“Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı: səmərəli praktika, şəffaflığın təminatı və konseptual yanaşmalar (2006-2013-cü illər)” mövzusunda İctimai Təqdimat keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 27 noyabr 2013-cü il tarixində “Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı: səmərəli praktika, şəffaflığın təminatı və konseptual yanaşmalar (2006-2013-cü illər)” mövzusunda İctimai Təqdimat keçirilib.
Təqdimatın məqsədi daşınmaz əmlakın qeydiyyatı sahəsində əldə edilmiş səmərəli praktika, şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması, həyata keçirilmiş modernizasiya tədbirləri, optimal və sadələşdirilmiş prosedurlar, etibarlı və çevik elektron xidmətlər barədə ictimaiyyəti məlumatlandırmaqdır. Eyni zamanda, yaxın gələcəkdə daha mütərəqqi idarəetmə metodları və yanaşmalarının tətbiqi sahəsində atılacaq addımlar barədə məlumatların açıqlanması da tədbirin məqsədlərindəndir.
İctimai Təqdimat Əmlak Məsələləri Dövlət Komitəsinin, Dünya Bankının, qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin və maraqlı tərəflərin, o cümlədən mətbuat nümayəndələrinin iştirakı ilə keçirilib.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov tədbiri giriş sözü ilə açıq elan edib. O, çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən daşınmaz əmlak idarəçiliyi və qeydiyyatı sahəsinin inkişafında baş verən son nailiyyətlərdən bəhs edib.
Ölkə başçısının dövlət qurumları tərəfindən vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsi, şəffaflığın və çevikliyin daha da artırılması, dövlət orqanlarının fəaliyyətinin modern əsaslara qurulması barədə əlavə olaraq mühüm tapşırıqları olmuşdur. Daşınmaz əmlakın qeydiyyatı sahəsində ölkə prezidenti tərəfindən bir çox fərman və sərəncamların imzalandığı, vətəndaş-məmur münasibətlərinin müasir üsullarla aparılmasının əsas tələb kimi qoyulduğu qeyd edilib. Əmlak Məsələləri Dövlət Komitəsi davamlı olaraq daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin yeni mərhələdə daha da inkişaf etdirlməsi üçün bir sıra tədbirlər həyata keçirir. Ölkəmizdə əmlak məsələləri ilə bağlı idarəçilik son illərdə institusional və qanunvericilik baxımından ciddi inkişafda olmuşdur.
Qeydiyyat sisteminin şəffaflaşdırılması və optimallaşdırılması, prosedurların sadələşdirilməsi, qeydiyyat prosesinə sərf olunan vaxtın azaldılması, elektron xidmətlərin faydaları, bu xidmətlərin istifadəçilərinin sürətlə artması və nəticədə vətəndaş məmnunluğunun yüksəlməsi barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, daşınmaz əmlakın qeydiyyatı vətəndaşların əmlak hüquqlarının təminatı və qorunması üçün mühüm bir sahədir. Bu məsələnin cəmiyyət üçün həm sosial, həm də iqtisadi əhəmiyyəti vardır.
Sədr müavini məlumat verib ki, ölkə başçısının “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar komitə tərəfindən mühüm işlər görülməkdədir. Hazırda 16 elektron xidmətin vətəndaşların istifadəsində olması və “Elektron hökumət” portalına inteqrasiya edilməsi, qeydiyyat müddətlərinin qısaldılması vurğulanıb. Bildirilib ki, mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışların verilməsi 2005-2009-cu illərdə 30-20 gün, 2010-2012-ci illərdə isə 18-14 gün arasında dəyişirdisə, bu ildən etibarən bu müddət 7 günə, əmlak barədə digər arayışların verilməsi isə 1 günə endirilib. Qeyd olunub ki, son illərdə qeydiyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı ictimai sorğular keçirilib. Belə sorğuların məqsədi daşınmaz əmlakın qeydiyyatı sahəsindəki dəyişikliklərə vətəndaşlar, mülkiyyətçilər, qurumlar, bələdiyyələr və icmaların münasibətini öyrənmək və nəticələrə əsasən daha məqsədyönlü addımlar atmaq olub. Sədr müavini çıxışında qeyd edib ki, daşınmaz əmlakın qeydiyyatı sahəsi sosial yönümlü sahə olduğu üçün daim yeniliklərin tətbiqi tələb olunur. Bu istiqamətdə növbəti yenilik yaxın vaxtlarda Komitə tərəfindən təqdim ediləcək daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) notariuslara real vaxt rejimində (onlayn) verilməsi barədə olacaq. Bildirilib ki, bu yeniliklərin hamısı ölkə rəhbərliyi tərəfindən vətəndaşlara şəffaf, çevik və səmərəli xidmətlərin göstərilməsi ilə bağlı dövlət orqanlarına verilən tapşırıqların icrasına yönəlib. Bu arayışların elektron qaydada verilməsi məmur-vətəndaş ünsiyyətinin, sənədi götürmək üçün idarələrə bir neçə dəfə gediş-gəlişlərin aradan qalxmasına, lazımi sənədlərin “onlayn” əldə olunmasına, vaxta böyük qənaət olunmasına, bununla da vətəndaşların bu xidmətdən optimal faydalanmasına səbəb olacaq.
O, görülmüş uğurlu işlərin əyani sübutu kimi, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing-Business 2014” hesabatında Azərbaycanın daşınmaz əmlakın qeydiyyatına görə reytinqdə 13-yeri tutmasını göstərib. 10 müxtəlif göstərici üzrə 189 ölkəni əhatə edən hesabatda Azərbaycanın tutduğu yer dünya üzrə ən yaxşı göstəricilərdəndir. Azərbaycanın aid edildiyi Şərqi Avropa və Mərkəzi Asiya regionunda əmlakın qeydiyyatı üzrə orta göstərici 59-dur. Əmlakın qeydiyyatına görə, qonşu ölkələrdən Rusiya 17-ci, Türkiyə 50-ci yerdə, inkişaf etmiş ölkələrdən ABŞ 25-ci, Avstriya 36-cı, Böyük Britaniya 68-ci, Almaniya 81-ci yerdədir. Hesabatda bildirilir ki, Azərbaycanda əmlakın qeydiyyatı üçün 4 prosedur tələb olunur ki, buna da 11 gün müddət sərf edilir. Eyni proses üçün Avropa və Mərkəzi Asiya regionu üzrə orta rəqəmlə 6 prosedur, 26,5 gün müddət tələb olunur. Vurğulanıb ki, Azərbaycanın reytinqdə məhz ön sıralarda olmasının mühüm səbəbi son dövrlər daşınmaz əmlakın qeydiyyatı sahəsində gedən sürətli inkişaf, müasir informasiya-kommunikasiya texnologiyalarının və modern idarəetmə sistemlərinin tətbiqi, qeydiyyat prosedurlarının sadələşdirilməsidir. Bütün bu fəaliyyətlərin nəticəsində son iki ildə daşınmaz əmlakın qeydiyyat sayı maksimum həddə çatıb. 2011-ci ildə 147 min, 2012-ci ildə isə bu rəqəm 151 min olub. 25 noyabr 2013-cü il tarixinə qeydiyyat sayı 157 min olub, ilin sonuna isə qeydiyyat sayının 170 minə çatacağı proqnozlaşdırılır.
Sədr müavini çıxışında daşınmaz əmlakın kadastrı və ünvan reyestri sahəsindəki son yeniliklərdən də bəhs edib. Bildirib ki, Gəncə şəhəri və Şəki rayonunda seçilmiş pilot ərazilərin vahid elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri hazırlanıb. Eyni zamanda , Gəncə şəhəri və Şəki rayonunun bütün ərazisinin kadastr layihələrinin tərtibinə artıq başlanılıb. Görülən işlərin nəticəsidir ki, 2012-ci ildə Sumqayıt şəhərinin elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritəsinin tərtibi layihəsi uğurla icra olunub. Dünya Bankının ekspertləri və layihənin keyfiyyətinə nəzarəti həyata keçirən Dünya Bankının cəlb etdiyi alman şirkəti tərəfindən layihə çərçivəsində görülən işlərə yüksək qiymət verilib. Bakı şəhərinin Suraxanı və Sabunçu rayonlarında daşınmaz əmlakın kadastrı işləri yekunlaşmaq üzrədir. Qeyd olunub ki, 2015-ci ilin sonuna Bakının müasir tələblərə cavab verən aktual məlumat bazasını özündə ehtiva edəcək daşınmaz əmlakın kadastrı tərtib ediləcək. 2014-cü ilin sonuna respublikanın 53 rayon mərkəzinin, eyni zamanda onlara bitişik böyük qəsəbə və kəndlərin ərazisində elektron kadastr məlumat bazası yaradılacaq.
Ölkə Prezidentinin Fərmanı ilə "Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında" Əsasnamənin təsdiqləndiyi, Ünvan Reyestri İnformasiya Sisteminin yaradıldığı vurğulanıb. Bildirilib ki, hazırda respublikada ünvanvermə işləri yeni qaydalara əsasən aparılır və ilin sonuna yekunlaşacaq. Bakı şəhəri üzrə 1000-ə yaxın küçə və prospektdə giriş ünvanları təyin edilib. Sumqayıt şəhərində adı, başlanğıcı və sonu məlum olan 70 küçədə giriş ünvanlarının təyini işi yekunlaşıb. Bütün bu işlər vətəndaşların sosial-məişət şəraitlərinin, rifah hallarının yaxşılaşdırılmasına yönəldilib.
Tədbirdə daşınmaz əmlakın qeydiyyatının inkişafı, şəffaflıq və ictimai maarifləndirmə tədbirləri, mütərəqqi təcrübə və konseptual yanaşmalar, yeni idarəetmə metodları və mexanizmlərinin tətbiqi mövzusunda çıxışlar olub, mövzu ilə bağlı prezentasiyalar nümayiş etdirilib. Çıxışlarda mülkiyyət hüquqlarının qeydiyyatı sisteminin müasirləşdirilməsi və inkişafı istiqamətində əldə edilmiş səmərəli nəticələrdən bəhs olunub.
Şəffaflığın və vətəndaş məmnunluğunun təminatı sahəsində görülən işlər və atılacaq addımlarla bağlı ətraflı məlumatlar verilib. Qeyd olunub ki, Əmlak Məsələləri Dövlət Komitəsi görülən işlərin keyfiyyətinin əsas göstəricisi kimi şəffaflıq və ictimai etimadın təmin olunmasını mühüm prinsiplərdən biri elan edib. Dünya Bankının dəstəyi ilə 2007-ci ildən bəri icra olunan “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində önəmli işlər görülüb, ictimai agahlıq tədbirləri həyata keçirilib. Daşınmaz əmlak bazarının tədqiqi və müştəri məmnunluğu ilə bağlı aparılmış ictimai sorğulardan, sorğuların nəticələri, təkliflər və tövsiyələrdən bəhs olunub. Qeyd olunub ki, belə sorğular nəticəsində respublikanın şəhər və rayonlarında vətəndaşların və müştərilərin daşınmaz əmlakın qeydiyyatı sistemi haqqında məlumatları və münasibətləri öyrənilib.
Daşınmaz əmlakın qeydiyyatı sahəsi sosial yönümlü sahə olduğu üçün vətəndaş müraciətlərinin operativ təminatı şəffaflıq və ictimai etimad tədbirlərinin mühüm tərkib hissəsidir. Bu məqsədlə, komitə tərəfindən 193, 148 nömrəli qaynar xətlər əhalinin istifadəsinə verilib, komitənin rəsmi internet səhifəsində vətəndaş müraciətlərinin elektron qəbulu üçün imkanlar yaradılıb. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mütəmadi hüquqi maarifləndirmə tədbirləri həyata keçirilir, vətəndaşların qarşılaşdıqları çətinliklərlə bağlı hüquqi məsləhətlər verilir, qanunvericiliyin tələbləri izah edilir.
Çıxışlarda müasir informasiya texnologiyalarının tətbiqi ilə elektron əmlak idarəçiliyi sisteminin formalaşdırılmasından da bəhs olunub. Bildirilib ki, Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi və vahid korporativ kompüter şəbəkəsi yaradılıb, qeydiyyat prosesində səmərəlilik yüksəlib. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən elektron xidmətlərin tətbiqinə başlanması, elektron xidmətlərin sayının tədricən artırılması, daşınmaz əmlakla bağlı müraciətlərin elektron qəbulu daşınmaz əmlakın qeydiyyatı prosesini operativ və daha etibarlı edib. Daşınmaz Əmlakın Vahid Qeydiyyatı, Kadastr və İdarəedilməsi Sisteminin (DƏQKİS) və daşınmaz əmlaka dair qeydiyyat məlumatlarının elektron arxivinin yaradılması istiqamətində mühüm işlər görülüb. Vətəndaşlara xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə mövcud ərazi qeydiyyat binaları müasir tələblərə uyğun təmir edilib və yeni binalar istifadəyə verilib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ, Xaçmaz, Lənkəran, Şəki və Gəncə rayonlarında yeni xidmət binaları tikilib, Bakı şəhəri üzrə 5 rayon filialının sayı artırılaraq 10-a çatdırılıb. Artıq Bakı şəhərinin 11 rayonunun hər birində müasir tələblərə cavab verən ərazi idarələri fəaliyyət göstərir.
