Əmlak Məsələləri Dövlət Komitəsində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində “20 Yanvar” faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasim iştirakçıları keçmiş sovet qoşunlarının vəhşicəsinə qətlə yetirdiyi şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə 20 Yanvarın Azərbaycanın azadlıq mübarizəsi tarixində şanlı səhifələrindən biri olduğu xatırlanaraq 24 il əvvəl müstəqillik və suverenlik uğrunda mübarizəsinə qalxmış xalqımızın başına gətirilən faciədən bəhs olunub. Qeyd edilib ki, Qanlı 20 Yanvar təkcə faciə günümüz deyil, həm də tariximizin şanlı səhifəsidir. 20 Yanvar özümüzü bir millət kimi tanıdığımız və dərk etdiyimiz gündür. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qəhrəman oğul və qızlarımız sovet imperiyasının mürtəce siyasətinin qurbanı olmuşlar.
Dinc insanlar sovet ordusunun müasir silahlarla silahlanmış hissələrinin təcavüzünə məruz qalmışlar. Həmin gün yaddaşlara sovet-kommunist rejiminin Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanların qətlə yetirildiyi bir gün kimi həkk olunmuşdur. 20 Yanvardan sonrakı günlərdə də Bakıda qırğın davam etdirildi. Yanvarın 19-dan 20-nə keçən gecə 137 mülki şəxs qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Sovet qoşunları 200 mənzil və evi, 80 avtomaşını, o cümlədən təcili yardım maşınlarını, külli miqdarda şəxsi və dövlət əmlakını məhv etdilər. Bakının infrastukturuna külli miqdarda ziyan dəymişdi. Öldürülənlər arasında beş millətin nümayəndəsi, 20-dən çox qadın və uşaq var idi.
Vurğulanıb ki, bütün ömrü boyu xalqın yanında olan Ulu Öndərimiz Heydər Əliyev xəstəliyinə baxmayaraq, faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə açıqlandı.
Natiqlər öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 1990-cı il yanvar ayında faciəli hadisələr zamanı Azərbaycan Respublikasının azadlığı, suverenliyi uğrunda həlak olanların əziz xatirəsinin daim yad edildiyini bildiriblər. Qeyd edilib ki, Prezident cənab İlham Əliyev şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə 19 yanvar 2006-cı il tarixdə müvafiq Fərman imzalamışdır. Həmin Fərmanla 1990-cı il yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə ayda 300 manat məbləğində "”20 Yanvar” şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şəhidlər xiyabanında əsaslı yenidənqurma və təmir işləri də aparılmışdır.
Tədbirdə çıxış edənlər qeyd etdilər ki, 20 Yanvar günü xalqımızın milli suverenlik, azadlıq uğrunda yenilməz iradəsinin rəmzidir. Faciə xalqımızın milli azadlıq uğrunda məbarizəsinin şanlı səhifəsidir. Təpədən dırnağa qədər silahlanmış imperiya ordusunun cəza tədbirləri millətimizin haqq səsini boğa bilmədi. Əksinə, yumruq kimi birləşən xalqımız öz etirazını, nifrətini daha ucadan bəyan etdi. Natiqlər 20 Yanvar hadisələri və xalqımızın başına gətirilmiş faciələr haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətlərini xüsusi vurğulayıblar.
Qeyd olunub ki, Azərbaycan dövləti və xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutacaq, onların fədakarlıqları xalqımızın yaddaşından heç zaman silinməyəcək.