Komitə sədrinin dərhal verdiyi tapşırıqlar nəticəsində bir sıra müraciətlər qəbul günü həllini tapıb. Bəzi vətəndaş müraciətləri araşdırma tələb etdiyi üçün qeydiyyata alınıb və nəticəsi barədə məlumat veriləcəyi vətəndaşlara bildirilib. Bir sıra müraciətlərin vətəndaşların iştirakı ilə araşdırılması məqsədilə komitə sədri tərəfindən tapşırıqlar verilib. Qəbulda iştirak edən hər kəsə onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri çatdırılıb.

Komitə sədri Kərəm Həsənov bildirib ki, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi məqsədilə aparılan elektron uçot sistemi işləri davam etdirilir. Belə ki, artıq 12 rayonda elektron kadastr uçotu işləri yekunlaşdırılmış, bələdiyyə xəritələrinin hazırlanmasına başlanılmışdır. 2017-ci ildə isə bütövlükdə 3 respublika tabeli  şəhərdə və 14 kənd rayonunda torpaqların elektron uçota alınması işi yekunlaşacağı planlaşdırılır. Ümumilikdə isə 53 rayon mərkəzi və ona bitişik şəhər və qəsəbələrdə  daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması işləri davam etdirilir. Kadastr uçotu işlərinin yekunlaşması nəticəsində pay torpaqlarının sənədlərdəki kadastr göstəriciləri ilə faktiki istifadə vəziyyətinə dair göstəricilər arasındakı uyğunsuzluqlar aradan qaldırılacaq. Habelə  torpaqların düzgün uçotuna, torpaqlardan elmi əsaslarla istifadəyə, o cümlədən, müasir bələdiyyə xəritələrinin hazırlanmasına nail olunacaq.

Qeyd olunub ki, komitə tərəfindən respublika ərazisində irimiqyaslı çöl-torpaq tədqiqatı işlərinin aparılması, torpaq analizlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində bir sıra innovativ tədbirlər həyata keçirilir. Tədbirlərin davamı olaraq torpaqların keyfiyyətinin daha optimal və operativ qaydada müəyyənləşdirilməsi məqsədilə Mobil laboratoriyalar istifadəyə verilib. Bu laboratoriyaların köməyi ilə fermerlər əkin sahələrinin yararlı olub olmamasını, hansı növ bitkilərin əkilməsinin daha optimal olduğunu əvvəlcədən öyrənə biləcəklər. Mobil laboratoriya vasitəsilə əldə olunan keyfiyyət göstəricilərinə görə fermerlər torpaqlarından səmərəli istifadə edəcək, gələcəkdə hansı aqrokimyəvi tədbirlərin görülməsinin zəruri olduğunu əvvəlcədən öyrənəcək, məhsuldarlığın artmasına və s. faydalı nəticələrə nail olacaqlar. Komitə sədri həmçinin torpaqların təyinatı ilə bağlı tələblərə riayət olunmasının vacibliyi, əks halda qanunvericiliklə müvafiq tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Qəbulun gedişatı zamanı vətəndaşlara məlumat olaraq bildirilib ki, sosial layihə olan «Kütləvi çıxarış» kampaniyası və mobil ofis xidmətləri komitənin qeydiyyat xidmətlərini bir başa ünvanlarda, iş yerlərində, əkin sahələrində, tarlalarda əhaliyə çatdıraraq onları daha rahat şəkildə çıxarış əldə etməsinə imkan yaradır.

Komitə sədri vətəndaşları dinləyərək bəzi müraciətlərin dərhal həlli üçün məsul qurum rəhbərlərinə tapşırıqlarını verib. Bildirilib ki, bütün müraciətlər müvafiq qanunvericiliyin müddəaları qorunmaqla tez həll olunmalı, vətəndaş məmnunluğu təmin edilməlidir. Əlçatanlıq və bilavasitə ünvanlarda mobil xidmətlər genişləndirilməli, vətəndaş rahatlığı üçün zəruri bütün işlər görülməlidir.

Qəbul zamanı komitə sədri Kərəm Həsənov müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yüksəldilməsi, hər bir vətəndaş müraciətinə  fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib. Sahə üzrə keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

Komitə sədri tərəfindən keçirilən belə vətəndaş qəbullarının qarşıdakı aylarda digər şəhər və rayonlarda da təşkili davam etdiriləcəkdir.