Cocuq Mərcanlı kəndinin bərpasında növbəti addım: yaşayış evləri sənədləşdirilir
İlkin mərhələdə Cocuq Mərcanlı kəndi üzrə 23 avqust 1993-cü il tarixə sakinlərə məxsus fərdi yaşayış evləri və torpaq sahələrinin müəyyən edilməsi, həmin evlərin texniki inventarlaşdırılması, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qiymətləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.
Belə ki, görülən işlər nəticəsində 166 ailənin adına həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın qeydiyyatının aparılması üçün ilkin hüquq müəyyən edici sənədlər əldə edilmişdir. Artıq bu ailələrə məxsus yaşayış evlərinin hamısı qeydiyyata alınaraq dövlət reyestrindən 166 çıxarış hazırlanmışdır. Eyni zamanda dövlət arxivindən 187 ailənin hər birinin adına torpaq sahəsi və fərdi yaşayış evləri olması barədə Arxiv arayıcı alınmışdır.
Bütün bu tədbirlərlə yanaşı, kənd sakinlərinə məxsus fərdi yaşayış evləri və torpaq sahələrində texniki ölçmə və kadastr işlərinin aparılması və texniki pasportların tərtibi üzrə də işlər görülür. Qeyd edilməlidir ki, vətəndaşlara məxsus əmlakların texniki pasportların hazırlanması məqsədi ilə 34 fərdi evin çöl ölçmə işləri aparılmış və texniki pasportların hazırlanmasına başlanılmışdır.
Komitənin bu istiqamətdə digər mühüm addımı bu ərazilərdə yerləşən bütün daşınmaz əmlakların kütləvi və fərdi qiymətləndirilməsi işini həyata keçirməsidir. Belə ki, bu əmlakların qiymətləndirilməsindən sonra real dəyəri müəyyən olunacaq.