Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracı keçirib
Hərracda ən yüksək qiymət paytaxtın Qaradağ və Sabunçu rayonlarında yerləşən obyektlərə təklif olunub. Bunlar Qaradağ rayonundakı 193,5 kv.m. sahəsi olan Məişət evi və Sabunçu rayonunda yerləşən 67,1 kv.m. sahəsi olan 91 saylı mağazadır. Hər iki daşınmaz əmlaka 20 min manat təklif olunub və özəlləşdirilib. Eyni qiymət Kürdəmirdə yerləşən sahəsi 337 kv.m. olan 1 saylı çöbərəkbişirmə sexinə də təklif olunub.
Vurğulamaq lazımdır ki, hərraca çıxarılmış və özəlləşdirilmiş hər bir kiçik dövlət müəssisə və obyekti orta və kiçik portfelli biznesin qurulması və inkişafı üçün potensial daşınmaz əmlaklardır.
Hərracda özəlləşdirilmiş iri dövlət müəssisəsi olan “Pirallahı Çörək” səhmdar cəmiyyəti isə yeyinti sənayesi sahəsinə aiddir. Müəssisənin özəlləşdirilməsi sonradan qoyulacaq investisiya nəticəsində fəaliyyətin tam bərpası və gələcəkdə yeni iş yerlərinin yaradılmasına səbəb olacaqdır.
Hərracda iştirak edən və qalib olan vətəndaşlar tərəfindən hərrac bitdikdən sonra hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb. Bu əmlak sahibləri hərracda əldə etdikləri yeni mülkiyyətə dair dövlət reyestrindən çıxarışları da qısa müddətdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ala biləcəklər.
Xatırladaq ki, növbəti belə hərrac 08 noyabrda keçiriləcək və 77 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılıb.
Qeyd edilməlidir ki, hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayət edir. Hərracda iştirak edən lakin qalib olmayan sifarişçi hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edərək ödənilmiş behi geri ala bilər. Hərrac prosedurları barədə hər bir məlumatı 193 və (012) 566 07 44 nömrəli çağrı mərkəzlərində almaq mümkündür. Qeyd edək ki, özəlləşməyə çıxarılan hər bir dövlət əmlakının satış qiyməti, habelə mətn və foto məlumatlar, eləcə də əmlakların yerləşmə mövqeyini göstərən xəritələr (google map) Özəlləşmə Portalında əks olunur.