Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac rəqabətli olub
Baş tutan bu hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrinin 6-sı paytaxtın Səbail, Nizami və Xətai rayonlarında yerləşir. Bu obyektlərin sahəsi 15-80 kv.m. arasında dəyişir. Hərracda 55 min manata özəlləşdirilmiş istehsalat binasının yarımçıq tikilisi Göygöl rayonunda yerləşir. Regionlarda satılan əmlaklar sırasında 3 yanacaqdoldurma məntəqəsi də olub ki, bunlardan biri Şəkidə digər ikisi isə Tovuzda yerləşir. Bu məntəqələr torpaq sahəsi ilə birlikdə özəlləşdirilib.
Belə hərracların rəqabətli olması da digər diqqətçəkən məqamdır. Belə ki, müxtəlif tarixlərdə baş tutan bir çox hərraclarda neçə-neçə qeyir-yaşayış sahəsi və ya kiçik dövlət müəssisəsinə, eləcə də səhmdar cəmiyyətləri və nəqliyyat vasitələrinə sifariş sayının çox olması hərracda rəqabətə səbəb olur. Bu isə özəlləşdirmə prosesinə və hərraclara olan marağın və bu prosesdə aktivliyin birbaşa göstəricisidir. Rəqabət isə öz növbəsində əmlakın dəyərini artırmaqla dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına səbəb olur. Bu il isə intensiv özəlləşdirmə prosesində daha da böyük məbləğdə büdcəyə daxilolmalar proqnozlaşdırılır. Çünki, ötən il dövlət başçısının məlum Fərmanı və Nazirlər Kabinetinin Sərəncamı ilə ümumilikdə 352 yeni dövlət müəssisə və obyekti özəlləşməyə açılıb. Bununla bağlı siyahılar komitənin internet informasiya resurslarında həm Azərbaycan, həm də ingilis dilində açıqlanıb. İl ərzində həmin əmlakların da hərrac, investisiya müsabiqəsi və ya digər özəlləşdirmə üsulları ilə dövlətsizləşdirilməsi və büdcəyə milyonlarla vəsaitin köçürülməsi nəzərdə tutulur.
Digər mühüm məqam odur ki, bu hərraclar təkcə paytaxtı deyil, bütün respublikanı əhatə edir. Yəni eyni gündə Bakı ilə yanaşı, respublikanın müxtəlif şəhər və rayonlarında da intensiv hərraclar keçirilir. Bu isə respublika üzrə özəlləşdirmə aktivliyinin təmin olunması, regionlarda da əmlakların satışı sayəsində mülkiyyətçi təbəqəsinin artırılması, büdcə yükünün azaldılması deməkdir.
Özəlləşdirilən iri, orta və kiçik portfelli müəssisələrə, qeyri-yaşayış obyektlərinə müxtəlif həcmdə investisiyalar yatırılır. Onlar biznesə cəlb olunur və ya digər qanunla icazə verilmiş gəlir mənbələrinə çevrilir. İnvestisiyalar hesabına belə müəssisə və obyektlərin maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur, fəaliyyəti yenidən tam gücü ilə bərpa edilir və yeni iş yerləri açılır. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə öz müsbət təsirini göstərmiş olur.
Mühüm üstünlük isə ondan ibarətdir ki, hərracda satılmış əmlaklara qısa müddət sonra mülkiyyət hüququnun təsdiqinə dair dövlət reyestrindən çıxarış təqdim olunur. Bu isə əmlak sahibinə mülkiyyətlə bağlı hüquqi əməliyyatları tam etibarlı şəkildə, heç bir hüquqi maneəsiz yerinə yetirməsi imkanını yaradır.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük fürsətdir. Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər.