İstənilən vətəndaş, iş adamı elektron imzadan istifadə edərək Əmlak Məsələləri Dövlət komitəsinin Elektron Xidmətlər portalından (e-emdk.gov) və ya Elektron Hökumət Portalından (e-gov.az ) qeydiyyatdan keçə bilər. Qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Hərraclarda iştirak etmək üçün sifariş vermək də elektron qaydada həyata keçirilir

Elektron Hərrac proqramına daxil olmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin saytında yerləşdirilmiş «Elektron  Hərrac» bölməsinə keçid etmək lazımdır. Həmin bölmədə verilən xanaları doldurmaqla İştirak qaydadaları ilə tanış olmaq mümkündür. İştirak qaydaları ilə tanış olduqdan sonra İstifadəçinin sifariş verdiyi lotların siyahısı (Şəxsi kabinet) göstərilir. Bu şəxsi kabinetdə Administrator tərəfindən bütün istifadəçilərə real rejimdə mesajların göndərilməsi təmin edilir. Belə ki, saytın administratorları tərəfindən hərrac iştirakçılarına hərracların başlanması haqqında məlumat verilir. Hərrac başladıqdan sonra ilk beş dəqiqə ərzində heç bir iştirakçı tərəfindən təklif verilməsə, əlavə olunan bir dəqiqə ərzində bu vəziyyət yenə də təkrar olarsa hərrac dayandırılır, baş tutmamış sayılır. Hərrac rəqabətli keçdikdə isə iştirakçılar əmlakın ilkin satış qiymətindən əlavə təkliflər edirlər. Hər yeni təklif isə ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır. Ekranda bu barədə qırmızı şriftlə olan yazı iştirakçını xəbərdar edir. Hərracda ən yüksək qiymət təklif etmiş iştirakçı qalib elan edilir. Ekranda hərracın tarixi, əmlakın satılması barədə məlumat, satış qiyməti və qalib alıcının nömrəsi qeyd olunur. Elektron Hərracda udulmuş nəqliyyat vasitəsi müvafiq qurumlar tərəfindən Qalib alıcının adına rəsmiləşdirilir.

Elektron hərracın üstün cəhətlərindən biri də qeydiyyatdan keçmədən elektron hərracın gedişatının real rejimdə izlənilməsi imkanın olmasıdır. Komitənin həyata keçirdiyi bütün bu innovativ tədbirlərin başlıca məqsədi vətəndaşların minimum vaxt itkisi olmaqla, daha operativ qayda da, müasir texnoloji üstünlüklərdən istifadə etməklə xidmətlərdən yararlanmasını təmin etməkdir.