Əmlak Məsələləri Dövlət Komitəsi 2017-ci ilin ilk sosial kampaniyasını keçirib
Kamapniyada iştirak edən Sumqayıt sakinləri prosesin sadə və rahat olmasından məmnunluqlarını ifadə ediblər. Hüquqi yardım aksiyası çərçivəsində isə qeydiyyat barədə vətəndaşları maraqlandıran suallar aydınlaşdırılıb, zəruri hüquqi qaydalar izah edilib.
Kampaniya zamanı vətəndaşlara bildirilib ki, komitənin belə sosial tədbirlərinin məqsədi xidmətləri vətəndaşlara maksimum rahat və operativ şəkildə çatdırmaqdır. Çıxarış alınması və digər sənədləşdirmə işləri zamanı vətəndaşın ayrı-ayrı qurumlara, ərazi idarələrinə müraciət etməməsi üçün komitə belə addımları atır. Bu isə öz növbəsində vaxt itkisinin və əlavə prosedurların qarşısını almaqla vətəndaş razılığının yüksəlməsinə gətirib çıxarır.
Kampaniyadan faydalanmaq istəyən şəxslər 148 saylı çağrı mərkəzinə zəng vura bilər (148 daxili 1 sonra 5). Kampaniyanın və mobil ofis xidmətinin keçirildiyi aylıq qrafik komitənin rəsmi internet səhifəsində yerləşdirilir.
Ümumiyyətlə, komitə vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində innovasiyaların tətbiqinə xüsusi yer ayrırır. Belə yeniliklərə Kütləvi çıxarış kampaniyasıvə mobil ofis xidmətləri ilə yanaşı, “bir pəncərə” sistemi, hüquqi yardım xidməti, elektron, onlayn və SMS xidmətlər daxildir. Sonuncu innovativ addım isə Komitənin yenicə ictimaiyyətə açıqladığı və istifadəyə verdiyi “Əmlakın qeydiyyatı Kalkulyatoru”dur. Belə ki, komitənin rəsmi saytında (emdk.gov.az) yaradılan bu kalkulyator vətəndaşa sənədləşdirmə prosesində dövlət rüsumu və xidmət haqqını elektron qaydada, öncədən öyrənməyə imkan verir. Bu isə həm daha da sadələşmə, həm də vaxta qənaət deməkdir. Məbləğin əvvəlcədən dəqiq bilinməsi sənədləşdirmə işində operativ qərarverməni, bu iş üçün zəruri xərcləri dəqiq planlaşdırmağı təmin edir.
Qeyd edək ki, kampaniya ilə yanaşı, bütün respublika üzrə fərdi qaydada mobil ofis xidmətləri əhaliyə təqdim olunur. Mobil ofis xidmətlərinin ən üstün cəhətlərində biri də onun bütün rayonları və kəndləri əhatə etməsidir. Bu xidmətlərə ilkin sənədlərin toplanması, çöl - ölçmə və inventarlaşdırma işləri, hüquqi maarifləndirmə və digər xidmətlər daxildir.
Nəticə etibarilə bütün bu tədbirlər daşınmaz əmlakın qeydiyyatının sadələşməsinə, daha çevik və rahat qeydiyyat aparılmasına geniş şərait yaradır. Belə kampaniyalar il boyunca daha intensiv şəkildə və respublikanın şəhər və rayonlarını, kənd və qəsəbələrini əhatə etməklə davam etdiriləcək.