Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyəti nəticəsində Azərbaycanda daşınmaz əmlakın  - mənzillərin, evlərin, torpaq sahələrinin, kommersiya obyektlərinin qeydiyyatı indiyədək görünməmiş dərəcədə sadələşdirilib. Xüsusilə elektron xidmətlərin və ən son texnoloji yeniliklərin sayəsində bu sahədə vaxtilə mövcud olan bütün problemlər həll edilib. Hazırda nəinki ərazi idarələrinə müraciət etməklə, hətta evdən və iş yerindən çıxmadan, onlayn müraciət etməklə, əmlak üzərində hüquqların qeydiyyatını qısa zamanda həyata keçirmək olar. Qeydiyyat üçün  tələb olunan bütün xidmət və sənədlər isə elektron şəkildə alına bilir.

Paralel olaraq Komitənin əmlak qeydiyyatında tətbiq etdiyi «vahid pəncərə» sistemi, «Kütləvi çıxarış» və «Mobil ofis» kampaniyaları çərçivəsində isə əmlakın qeydiyyatı xidmətləri bilavasitə vətəndaşların yaşadığı evlərə çatdırılır. Eləcə də ölkə vətəndaşları ƏMDK-nin ərazi idarələrindən fəaliyyət sahələri ilə bağlı pulsuz hüquqi yardım ala bilərlər.

Komitə əməkdaşlarının peşəkarlığının yüksəldilməsi və əhali arasında aparılan maarifləndirmə tədbirləri ölkədə əmlakın qeydiyyatına marağı yüksəldib.

Bu yeniliklərin nəticəsidir ki, hər il açıqlanan “Doinq Biznes” beynəlxalq hesabatlarında ölkəmiz dünyadakı 189 ölkə arasında əmlakın qeydiyyatının sadəliyinə görə ön sıralarda qərarlaşır. Bu il isə “Mülkiyyət hüquqları Alyansı”nın illik beynəlxalq reytinq cədvəlində Azərbaycan “daşınmaz əmlakın qeydiyyatı” kateqoriyasında maksimum bal toplayaraq 129 ölkə arasında ən yaxşı 20-likdə yer alıb.

Azərbaycanda iqtisadi islahatların mühüm istiqaməti olan dövlət əmlakının özəlləşdirilməsində ciddi yeniliklər baş verib. Əmlak Məsələləri Dövlət Komitəsinin hər həftə təşkil etdiyi açıq özəlləşdirmə hərraclarında müxtəlif sahələrə aid çoxlu sayda müəssisə və obyektlər satışa çıxarılır. Şəffaf keçirilən hərracda istənilən şəxs də iştirak edərək, əmlaka sahib ola və ya sadəcə hərracın gedişini izləyə bilər.

Yeni yaradılan özəlləşdirmə portalında isə özəlləşdirməyə çıxarılmış dövlət əmlakları barədə bütün məlumatlar göstərilir. Bütün bu tədbirlər investorların özəlləşdiriləcək əmlaklar barədə daha geniş və təfərrüatlı məlumata malik olmasına və özəlləşdirmə prosesində şəffaflığın daha da artmasına səbəb olub. Özəlləşdirməyə cəlbedici müəssisələrin çıxarılması bu prosesə ictimaiyyətin və investorların marağını artırıb. Nəticədə özəlləşdirilən dövlət əmlaklarının sayı artmaqda, bu prosesdən büdcə daxılolmaları çoxalmaqda, özəlləşdirmədən faydalanaraq əmlak sahiblərinə çevrilən investorların sayı artmaqdadır.

Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycandakı Elektron Hökumət layihəsinin ən fəal iştirakçılarındandır. Komitənin fəaliyyət sahəsinə aid olan 31 xidmətin hamısı bütünlüklə elektronlaşdırılıb. Nəticədə, indi Azərbaycanda evdən və ya iş yerindən çıxmadan əmlakın qeydiyyatını aparmaq, özəlləşdirmə hərraclarında iştirak etmək, əmlakla bağlı bütün arayışları və məlumatları almaq, icarə haqqı borcunu öyrənmək və ödəmək mümkündür.

Bütün bunlar komitənin göstərdiyi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, vətəndaş məmnunluğunun artırılmasına, əhalinin və biznesin daha yüksək səviyyəli xidmətlər almasına şərait yaradıb.

 

Beləliklə, ölkə iqtisadiyyatı və investisiya mühiti üçün böyük əhəmiyyət daşıyan bu sahələrdəki naiiliyyətlər nəzərə alınaraq Əmlak Məsələləri Dövlət Komitəsi «Daşınmaz əmlakın qeydiyyatında müştəri məmnuniyyəti və özəlləşdirmədə açıq hərraclara görə» «Uğur» Milli mükafatına layiq görülüb.

Mükafatın təntənəli təqdimat mərasimində rəsmi şəxslər, biznes elita nümayəndələri və ictimaiyyətin nüfuzlu təmsilçiləri iştirak edib. Tədbirdə komitənin sadalanan sahələrdəki uğurları, bu uğurların ölkədəki biznes mühitə və ümumi iqtisadiyyata verdiyi töhfələr qeyd edilib, eləcə də bundan sonrakı dövr üçün planları açıqlanıb. 

Azərbaycanın işgüzar dairələrində ən nüfuzlu mükafat sayılan «Uğur» Milli mükafatı 2000-ci ildə, ölkədə  iqtisadiyyat, hüquq, özəl sahibkarlığın inkişaf etdirilməsi məsələlərini işıqlandıran aparıcı işgüzar nəşr olan «Consulting&Business» jurnalı tərəfindən təsis edilib. 1996-cı ildən dərc olunan «Consulting&Business» jurnalı, Azərbaycan iqtisadçılarının, siyasətçilərinin, menecerlərinin və işgüzar adamlarının populyar jurnalı olmuşdur. Mükafat öz sektorunun flaqmanı olan, özünün fəaliyyət göstərdiyi sahədə əhəmiyyətli nailiyyətlər əldə etmiş və Azərbaycanın inkişafına nəzərə çarpan dərəcədə pay vermiş təşkilatlara, şirkətlərə, görkəmli şəxsiyyətlərə verilir.