Ümumiyyətlə, komitə 2012-ci ildən etibarən elektron xidmətlərin tətbiqinə başlayıb. Ötən il isə belə xidmətlərin sayı və keyfiyyət dərəcəsi artırılıb. Hazırda 16 elektron xidmət vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir. Bu xidmətləri özündə cəmləşdirən komitənin portalı istifadəyə verilib. Bu il isə əlavə xidmətlərin sayının 15-ə yaxın artırılması ilə ümumilikdə komitə üzrə 31 elektron xidmətin vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulur. Bu ilin ilk rübündə artıq 7 yeni elektron xidmət təsdiq olunub. Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Elektron xidmət növlərinin siyahısı”na da təsdiq olunmuş həmin 7 yeni elektron xidmət əlavə edilib. Bunlar dövlət əmlakının icarəyə verilməsi üzrə icarə haqqı borcu barədə məlumatın verilməsi, daşınmaz əmlakla bağlı servitutun, uzufruktun dövlət qeydiyyatı və onun ləğvi, məhv olmuş daşınmaz əmlakın dövlət qeydiyyatının ləğvi və daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi ilə bağlıdır. Yaxın zamanda yeni elektron xidmətlərin ictimai təqdimatı və əhalinin istifadəsinə verilməsi nəzərdə tutulur.  İl ərzində istifadəyə veriləcək digər yeni elektron xidmətlərə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclara sifarişlərin elektron qəbulu, icarə haqqı borcları barədə məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi, daşınmaz əmlaka dair xidmət haqqı, mülkiyyətə dair çıxarışın hazır olma tarixi barədə məlumatın SMS vasitəsilə verilməsi, kadastr və texniki texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və digər xidmətlər aid olacaq. Ümumilikdə ötən müddətdə qanunvericiliyə uyğun olaraq elektron imzalar almış hüquqi və fiziki şəxslər tərəfindən komitənin qurumlarına 22 mindən çox elektron müraciət daxil olub.

Müşavirədə komitə sədri vurğulayıb ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin mart ayından etibarən daşınmaz əmlakın qeydiyyatı sahəsində onlayn xidmətlərin tətbiqinə başlanılıb. 2014-cü il 3 mart tarixindən etibarən daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) notariuslara real vaxt rejimində - onlayn verilməsi həyata keçirilir. Arayışların “onlayn” rejimdə verilməsi məmur-vətəndaş ünsiyyətinin aradan qalxmasına, vaxta böyük qənaət olunmasına səbəb olub. Eyni zamanda, yaxın gələcəkdə komitə tərəfindən digər onlayn xidmətlər istifadəyə veriləcək. Bunlar təkrar bazarlarda əmlak əldə etmiş vətəndaşların həmin əmlak barədə öz hüquqlarını daha tez şəkildə reyestrdə qeydiyyata alması, öz əmlakları barədə zəruri məlumatı internet vasitəsilə də əldə edə bilməsi ilə bağlı olacaq. Hazırda bu mexanizmin tətbiqi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir.

Komitə sədri çıxışında qeyd edib ki, komitədə fəaliyyətin müasirləşdirlməsi məqsədilə İKT layihələrin əlaqələndirilməsi və resursların səmərəli idarə edilməsi diqqət mərkəzindədir. Kompleks İKT tədbirləri həyata keçirilir, beynəlxalq məsləhətçilərlə birgə Komitənin uzunmüddətli İKT strategiyası hazırlanıb. Bakı şəhərində müasir dizaynlı və qabaqcıl texnologiyalarla təchiz ediləcək Daşınmaz Əmlak İdarəetmə Mərkəzi tikilir.

01 mart 2014-cü il tarixindən etibarən, Ünvan Reyestri İnformasiya Sisteminin Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov, Nizami rayonları üzrə 60 küçədə ilkin mərhələdə tətbiqinə başlanılıb. Bu məqsədlə dövlət orqanlarının malik olduqları informasiya sistemləri Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya edilir. Bu Sistem Azərbaycan Respublikasında Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması istiqamətində həyata keçirilmiş ilk layihədir.

Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması ilə əlaqədar xidmətlərin elektronlaşdırılmasına imkan verən rəqəmli məkan məlumatları bazasının yaradılması, mövcud qeydiyyat və kadastr məlumatlarının, o cümlədən torpaq islahatında paylanmış torpaqlar haqqında məlumatların elektronlaşdırılması,  bazaya transfer edilməsi və istifadəyə verilməsi sahəsində ciddi tədbirlər görülüb.

Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsinin müasir texnologiyalar əsasında dizayn və keyfiyyət baxımından təkmilləşdirilmiş yeni versiyası üzərində hazırlıq işləri yekunlaşmaq üzrədir. Yeni portal yaxın zamanda  istifadəyə veriləcəkdir.

Komitə sədri bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun təmin olunması, vətəndaşlara göstərilən xidmətlərdə rahatlığın artırılması və sosial amillərin gücləndirilməsi istiqamətində ciddi addımlar atılıb. Bu məqsədlə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı mobil ofislər yaradılıb. Mobil ofislər xüsusi təbəqədən olan insanlara (əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, o cümlədən yaşayış yeri uzaqda yerləşən, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşlara) daşınmaz əmlakın qeydiyyatı sahəsində təyin olunmuş xüsusi nəqliyyat vasitələrində ünvanlarda xidmətlər göstərilir. Bu yenilik qeydiyyat xidmətlərinin vətəndaşlar üçün əlçatanlılığının təmin edilməsi, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı sahəsində effektivliyin artırılmasına xidmət edir. Məlumat verildiyi kimi, komitə tərəfindən ünvanlarda qeydiyyat xidmətlərinin göstərilməsi daxil olan müraciətlər əsasında aprel ayının 4-də ilk olaraq Sumqayıt şəhərində həyata keçirilib. Belə xidmətlərin aprel ayında Bakı, Gəncə və Yevlax şəhərləri, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy rayonlarında təşkili davam etdirilməkdədir. Yerindəcə göstərilən belə xidmətlər əlavə vaxt itkisinin qarşısının alınmasında xüsusilə faydalıdır. Ünvanlarda göstərilən xidmətlərə daşınmaz əmlakın qeydiyyatı üçün sənədlərin qəbulu, həmin sənədlərin qanunauyğunluğunun yerindəcə yoxlanılması, növbəti prosedurlar barədə ətraflı məlumatın çatdırılması və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara zəruri hüquqi məsləhətlərin verilməsi aiddir. Vətəndaşlar təyin olunmuş nəqliyyat vasitəsində zəruri sənədləri xüsusi nümayəndəyə təqdim edir. Nümayəndə sənədləri yoxlamaqla, müvafiq istiqamət və məsləhətləri verməklə vətəndaşa yerindəcə xidmət göstərir.

Müşavirədə vurğulanıb ki, ötən dövr ərzində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı şəffaflığın daha da artırılması, ictimaiyyət üçün maarifləndirmə və hüquqi izahat işlərinin aparılması istiqamətində müntəzəm tədbirlər həyata keçirilib. Bu istiqamətdə Dünya Bankının dəstəyi ilə icra olunan “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Lənkəran və Mingəçevir şəhərlərində hüquqi maairfləndirmə seminarları təşkil olunub. Həyata keçirilən belə ictimai agahlıq tədbirləri 2014-cü ildə də davam etdiriləcəkdir. Belə tədbirlərin təşkilində məqsəd daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair qanunvericiliklə bağlı ictimai maarifləndirmənin daha da genişləndirilməsi, dövlət qurumu və vətəndaşların qarşılıqlı əlaqəsi zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı izahat işlərinin aparılmasıdır.

