Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Ağdamda vətəndaşları qəbul edib
Qəbulda hərraclarda iştirak, özəlləşdirməyə çıxarılmış dövlət əmlakının, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar müraciətlər də səsləndirilib. Komitə sədri bildirib ki, respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hər həftə açıq hərraclar keçirilir. Belə hərraclarda iştirak prosedurları tamamilə sadə və rahatdır, istənilən vətəndaş iştirak edərək əmlak sahibi ola bilir.
Müraciətlərin bir qismi torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi məsələləri barədə olub. Komitə sədri torpaqların təyinatı ilə bağlı tələblərə riayət olunmasının vacibliyi, əks halda qanunvericiliklə müvafiq tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirilib ki, bir çox hallarda kənd təsərrüfatı məqsədli torpaqların təyinatı özbaşına dəyişdirilir, yaşayış evləri tikilir, belə torpaqlarda süni göllər salınır və ya tamamilə istifadəsiz saxlanılır. Belə halların aşkar olunması və qarşısının alınması məqsədilə komitənin dövlət müfəttişləri tərəfindən monitorinqlərin aparıldığı nəzərə çatdırılıb. Qeyd olunub ki, torpaqların istifadəsi ilə bağlı hüquqi tələblər gözlənilməlidir, kənd təsərrüfatı torpaqları təyinatına uyğun istifadəyə qaytarılmalıdır.
Daşınmaz əmlakın qeydiyyatı prosesində rahatlıq və sosiallıq amillərinin gücləndirildiyini vurğulayan komitə sədri bunun əyani nümunəsi kimi “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərini göstərib. Bildirilib ki, artıq “Kütləvi çıxarış” kampaniyasın iş yerlərində də vətəndaşlara xidmət göstərir. Belə xidmətlər sayəsində ünvanlarda, iş yerlərində, kənd və qəsəbələrdə, ucqar yaşayış məkanlarında vətəndaşların əmlakları sənədləşdirilir. Bu isə öz növbəsində komitənin qeydiyyat xidmətlərindən vətəndaş məmnunluğunun artmasına səbəb olmaqdadır. Paralel olaraq, vətəndaşlara təmənnasız hüquqi məsləhət xidmətinin də göstərilməsi bu məmnunluq səviyyəsini daha da yüksəldir.
Qəbulda bir sıra müraciətlərin həlli məqsədilə komitə sədri tapşırıqlarını verib. Həm özəlləşmə və daşınmaz əmlakın qeydiyyatı, həm də torpaq istifadəsinə dair müraciətlər və suallarla bağlı mövcud qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub. Araşdırmaya ehtiyac olan müraciətlər isə qeydiyyata alınıb.
Komitə sədri tərəfindən keçirilən belə vətəndaş qəbullarının qarşıdakı aylarda digər şəhər və rayonlarda da təşkili davam etdiriləcəkdir.