“Kütləvi çıxarış” kampaniyası bölgələrdəki çoxmənzilli binaları da əhatə etməyə başlayıb
Vətəndaşlara məxsus mənzillərin komitənin belə sosial layihələri vasitəsilə rəsmiləşdirilməsi və qeydiyyat xidmətlərinin göstərilməsi xüsusi əhəmiyyət daşıyır. Son nəticədə bu tədbirlər xidmətlərdən vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artmasına səbəb olur.
Xaçmazda keçirilən kampaniya zamanı vətəndaşlara hüquqi məsləhət xidmətləri də göstərilib. Xidmət çərçivəsində komitənin hüquqşünasları vətəndaşların qeydiyyat prosesi və sənədlərlə bağlı verdikləri suallar cavablandırıblar. Müvafiq sənədlərin necə əldə edilməsi, hansı qurumlara müraciət edilməsi barədə hüquqi istiqamət verilib.
İndiyədək Bakının əksər rayonları ilə yanaşı, Sumqayıtda, Abşeronda, Gəncədə, Mingəçevirdə çoxsaylı mənzil sahibləri kampaniyadan faydalanıb. Xatırladaq ki, kampaniya başlandığı ilkin dövrlərdə əgər ancaq həyət evləri və torpaq sahələrini əhatə edirdisə, növbəti mərhələdə həm paytaxt, həm də bölgələrdəki çoxmənzilli və hündürmərtəbəli binaları da əhatə etməyə başlayıb.
Yeni inşa edilmiş binalarda mənzillərin sənədləşdirilməsi mənzil bazarına da öz müsbət təsirini göstərmiş olur. Həm paytaxtda, həm regionlarda mənzillərin alqı-satqı əməliyyatlarının da sayını artırır, mənzil bazarını canlandırır. Çünki dövlət qeydiyyatına alınmış mənzil hüquqi cəhətdən etibarlıdır. Komitənin belə tədbirləri sayəsində paytaxtla paralel olaraq bölgələr üzrə mülkiyyət hüquqları hələ də qeydiyyata alınan mənzillərin sayı artmaqdadır. Bu tendensiya, eyni zamanda, fərdi həyət evləri və torpaq sahələri ilə bağlı müşahidə olunur. Mülkiyyət üzərində hüquqları rəsmiləşməsi ilə çıxarışı əldə edilmiş əmlakların sayı hər ötən il sürətlə çoxalır. Növbəti aylarda da komitə tərəfindən ölkə üzrə müxtəlif şəhər və rayonlarda çoxsaylı mənzillərin sənədləşdirilməsi davam etdiriləcək.
Xatırladaq ki, son illərdə atılmış digər mühüm addım “bir pəncərə” prinsipinin tətbiqidir ki, bu özü də sənədləşdirmə işini yetəri qədər rahatlaşdırıb. Əvvəllər daşınmaz əmlakın qeydiyyatı üçün 4 prosedurdan keçən və bir neçə quruma müraciət edən vətəndaşlar hazırda bu əməliyyatı bir prosedurla həyata keçirirlər. Yəni vətəndaş rəsmiləşdirmə prosesi üçün hazırda uzun vaxt itirmir, yalnız bir quruma – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə gəlib əmlakını qeydiyyata aldırır. Bununla da, əvvəllər movcud olmuş prosedurlar (Forma-1 arayışı üçün komitəyə, sonra yenidən notariusa, torpaq sənədi üçün ayrı quruma və təkrar komitəyə müraciət mərhələləri) aradan qalxıb.