Kəndlinin işini yüngülləşdirən daha bir addım: Daşınmaz əmlaklarına dair çıxarışlar birbaşa ünvanlarda verilib
Budəfəki “Kütləvi çıxarış” kampaniyası 9 iyun tarixində Şəmkir rayonunun bir neçə kəndində keçirilib. Keçirilən kampaniya nəticəsində 50-ə yaxın rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Kampaniya çərçivəsində mobil ofislərə müraciət edən 40-dan çox sakindən isə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib. Sakinlər sənədləşdirmənin belə sürətli və rahat şəkildə olmasından, xidmətlərin onların ünvanına çatdırılmasından və göstərilən müxtəlif növ qeydiyyat xidmətlərindən razılıqlarını ifadə ediblər.
Qeyd edilməlidir ki, əmlakın ilkin qeydiyyatı, yəni ilk dəfə sənədləşdirilməsi zamanı çöl-ölçmə işinin aparılması tələb olunur. “Kütləvi çıxarış” kampaniyasında isə işlər elə təşkil edilib ki, ilkin qeydiyyat üçün sənədlər qəbul edilərkən, sakinlərin istəklərinə uyğun ilkin qeydiyyat üçün birbaşa olaraq çöl-ölçmə işləri də aparılır. Bununla da qeydiyyat prosesində vaxt itkisi tamamilə aradan qaldırılır. Məhz bu kampaniya çərçivəsində də bir sıra sakinin əmlaklarının texniki parametrlərinin müəyyən edilməsi və texniki sənədlərinin hazırlanması məqsədilə tədbirlər görülür.
“Kütləvi çıxarış” kampaniyası təkcə sənədlərin qəbulu və çıxarışların paylanmasını nəzərdə tutmur. Kampaniya zamanı müraciət edən və sənədlərində hər hansı çatışmazlıq olan vətəndaşlara bilavasitə yerlərdə hüquqi xidmətlər göstərilir. Bundan başqa bütün hallarda vətəndaşlara əmlakın qeydiyyatının faydaları, üstünlükləri, rahatlıqları barədə məlumatlar verilir.
Kampaniyanın müntəzəm keçirilməsi hüquqi qeydiyyatlı əmlakların sayının artmasına, paytaxtla yanaşı regionlarda da leqal əmlak dövriyyəsinin və daşınmaz əmlak bazarının aktivləşməsinə gətirib çıxarır. Əmlakdan girov, ipoteka və digər əməliyyatlarda, eləcə də gəlir məqsədli müxtəlif proseslərdə istifadə oluna bilər. Kampaniya sayəsində əmlaklar rahat şəkildə hüquqi mane olmadan alqı-satqı edillir.
“Kütləvi çıxarış” kampaniyası ilə yanaşı respublikanın hər bir bölgəsində komitənin xüsusi nəqliyyat vasitələri ilə vətəndaşlara fərdi qaydada gündəlik olaraq mobil ofis xidmətləri də göstərilir. Bu kampaniyalar çərçivəsində vətəndaşlara fərdi qaydada çıxarışların təqdim olunması, ilkin sənədlərin qəbulu həyata keçirilir. Məlumat üçün bildirək ki, bu il ərzində mobil ofis vasitəsilə 20 minə yaxın vətəndaşa qeydiyyat və bir sıra xidmətlər göstərilib.
Qeyd edilməlidir ki, Komitənin göstərdiyi xidmətlərdə “bir pəncərə” prinsipini tətbiq etməklə də rahatlıq və operativlik təmin edilir. “Bir pəncərə” prinsipi sayəsində bələdiyyələr, vətəndaşlar, fiziki və hüquqi şəxslər onlara məxsus daşınmaz əmlakı və torpaq sahələrini yalnız bir ünvanda – komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində qeydiyyata aldıra bilirlər.
Komitə tərəfindən cari il ərzində 12 “Kütləvi çıxarış” kampaniyası keçirilib. Bunlardan 2-si paytaxtda 10-u isə regionlarda baş tutub. “Kütləvi çıxarış” kampaniyasının 4-ü bilavasitə iş yerlərində təşkil olunub. Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi sosial addım olaraq torpaq islahatları çərçivəsində ayrılan pay torpaqlarına çıxarışların verilməsi istiqamətində də işlərini genişləndirir. Beləki, Xaçmaz rayonun Müqtədir qəsəbəsində torpaq payı almış vətəndaşlara mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim edilib.
Bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.