Həmin gün Beynəlxalq Konfranslar Mərkəzində BMT üzv dövlətlərinin əmlak idarəçiliyi, mənzil təsərrüfatı və təbii sərvətlər nazirlərinin görüşü öz işinə başlamışdı. Görüş iştirakçıları daşınmaz əmlakın idarəçiliyi sahəsində ölkələrinin əldə etdikləri nailiyyətlər, üzləşdikləri çətinliklər, eləcə də gələcək perspektivlər barədə fikir mübadiləsi apardılar. Tədbirdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov çıxış etdi. O, bütün sahələrdə olduğu kimi, Azərbaycan iqtisadiyyatının sürətli inkişafından, habelə daşınmaz əmlak idarəçiliyi sisteminin təkmilləşdirilməsi istiqamətində ölkədə həyata keçirilən zəruri tədbirlərdən danışdı. Tədbirin sonunda görüş iştirakçıları auditoriyanın suallarını cavablandırdılar.  

BMT AİK-in Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarə Edilməsi Komitəsinin iclası keçirilən ərəfədə – 5-9 may tarixlərində “Geoməkan Media və Kommunikasiyalar” beynəlxalq qurumu BMT AİK Katibliyi ilə birgə Geoməkan Dünya Forumu təşkil etmişdi. Forum zamanı geoməkan sənayesi, geomühəndislik, daşınmaz əmlak idarəçiliyi və məkan ölçmə-monitorinq texnologiyalarının ən müasir cihaş, avadanlıq və xidmət məhsulları nümayiş etdirilən sərgi təşkil edilmişdi. Sərgidə “Trimble”, “Topcon”, “DigitalGlobe”, “Hexagon”, “Oracle”, “Esri”, “JRC”, “Urisa”, “OGC” və digər dünya şöhrətli beynəlxalq qurumların məhsulları nümayiş etdirilirdi.

 Forum çərçivəsində, 8 may tarixində “İntellektual şəhərlər üçün daşınmaz əmlak informasiya sistemləri” mövzusunda beynəlxalq konfrans öz işinə başladı. Konfransı giriş sözü ilə “Geoməkan Media və Kommunikasiyalar” qurumunun idarəedici redaktoru professor Arup Dasqupta açdı. O, “intellektual şəhər” (və ya “ağıllı şəhər”) anlayışı barədə, habelə belə şəhərlərin qurulması, inkişaf etdirilməsi və idarə edilməsi zamanı mütərəqqi daşınmaz əmlak informasiya sistemlərinin vacib rolundan danışdı.

Konfransın açılış sessiyasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov çıxış etdi. O, öz nitqində ölkə rəhbərliyi tərəfindən yürüdülən uğurlu siyasət nəticəsində Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini, son 10 il ərzində ölkədə gerçəkləşən genişmiqyaslı islahatlar, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, daşınmaz əmlakın dövlət reyestrinin və vahid dövlət kadastrının, habelə ünvan reyestrinin aparılması, eləcə də dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkə üçün Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması sahələrinin ölkə üçün aktuallığını qeyd etdi. Açılış sessiyasında həmçinin BMT AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun sədri olan ƏMDK nümayəndəsi də çıxış etdi. Komitənin nümayəndəsi rəhbərlik etdiyi İşçi Qrupunun iş prinsiplərindən, habelə İşçi Qrupu tərəfindən AİK-in 56 üzv dövləti üçün hazırlanan “İntellektual Şəhərlərin Yaradılması Konsepsiyası”ndan danışdı. 

İki gün davam edən beynəlxalq konfransda dünyanın 89 ölkəsinin yüksəksəviyyəli dövlət təmsilçiləri, ictimai birlik və beynəlxalq təşkilatlar, habelə özəl sektor numayəndələri, elmi işçilər və media üzvləri iştirak edirdilər. Konfransda “intellektual” şəhər quruculuğu zamanı iqtisadi, sosial, ekoloji aspektlərin nəzərə alınması, habelə təbii sərvətlərdən düzgün istifadə və dövlət idarəçiliyinin təkmilləşdirilməsi çərçivəsində müasir daşınmaz əmlak informasiya sistemlərinin təşviqi məsələləri geniş müzakirə olundu.

Sonda konfrans zamanı əldə olunan biliklər və konfransın gələcək üçün müəyyən etdiyi qənaətləri bəyan edərək, BMT AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun sədri olan ƏMDK nümayəndəsi Geoməkan Dünya Forumunu və “İntellektual şəhərlər üçün daşınmaz əmlak informasiya sistemləri” beynəlxalq konfransını bağlı elan etdi və tədbir iştirakçılarına işlərində uğurlar arzuladı.