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 interaktiv və 3 informativ elektron xidmətin cəmləşdiyi Elektron Xidmətlər Portalı (e-emdk.gov.az) vətəndaşların və hüquqi şəxslərin istifadəsinə verilib. Bura daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması, məhdudiyyət (yüklülük) arayışının alınması, ipotekanın və lizinqin qeydiyyatı, daşınmaz əmlak obyektlərinin ünvanları barədə arayışların alınması üçün elektron müraciətlərin qəbulu, dövlət əmlakının qorunması və istifadəsi vəziyyəti barədə illik xüsusi hesabatların elektron qəbulu kimi xidmətlər daxildir.
Yaxın zamanlarda komitə tərəfindən vətəndaşların istifadəsinə yeni elektron xidmət veriləcək. Bu xidmət vasitəsi ilə əmlak sahibləri rüsum ödəməklə internet vasitəsi ilə elektron qaydada öz əmlakları barədə məlumat almaq imkanları əldə edəcəklər. Artıq bu xidmətlər sayəsində vətəndaşlar idarəyə getmədən, heç bir əlavə vaxt sərf etmədən daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün birbaşa internet vasitəsi ilə elektron müraciət edə bilirlər.
Digər bir yenilik isə, təkrar bazarlarda əmlak əldə etmiş vətəndaşların həmin əmlak barədə öz hüquqlarını daha tez şəkildə reyestrdə qeydiyyata almaqdır. Yeni mexanizmə görə notariuslar tərəfindən təsdiq edilmiş müqavilələr, ödəniş sənədləri elektron sistem vasitəsilə dərhal ərazi qeydiyyat idarəsinə göndəriləcək, əlavə proseduralar aradan qaldırılacaq, icra işlərinə başlanacaq, çeviklik təmin ediləcək.
Müraciətlərin elektron qəbulu qeydiyyat prosesini etibarlı və daha çevik edib. Ümumilikdə, qısa müddətdə elektron xidmətlər vasitəsilə 8000-ə yaxın müraciət daxil olub. Hazırda elektron xidmətlərin sayının artırılması üzərində işlər aparılır. Dövlət əmlakının özəlləşdirilməsi və hərracların keçirilməsi sahəsində yeni elektron xidmətlərin təşkilinə dair təkliflər hazırlanır. Komitə tərəfindən daha 10 elektron xidmətin təşkili və istifadəyə verilməsi nəzərdə tutulur. Qeyd edilməlidir ki, elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması vətəndaşların həmin xidmətlərdən məmnunluğunun yüksəldilməsinə xidmət edir.
Məlumat üçün bildirək ki, daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) real vaxt rejimində verilməsi, əmlakla bağlı hüquqi əməliyyatların notariat orqanları ilə “onlayn” rejimdə, yəni birbaşa internet vasitəsilə sürətli əlaqə yaradılmaqla aparılması istiqamətində ilkin hazırlıq işləri görülür. Daşınmaz əmlakın dövlət reyestrindən arayışların notariat idarələrinə real vaxt rejimində ötürülməsi, dövlət reyestrində olan məlumatların onlayn mübadiləsinə dair təkliflər artıq hazırlanıb və təqdim edilib. Qeyd olunan məsələlərin komitə və Ədliyyə Nazirliyi arasında qarşılıqlı fəaliyyətlə tənzimlənməsi nəzərdə tutulub.
Nəzərdə tutulan işlərin yaxın gələcəkdə icrası nəticəsində qeydiyyat prosesi daha da sadələşəcək, qeydiyyat müddətləri kifayət qədər qısalacaq. Daha çevik və şəffaf qeydiyyat prosedurları tətbiq ediləcək və daşınmaz əmlaka dair sorğuların və müraciətlərin operativ təmin edilməsinə geniş zəmin yaranacaq. Vətəndaşlar, fiziki və hüquqi şəxslər, mülkiyyətçilər və əmlakla bağlı maraqlı tərəflər bu imkanlardan daha geniş faydalanacaq. Sənədləşdirmə prosesinə sərf etdiyi vaxta qənaət olunacaq. “Onlayn” rejimdə qarşılıqlı fəaliyyətin tətbiqi əhalinin daşınmaz əmlakla bağlı xidmətlərdən istifadəsini yüngülləşdirəcək, daşınmaz əmlaka dair hüquqi əməliyyatların kifayət qədər sürətli və sadə şəkildə həyata keçirilməsinə səbəb olacaq.
Bütün bu fəaliyyətlərin nəticəsidir ki, son iki ildə daşınmaz əmlakın qeydiyyatı sürətlənmiş və əvvəlki illərlə müqayisədə qeydiyyata alınan daşınmaz əmlakların sayı maksimum həddə çatmışdır. Eyni zamanda göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi də artmaqda davam edir.