Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən Tovuzda növbəti vətəndaş qəbulu keçirilib
Vətəndaşların müraciətləri əsasən dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, fərdi həyət evlərinə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın alınması, torpaq sahələrinin özəlləşdirilməsi, qeyri-yaşayış sahələrinin dövlət qeydiyyatına alınması, işə qəbul və digər sosial-hüquqi məsələlərlə bağlı olub.
Qəbula gələn hər bir vətəndaş müraciətinə komitə sədri tərəfindən diqqətlə yanaşılıb. Sədr komitənin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Bir sıra məsələlərin operativ həlli üçün dərhal uyğun göstərişlər verilib, qaldırılan müraciətlər qanunvericiliyə uyğun olaraq yerindəcə həllini tapıb. Vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı hüquqi qaydalar izah edilib və araşdırılmalı müraciətlər qeydiyyata alınıb. Müraciətlərin nəticələri barədə məlumatın veriləcəyi vətəndaşlara bildirilib.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri Kərəm Həsənov tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Bu müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Qəbulda iştirak edən vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.
Vətəndaşların rahatlığının təmin edilməsi üçün Tovuzda keçirilən qəbulla bağlı kütləvi informasiya vasitələrində əvvəlcədən müvafiq elanlar verilmiş və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilmişdir.
Komitə sədri tərəfindən vətəndaşların müraciətləri mütəmadi diqqət mərkəzində saxlanılır. Növbəti ay ərzində də respublika üzrə belə vətəndaş qəbullarının keçirilməsi davam etdiriləcək.
Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun təmin olunması, vətəndaşlara göstərilən xidmətlərdə rahatlığın artırılması ilə bağlı mütəmadi tədbirlər görür. Məlumat verildiyi kimi, Əmlak Məsələləri Dövlət Komitəsi xüsusi təbəqədən olan insanlara, o cümlədən əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud, habelə ucqar yerlərdə yaşayan və müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşlara öz əmlakları üzərində hüquqlarını qeydiyyatdan keçirmək üçün mobil ofislər yaratmaqla ünvanlarda xidmətlər göstərir. Bu xidmətlər müvafiq cədvəl üzrə bölgələrdə təşkil edilir. Mobil ofislər növbəti belə xidmətləri 11-26 aprel tarixlərində Gəncə, Daşkəsən, Göygöl və Samux rayonlarında yaşayan vətəndaşlara göstərəcəkdir.