Əmlak Məsələləri Dövlət Komitəsi şəffaflığın təmin olunması məqsədilə ötən il ərzində də dövlət qulluqçularının etik davranış qaydalarına riayət olunması işini nəzarətdə saxlayıb. Komitədə çalışan dövlət qulluqçuları üçün 2014-cü ilin I rübündə etik davranış qaydaları mövzusunda seminarlar keçirilib.

Vətəndaşların qəbulu və müraciətlərinin təmin olunması komitə tərəfindən daim diqqətdə saxlanılır. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən I rüb ərzində Lənkəran, Ucar və Mingəçevirdə keçirilmiş vətəndaş qəbullarında 80-ə yaxın vətəndaşın müraciətinə baxılıb. Ümumilikdə, Komitə sədri tərəfindən indiyədək bölgələrdə 13 vətəndaş qəbulu keçirilmiş, qəbullarda 300-ə yaxın vətəndaş müraciət etmişdir.Komitənin fəaliyyətində vətəndaşların müraciət və sorğularının operativ cavablandırılması, şəffaflığın təmin edilməsi məqsədi ilə fəaliyyət göstərən 193 nömrəli qaynar xəttinə hesabat dövrü ərzində 233 müraciət daxil olmuşdur. Rüb ərzində qaynar xəttə daxil olan müraciətlərin 214-ü sorğu, 19-u şikayət xarakterli olmuşdur. Müraciətlərin qanunvericiliyə uyğun olaraq cavablandırılması təmin edilib.

Ötən dövr ərzində komitənin fəaliyyət istiqamətləri üzrə inkişaf etmiş ölkələrin təcrübələrinin öyrənilməsi məqsədilə beynəlxalq əməkdaşlıq əlaqələri daha da inkişaf etdirilib. Dünya Bankı, BMT-nin Avropa İqtisadi Komissiyası, Almaniyanın KfW Bankı, İsveçrənin İqtisadi Əməkdaşlıq Katibliyi (SEKO), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Norveç Kadastr Təşkilatı, “EuroGeographics” Assosiasiyası kimi beynəlxalq qurumlarla müxtəlif layihələrdə əməkdaşlıq davam etdirilib.

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı tədbirlər görülüb. Əmlak Məsələləri Dövlət Komitəsi “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na uyğun olaraq insan hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsi və pozulmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirib.

Daha sonra müşavirədə komitənin struktur bölmə və qurum rəhbərləri komitənin fəaliyyət sahələri üzrə I rüb ərzində göstəricilərilə bağlı çıxışlar ediblər. Bildirilib ki,  2014-cü ilin I rübü ərzində kiçik özəlləşdirmə formasında 150-yə yaxın müəssisə və obyekt, 130-a yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. 115-ə yaxın qeyri-yaşayış sahəsi və 105  torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

Səhmlərin özəlləşdirilməsi üzrə keçirilmiş 12 pul hərracında 11 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 1 milyon manata yaxın məbləğdə investisiya qoyulub.

Hesabat dövründə «Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forma»sını təqdim etməli olan 6200-ə yaxın müəssisə və təşkilatdan 5500-ə yaxını xüsusi hesabat formasını təqdim ediblər. Xüsusi hesabatların elektron xidmət vasitəsilə verilməsi təmin edilib. 

1 aprel 2014-cü il vəziyyətinə 6300-ə yaxın hüquqi şəxs statuslu dövlət müəssisəsi  və onların 7800-ə yaxın filialının (cəmi 14100 vahid) malik olduğu 155000 daşınmaz əmlak obyekti barədə məlumatlar Registrdə qeydiyyata alınmışdır. 1-ci rüb ərzində 2000-ə yaxın  əmlak barədə yeni məlumatlar (dəyişikliklər) Registrə daxil edilmişdir.

2014-cü ilin I rübü ərzində ölkə üzrə 44000-ə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb, bu göstəricinin 12500-ü ilkin, 31500-ü isə təkrar qeydiyyata aid olub.

