Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri Vaşinqton şəhərində keçirilən Dünya Bankının illik konfransında iştirak ediblər
Konfransı giriş sözü ilə Dünya Bankının rəsmiləri cənab Emanuel Jimenes və cənab Klaus Deininger açıb. Açılış nitqində daşınmaz əmlak idarəçiliyi siyasətinin insanların yoxsulluq probleminin həllinə təsirindən, habelə əmlak idarəçiliyi prinsiplərinin təşviqi məqsədi ilə ölkələr və regionlar arasında əməkdaşlıq əlaqələri və bu əlaqələrin inkişafı zərurətindən bəhs olunub. Daha sonra konfransın 7 istiqamət üzrə plenar sessiyaları öz işinə başlayıb.
24 mart tarixində “Avropada daşınmaz əmlak idarəçiliyi və əməkdaşlığa baxış” sessiyası baş tutub. Sessiyaya hazırda BMT Avropa İqtisadi Komissiyasının (AİK) Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupuna rəhbərlik edən ƏMDK-nın nümayəndəsi sədrlik edib. Sessiyada BMT-nin Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun həyata keçirdiyi layihələr haqqında geniş məlumat verilib. Belə ki, İşçi Qrupu Bürosunun Gürcüstandan olan nümayəndəsi “BMT AİK regionunda daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi”, Böyük Britaniyanın nümayəndəsi “Daşınmaz əmlak idarəçiliyində institusional dəyişikliklər: bir, yoxsa iki təşkilat?”, Yunanıstanın nümayəndəsi “Qeyri-qanuni tikililər probleminin həllinə baxış: Balkan, Qafqaz və Mərkəzi Asiya ölkələrində tədqiqatlar” mövzusunda çıxışlar ediblər. Həmçinin digər natiqlərin “Avropada beynəlxalq daşınmaz əmlak idarəçiliyi təşkilatları arasında əməkdaşlığın qurulması” və “Mərkəzi Asiyada daşınmaz əmlak idarəçiliyi məsələləri” mövzusunda çıxışları olub.
Sessiya çərçivəsində daşınmaz əmlak idarəçiliyi sahəsində son bir il ərzində əldə edilmiş nailiyyətlər, BMT Avropa İqtisadi Komissiyasının əhatə etdiyi regionda (56 üzv ölkənin ərazisində) daşınmaz əmlak idarəçiliyi məsələləri nəzərdən keçirilib. Konfransda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, eləcə də daşınmaz əmlak idarəçiliyi mövzularında geniş müzakirələr aparılıb.
Müzakirələrin nəticəsi olaraq bəyan edilib ki, BMT-nin Avropa İqtisadi Komissiyası regionunda daşınmaz əmlak idarəçiliyi üzrə aparılan işlər, ümumilikdə, qənaətbəxş sayılsa da, bu sahədə düzgün təbliğat siyasəti yürüdülməlidir. Bu məqsədlə ictimai aşkarlıq alətindən geniş istifadə olunmalı, bir sıra ölkələrin (xüsusilə Mərkəzi Asiya dövlətlərinin) daşınmaz əmlak idarəçiliyi sistemlərinə Avropanın bu sahədə qabaqcıl təcrübələrinin tətbiqi siyasəti daim davam etdirilməlidir. Daşınmaz əmlak idarəçiliyi ilə bağlı iş və xidmətlərin maksimal elektronlaşdırılması təmin edilməlidir.
26 mart tarixində “Uğurlu idarəçiliyin təmin edilməsi üçün daşınmaz əmlakla bağlı məlumatlardan yararlanmaq məqsədi ilə tərəfdaşlıq imkanları” mövzusunda keçirilən sessiya da BMT Avropa İqtisadi Komissiyasının (AİK) Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupuna rəhbərlik edən ƏMDK-nın nümayəndəsinin sədrliyi ilə keçirilib. Sessiyada Azərbaycan Respublikasından “Daşınmaz Əmlakın Qeydiyyatı” layihə idarəetmə qrupunun rəhbəri “Azərbaycanda daşınmaz əmlak idarəçiliyi məsələləri” mövzusunda çıxış edib. Həmçinin sessiya çərçivəsində müxtəlif ölkələrin təcrübəsi ilə bağlı “Daşınmaz əmlak idarəçiliyini təkmilləşdirmək üçün nəzərdə tutulan inzibati məlumatların əlaqələndirilməsi: Gürcüstan modeli”, “Ukrayna: daşınmaz əmlakın dövlət monitorinq sisteminin yaradılması”, “Moldovada daşınmaz əmlakın inkişafı və monitorinqinin başlıca məsələləri”, “Daşınmaz əmlak idarəçiliyi indikatorları, işlək bazarlar və uğurlu inkişaf: Peru modeli” mövzularında təqdimatlar və çıxışlar olub. Sessiya zamanı çıxışlarla bağlı geniş müzakirələr aparılıb.