AZƏRBAYCAN RESPUBLİKASININ ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ TƏRƏFİNDƏN KEÇİRİLƏN KOTİROVKA SORĞUSU HAQQINDA BİLDİRİŞ
1. Kotirovka sorğusu üsulu ilə keçirilən dövlət satınalmasının məqsədi dövlət müəssisələrinin bazasında yaradılacaq səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının müəyyən edilməsi, həmçinin respublikanın müxtəlif rayon və şəhərlərində (Bakı şəhəri istisna olmaqla) yerləşən kiçik dövlət müəssisə və obyektlərinin, habelə özəlləşdirilməsi və ya icarəyə verilməsi nəzərdə tutulan dövlət torpaq sahələrinin bazar dəyərinin müəyyən edilməsi prosesinə məsləhətçilərin (qiymətləndiricilərin) cəlb edilməsindən ibarətdir.
2. Cəlb olunacaq məsləhətçilər (qiymətləndiricilər) tərəfindən aşağıdakı işlər görülməlidir:
2.1. Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılacaq 3 (üç) səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının müəyyən edilməsi
2.2. Respublikanın müxtəlif rayon və şəhərlərində (Bakı şəhəri istisna olmaqla) yerləşən 70 (yetmiş) kiçik dövlət müəssisə və obyektlərinin və 60 (altmış) dövlət mülkiyyətində olan torpaq sahələrinin bazar dəyərinin müəyyən edilməsi
2.3. Qiymətləndirmə fəaliyyəti ilə bağlı Sifarişçinin tələbi ilə zərurət yarana biləcək digər tədbirlərin qarşılıqlı razılaşma əsasında həyata keçirilməsi.
3. Kotirovka sorğusunda bu Bildirişin 2-ci maddəsində göstərilən xidmətləri göstərmək iqtidarında olan yerli və xarici hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
4. İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
- kotirovka sorğusunda iştirak etmək üçün ərizə;
- təkliflər;
- iddiaçı haqqında məlumatlar.
5. Kotirovka təqdim edilərkən müvafiq sənədlər, o cümlədən təkliflər və qiymət cədvəli də (nümunəsi bu bildirişin 7-ci maddəsində göstərilən ünvandan əldə edilə bilər) əlavə edilməlidir.
6. Bu Bildirişin 2-ci maddəsində göstərilən xidmətlər üçün yalnız bir qiymət təklifi təqdim edilməlidir. Təklif olunan xidmətlərin qiyməti nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər daxil olmaqla Azərbaycan manatı ilə göstərilməlidir. Satınalma haqqında müqavilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tələbatını təmin edən ən aşağı qiymət təklifi təqdim etmiş iddiaçı ilə bağlanacaqdır.
7. Kotirovka tələb olunan formada hazırlanaraq, üzərində hüquqi və ya fiziki şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 05 oktyabr 2018-cı il, saat 15.00-dək AZ1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 (otaq 812) ünvanına təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılması ilə bağlı Satınalma Komissiyasının iclası 08 oktybar 2018-ci il, saat 15.00-da Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 (otaq 310) ünvanında Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasında keçiriləcəkdir.
8. Kotirovka sorğusu ilə əlaqədar məlumat almaq üçün iddiaçılar 7-ci maddədə göstərilən ünvana müraciət edə bilərlər. Əlaqə telefonu: 490-24-08 (299)
Satınalma Komissiyası