Bununla yanaşı 2014-cü ilin I rübü ərzində 9000-ə ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb. 37000-dən cox daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin texniki inventarlaşdırılması aparılaraq texniki pasport və plan-cizgi tərtib edilib. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 31 mindən çox yüklülük (məhdudiyyət) arayışı (15100-dən çox onlayn üsulla), əhaliyə xidmətlə bağlı 4700-ə yaxın digər üxtəlif məzmunlu arayışlar verilib.         

2014-cü ilin I rübü ərzində Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın vahid kadastrı və ünvan reyestri sahəsində işləri davam etdirib. Almaniyanın KfW Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi çərçivəsində mühüm addımlar atılıb.  Hazırda Hökumətin maliyyə vəsaitləri və Dünya Bankının texniki dəstəyi ilə Bakı şəhərinin 5 rayonunu (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər) tam əhatə edən 46,5 min hektar ərazidə daşınmaz əmlaklar haqqında mükəmməl elektron kadastr məlumat bazasının yaradılması işləri icra olunur. Paralel olaraq respublikamızın 53 şəhər və rayonunun mərkəz və ona yaxın qəsəbələrdə  sadə modelli elektron kadastr məlumat bazasının yaradılması işləri aparılır. Eyni zamanda Almaniya Hökumətinin maliyyə dəstəyi ilə Şəki və Gəncənin bütün ərazisini əhatə edən tam məzmunlu kadastr işlərinə başlanılıb.

İcra olunan layihələrlə yanaşı, Bakı şəhərinin digər yerdə qalan 5 rayonu üzrə kadastr işlərinə dair yeni tender elan olunub və yaxın gunlərdə nəticələri elan ediləcəkdir. Beləliklə, 2015-ci ildə Bakı şəhərinin tam rəqəmsal kadastr məlumat bazası olacaq.

Ünvan reyestrinin aparılmasını təmin edən İnformasiya Sistemi bu ilin mart ayından istifadəyə verilib. Hazırda mövcud ünvanların yeni qaydalarla verilən ünvanlara dəyişdirilməsi prosesi gedir. Mərhələlərlə yeni ünvan sisteminin tətbiq edilməsi və istifadəçilərə çatdırılması təmin olunacaqdır. İlk olaraq yeni ünvan sistemi Bakı şəhərindən işə salınıb.

Ölkənin şəhər və rayonları üzrə  daşınmaz əmlak obyektlərinə ünvanların yeni qaydalar əsasında verilməsi işləri davam etdirilib. Bu işlər Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"na uyğun olaraq aparılıb.

Cari ilin yanvar-mart ayları ərzində Bakı şəhərinin 83 küçə və prospekti üzrə daşınmaz əmlak obyektlərinə giriş ünvanı verilib, 55 küçə və prospekt üzrə verilmiş daxili ünvanlarda dəqiqləşdirmələr aparılıb, 6 küçə və prospektə daxili ünvanlar verilib. Gəncə şəhəri üzrə 224 nəqliyyat infrastrukturu obyektinə 17850 giriş ünvanı təyin edilib. Bakı şəhərinin 215  küçə və prospekt üzrə isə bu istiqamətdə işlər görülməkdədir. 

Komitə sədri müşavirənin sonunda qarşıda duran vəzifələrin icrası ilə bağlı tapşırıqlarını verib. Tapşırıqlar normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində qanunvericilik layihələrinin hazırlanması, elektron və onlayn xidmətlərin, qeydiyyat xidmətləri ilə bağlı mobil ofislərin tətbiqinin sürətlə genişləndirilməsi ilə bağlı olub. Rəhbər və məsul şəxslərə İKT tədbirlərinin kompleks və ardıcıl həyata keçirilməsi, səmərəlilik və şəffaflığın daha yüksək səviyyədə təmin edilməsinin müntəzəm nəzarətdə saxlanılması tapşırılıb.

Komitə sədrinin dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, daşınmaz əmlakın qeydiyyatı zamanı xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ciddi tapşırıqları olub. Həmçinin rəhbər şəxslərə rəqəmsal kadastr xəritələrin tərtibi, elektron kadastr məlumat sistemi və ünvan reyestri sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.