Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi”nin yaradılması işi uğurla həyata keçirilir
Regional İşgüzar Forumların keçirilməsində başlıca məqsəd Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə avtomatlaşdırılmış torpaq kadastrı informasiya sisteminin və məlumat bankının, habelə Ünvan Reyestri İnformasiya Sisteminin yaradılması, yerquruluşu, xüsusi təyinatlı (sahəvi) geodeziya işlərinin aparılması, torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsi üçün ərazilərin məkan şəraitlərini tədqiqi sahəsində görülən işlər barədə ictimaiyyəti məlumatlandırmaq, görülən işlərin mahiyyəti və nəticələrinin izahı, aidiyyəti dövlət qurumları və bələdiyyələrlə qarşılıqlı fəaliyyətin təşkilidir.
Tədbirdə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı təqdimat keçirilib. Forum iştirakçılarına xəritələr vasitəsilə əyani şəkildə görülən işlər barədə məlumatlar verilib.
Forumda çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev qeyd etmişdir ki, artıq torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işlərinə start verilmişdir. Belə ki, Bakı, Gəncə, Sumqayıt şəhərlərində, habelə respublikanın 12 rayonda işlər tamamalanmışdır. 2017-ci ildə Naftalan, Mingəçevir, Şirvan şəhərlərində və 14 kənd rayonunda torpaqların elektron kadastr uçotuna alınması və bu uçot məlumatları əsasında 280-dən artıq bələdiyyələrin xəritələrinin hazırlanması planlaşdırılır.
Forumda Uçot Sisteminin iqtisadi səmərəsi və torpaq idarəçiliyində əvəzsiz rolundan bəhs olunub. Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin uçotunu aparmaqdır. Sistem özündə torpaqların dəqiq sərhədləri, həndəsi ölçüləri, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları, kadastr xəritələri, keyfiyyət və iqtisadi göstəricilər və digər məlumatları toplayır. Torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri müəyyən etməyi, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə nəzarəti təmin edir. Torpaq münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaradır, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməyə imkan verir.
Həmçinin bildirilmişdir ki, torpaqların elektron kadstr uçotu informasiya sisteminin yaradılması məsələsində ölkədə torpaq ehtiyatlarının idarə olunmasında, torpaq balansının tərtib edilməsində, torpaqlardan daha səmərəli istifadə olunması ilə müvafiq təkliflərin hazırlanmasında, torpaq mülkiyyətçilərinə və istifadəçilərinə subsidiyaların verilməsində, torpaq hüquq münasibətlərinin tənzimlənməsində, torpaq bazarının təşkilində, torpaq üzərində hüquqların qeydə alınmasında, ümumilikdə torpaq üzərində bütün münasibətlərin tənzimlənməsində mövcud olan bir sıra problemlərin həlli və səmərəli qərarların verilməsi təmin ediləcəkdir.