Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 29 noyabrda keçiriləcək hərraca daha 98 dövlət əmlakı çıxarılıb
Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 624 min manata olan qeyri-yaşayış binasıdır. Nəsimi rayonu, Bülbül prospektində yerləşən daşınmaz əmlakın torpaq sahəsi 474,8 kv.m., tikili sahəsi isə 255,5 kv.m.-dir. Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 450 min manata Səbail rayonunda qeyri-yaşayış sahəsi, 300 min manata Qaradağ rayonunda Anbar, 386 min manata Sumqayıtda “Laçın” restoranı da var. Ən aşağı ilkin hərrac qiyməti isə Göyçayda yerləşən sahəsi 80,8 kv.m. olan qeyri-yaşayış sahəsinə məxsusdur. Belə ki, bu əmlak 4 min manat start qiyməti ilə təklif olunur.
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan qeyri-yaşayış sahələrindən 8-i, kiçik müəssisələrdən 12-si paytaxtda, qalanları isə respublikanın ayrı-ayrı şəhər və rayonlarında yerləşir.
Bu dəfəki hərracda 25 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Ağcabədi Aqrotexservis”, “Kürdəmir Kəndkimya”, “Lənkəran Broyler”, “Masazır Quşçuluq”, “Tovuz Məişət”, “Ucar İnşaat Xidmət”, “Zabrat Tikinti Quraşdırma” kimi səhmdar cəmiyyətlər var. Bu səhmdar cəmiyyətlərinin hərraca çıxarılmış bir səhminin nominal dəyəri müəssisədən asılı olaraq 0.5 manatdan 2 manata qədərdir.
Hərraclar hazırda daha rahat və açıq şəraitdə keçirilir. İstənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.