Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının təmin olunması məqsədilə Komitə 2012-ci ildən başlayaraq elektron xidmətlərin tətbiqinə başlayıb. İlk mərhələdə məhdud olan elektron xidmətlərin sayı ötən il artırılıb və www.e-emdk.gov.az elektron xidmətlər portalı istifadəyə verilib. Portalın istifadəyə verilməsi əhaliyə daha çevik, operativ və etibarlı xidmətlərin göstərilməsini təmin edir.Hazırda portalda 14-ü interaktiv, 4-ü informativ olmaqla 18 e-xidmət vətəndaşların və əmlak sahiblərinin istifadəsindədir. Bura daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması, ipotekanın və lizinqin qeydiyyatı və ləğvi, daşınmaz əmlak obyektlərinin ünvanları barədə arayışların alınması üçün elektron müraciətlərin qəbulu, dövlət əmlakının qorunması və istifadəsi vəziyyəti barədə illik xüsusi hesabatların elektron qəbulu kimi xidmətlər daxildir. Artıq bu xidmətlər sayəsində vətəndaşlar birbaşa öz evlərindən, heç bir yerə getmədən, əlavə vaxt sərf etmədən daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün internet vasitəsi ilə on-layn müraciət edə bilirlər.  İlin sonunadək daha 15 elektron xidmətin artırılması ilə portaldakı xidmətlərin sayı 31-ə çatdırılacaq. Beləliklə, ilin sonunda komitənin fəaliyyət istiqamətləri üzrə 31 elektron xidmət əhalinin istifadəsində olacaq. İl ərzində istifadəyə veriləcək digər yeni elektron xidmətlərə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclara sifarişlərin elektron qəbulu, icarə haqqı borcları barədə məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi, daşınmaz əmlaka dair xidmət haqqı, mülkiyyətə dair çıxarışın hazır olma tarixi barədə məlumatın SMS vasitəsilə verilməsi, kadastr və texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və digər xidmətlər aid olacaq.

Ümumilikdə, elektron xidmətlər istifadəyə veriləndən indiyədək qanunvericiliyə uyğun olaraq elektron imzalar almış hüquqi və fiziki şəxslər tərəfindən 22 mindən çox elektron müraciət daxil olub.

Komitənin həyata keçirdiyi bu yeniliklər vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi, xidmətlərdə şəffaflıq və keyfiyyətin artırılması, sosial məmnunluğunun yüksəldilməsi məqsədini daşıyır. Təqdim edilən elektron xidmətlər vətəndaşlarla komitənin qurumları arasında şəffaf və maneəsiz əlaqə yaradılması, vətəndaşların müxtəlif istiqamətlər üzrə vahid məkanda və çevik elektron xidmətlər əldə etmələrinə şərait yaradır. Bu xidmətlər keyfiyyətli və etibarlıdır, müraciətlərdəki məsələlərin həll edilməsi üçün optimal vasitədir. Eyni zamanda, komitənin elektron xidmətlər portalı xidmətlərlə bağlı vətəndaşların geniş məlumatlanmasını və maariflənməsini təmin edir.