə torpaq ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı ərazilərinin planlaşdırılması sahəsində əməkdaşlıq barəsində memorandum imzalayıb. Məqsəd isə Komitənin funksional fəaliyyətlərində elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin tətbiqinə nail olmaqdır. Memoranduma əsasən daşınmaz əmlak kadastrı, coğrafiya elminin qarşılıqlı maraq doğuran sahələrində innovasiyaların tətbiqi, kadr hazırlığı istiqamətində birgə işlər görüləcək. Təqdim olunan layihələrin birgə elmi-metodiki ekspertizası aparılacaq.
Daha sonra tədbirdə təqdimatlar və çıxışlar olub. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev Azərbaycanda torpaq idarəçiliyində kadastr məlumatlarından istifadənin elmi-praktiki əsasları istiqamətində təqdimatla çıxış edib. AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov akademik Həsən Əliyevin həyat və yaradıcılığından danışıb. Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat idarəetmə Mərkəzinin direktoru Anar Nərimanov Azərbaycanda torpaq idarəçiliyi məqsədləri üçün metaməlumatların toplanması və idarə edilməsində CİS-in tətbiqi istiqamətində təqdimatla çıxış edib. Tədbir alimlərin, elmi işçilərin Abşeronda əhalinin cəmlənməsi və torpaqlardan istifadə problemləri, Azərbaycanın aqroiqlim ehtiyatlarından torpaq idarəçiliyində istifadə imkanları mövusunda çıxışları ilə sonlanıb.