TÜİB ötən ilin sonunda dövlət qeydiyyatından keçərək rəsmi fəaliyyətə başlayıb. O, öz ətrafına Türkiyə və Azərbaycandan olan iş adamlarını toplamaqla ölkə iqtisadiyyatının inkişafı, Türkiyə investorlarının Azərbaycana cəlb olunmasını qarşısına məqsəd qoyub. Hazırda TÜİB-ə 40-dan çox şirkət üzvdür və cari ilin sonuna qədər daha 40 investorun üzv qəbul olunması gözlənilir.

Nümayəndə heyətini səmimi salamladıqdan sonra Komitə sədri öz nitqində təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini, ölkəmizdə gerçəkləşən genişmiqyaslı islahatlar, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, daşınmaz əmlakın dövlət reyestrinin və vahid dövlət kadastrının, habelə ünvan reyestrinin aparılması, eləcə də dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkə üçün Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması sahələrinin ölkə üçün aktuallığını qeyd edib.

Daha sonra Komitə sədri Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən son dövrlərdə həyata keçirilən layihələr və Komitənin beynəlxalq əməkdaşlıq əlaqələri, habelə daşınmaz əmlak idarəçiliyi sahəsində ölkəmizin dünya səviyyəsində əldə etdiyi nailiyyətlərdən bəhs edib. Komitə sədri həmçinin qarşı tərəfi maraqlandıran suallara da aydınlıq gətirib, xarici dövlətləri təmsil edən, o cümlədən Türkiyədən olan potensial investorların Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesində fəal iştirakı üçün ölkədə münbit investisiya mühitinin olduğunu vurğulayıb.

İkitərəfli görüş səmimi dostluq və mehribanlıq şəraitində keçib.