Mülkiyyətçi heç bir yerə getmədən rahat və çevik şəkildə sahibi olduğu daşınmaz əmlak barədə dövlət reyestrində qeydiyyata alınmış məlumatlarla tanış olacaq. Bu xidmətin istifadəyə verilməsi təkcə əhali üçün deyil, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar, və digər daşınmaz əmlak sahibləri üçün də xüsusilə faydalıdır. Elektron xidmətlər sayəsində mülkiyyət sahiblərinin əvvəllər daşınmaz əmlakla bağlı hüquqi əməliyyatlara sərf etdikləri vaxta hazırda böyük qənaət olunacaq, vətəndaş-məmur ünsiyyəti azalacaq, qeydiyyat sahəsində şəffaflıq daha yüksək səviyyədə təmin ediləcək. Eyni zamanda, yeni xidmətlər daşınmaz əmlak bazarının aktivliyini təmin edəcək, alqı-satqı proseslərini stimullaşdıracaq. 
Sədr müavini qeyd edib ki, komitə 2012-ci ildən başlayaraq elektron xidmətlərin tətbiqinə başlayıb. Ötən il elektron xidmətlərin sayı artırılıb. Hazırda 20 interaktiv, 2 informativ olmaqla 22 elektron xidmət vətəndaşların və əmlak sahiblərinin istifadəsindədir. Təqdim edilən elektron xidmətlər vətəndaşlarla komitənin qurumları arasında şəffaf və maneəsiz əlaqə yaradılması, vətəndaşların müxtəlif istiqamətlər üzrə çevik elektron xidmətlər əldə etmələrinə şərait yaradır. İlin sonunadək elektron xidmətlərin sayının daha da artırılması nəzərdə tutulur. İl ərzində istifadəyə veriləcək digər yeni elektron xidmətlərə icarə haqqı borcları barədə məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi, daşınmaz əmlaka dair xidmət haqqı, mülkiyyətə dair çıxarışın hazır olma tarixi barədə məlumatın SMS vasitəsilə verilməsi, kadastr və texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və digər xidmətlər aid olacaq. İndiyədək elektron xidmətlər vasitəsilə 51600-dən çox elektron müraciət daxil olub. 
Qeyd olunub ki, Əmlak Məsələləri Dövlət Komitəsi bunlarla yanaşı, vətəndaşlara rahat və çevik xidmətlərin göstərilməsi məqsədilə onlayn xidmətlərin tətbiqini, mobil ofislərin təşkilini də həyata keçirir. Belə ki, artıq mart ayının 3-dən etibarən daşınmaz əmlaka dair yüklülük arayışları (Forma-1) notariuslar vasitəsilə onlayn şəkildə əldə olunur. İndiyədək onlayn xidmətlər vasitəsilə 16000 müraciət daxil olub. Xüsusi sosial təbəqədən olan insanlara mobil ofislər vasitəsilə ünvanlarda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər təşkil edilir. Daxil olan müraciətlər əsasında indiyədək Sumqayıt, Gəncə və Yevlax şəhərləri, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy rayonlarında mobil ofislər vasitəsilə 600-dən çox vətəndaşa qeydiyyat xidmətləri göstərilib. 
Tədbirdə yeni elektron xidmətlərlə bağlı prezentasiyalar olub. Yeni e-xidmətlərə daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi, icarə haqqı borcu barədə məlumatın verilməsi, daşınmaz əmlakla bağlı servitutun, uzufruktun dövlət qeydiyyatı və onun ləğvi, məhv olmuş daşınmaz əmlakın dövlət qeydiyyatının ləğvi aiddir. Bu xidmətlər barədə ətraflı məlumat verilib və onlardan istifadə qaydaları izah olunub. Qeyd olunub ki, daşınmaz əmlak obyekti barədə dövlət reyestrindən məlumatların verilməsi barədə elektron xidmətdən istifadə nəticəsində mülkiyyətçi əmlakının reyestr nömrəsi, tarixi, ünvanı, sahəsi, hüquq sahibləri barədə informasiyaları əldə edə biləcək. Yeni elektron xidmətlərin tətbiqi ilə dövlət əmlakının icarə əsasında istifadəçisi icarə haqqı borcunu yeni elektron xidmət vasitəsilə öyrənə biləcək, vətəndaşlar daşınmaz əmlakla bağlı servitut, uzufruktun qeydiyyatı və ləğvi, məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi əməliyyatlarını elektron qaydada həyata keçirə biləcəklər. 
Eyni zamanda tədbirdə qeyd olunub ki, bütün elektron xidmətlərin cəmləşdiyi komitənin elektron xidmətlər portalı fəaliyyət göstərir. Vətəndaşlar bu portala daxil olmaqla təqdim olunan interaktiv və informativ xidmətlərdən faydalana bilər. Belə ki, portalda dövlət reyestrindən çıxarışların verilməsi, səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik müəssisə və obyektlərin, yarımçıq tikililərin hərraclar vasitəsilə özəlləşdirilməsinə dair sifarişlərin qəbulu kimi interaktiv xidmətlər vətəndaşların istifadəsindədir. Həmçinin, portalda vətəndaşlar üçün daşınmaz əmlakın qeydiyyatı üzrə xidmət haqqı və müraciətin icra vəziyyətinin öyrənilməsi kimi informativ xidmətlərdən də  faydalanmaq imkanı yaradılıb. Bundan əlavə bildirilib ki, komitənin elektron xidmətlər portalında “rəy və təkliflər” bölməsi vardır ki, portalın istifadəçiləri orada öz rəylərini və təkliflərini qeyd edə bilərlər. 
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, verilən suallar cavablandırılıb.