Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 28 martda keçiriləcək hərraca daha 76 dövlət əmlakı çıxarılıb
Burada istədiyi əmlakı seçərək baxır, əgər bəyəndiyi əmlakdırsa elə həmin səhifədəcə “sifariş ver” düyməsini seçir. Xatırladaq ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul ediləcək. Bununla əmlaka elektron sifariş verərək əmlakın ilkin satış qiymətinin 10% məbləğində behi də elektron qaydada ödəyir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır.
Hərraca çıxarılan 48 kiçik dövlət müəssisəsi və qeyri-yaşayış obyektlərinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakının Sabunçu, Qaradağ, Yasamal, Binəqədi rayonları, Gəncə və Sumqayıt şəhəri, habelə, Kürdəmir, İmişli, Quba, İsmayıllı, Şəki və Masallı rayonlarında yerləşir. Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 561 min manata olan qeyri-yaşayış binasıdır. Nəsimi rayonu, Bülbül prospektində yerləşən daşınmaz əmlakın torpaq sahəsi 474,8 kv.m., tikili sahəsi isə 255,5 kv.m.-dir. Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 405 min manata Səbail rayonunda qeyri-yaşayış sahəsi, 270 min manata Qaradağ rayonunda Anbar, 369 min manata Sumqayıtda “Laçın” restoranı da var. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan qeyri-yaşayış sahələri əsasən paytaxtın Binəqədi, Səbail, Yasamal rayonlarında yerləşir.
Bu dəfəki hərracda 25 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Göstərilən linkə ( https://goo.gl/5M8rmO ) daxil olmaqla bu tarixdə hərraca çıxarılan səhmdar cəmiyyətlərin ünvanları, satışa çıxarılan səhmlərin nominal dəyəri, nizamnamə kapitalının həcmi, satışa çıxarılan səhmlərin ilkin hərrac qiymətləri ilə daha yaxından tanış olmaq olar.Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Ağdaş Quşçuluq”, “Beyləqan Sənaye Kombinatı”, “Biləsuvar Broyler”, “Gülşən Ətir”, “İsmayıllı Sənaye İstehsalat”, “Salyan Broyler”, “Salyan Aqrotexservis” kimi səhmdar cəmiyyətlər var. Bu səhmdar cəmiyyətlərinin hərraca çıxarılmış bir səhminin nominal dəyəri müəssisədən asılı olaraq 0.5 manatdan 2 manata qədərdir.
Qeyd edək ki, hərrac barədə ictimai məlumatlandırma özəlləşdirmə portalı privatization.az ilə yanaşı, həm komitənin rəsmi saytı, həm də facebook səhifəsi vasitəsilə də aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi var ki, maraqlı şəxslər əmlaklar və hərrac proseduru barədə istənilən sualı komitəyə ünvanlaya və dərhal cavab ala bilərlər.
Hərraclar hazırda daha rahat və açıq şəraitdə keçirilir. İstənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.