Növbəti hərracda 31 dövlət əmlakı özəlləşdirilib
Bu qaliblər hərrac protokolu və alqı-satqı müqaviləsini imzalayaraq əmlak sahibi olublar. Xatırladaq ki, hərracdan sonra bu vətəndaşların özəlləşdirdikləri əmlak üzərində mülkiyyət hüquqlarının təsdiqinə dair dövlət reyestrindən çıxarışlar da qısa müddətdə və rahat şəkildə vətəndaşlara təqdim olunur.
Hərracda özəlləşdirilmiş 3 iri dövlət müəssisəsindən “SAM” səhmdar cəmiyyəti sənaye, “İsmayıllı Kəndkimya” ASC aqrar, “Zaqatala Avtonəqliyyat” ASC isə nəqliyyat sahəsinə aid olan müəssisələrdir. Regionlarda yerləşən belə dövlət əmlaklarının özəlləşdirilməsi bu müəssisələrə irihəcmli investisiya qoyuluşlarına yol açmış olur. Belə müəssisələrin istehsal fəaliyyətinin bərpası və gələcəkdə yeni iş yerlərinin yaradılması son nəticədə regionların iqtisadi potensialının güclənməsinə imkan yaradır.
Hərracda satılmış kiçik dövlət müəssisə və obyektlərindən 6-sı paytaxtda, 2-si Sumqayıt şəhərində, 3-ü Şəmkirdə, 2-si Gədəbəydə, 1-i Xaçmazda və 2-si isə Gəncə şəhərində yerləşir. Bu əmlakların 9-u ticarət obyekti olub, qalanları isə xidmət və ictimai iaşə sahəsinə aid olub. Özəlləşdirilmiş 3 istifadəsiz qeyri-yaşayış sahəsinin hamısı Bakı şəhərində yerləşir. Vurğulamaq lazımdır ki, özəlləşmiş hər bir kiçik dövlət əmlakı kiçik sahibkarlığın qurulması və biznesin inkişafı üçün əlverişli daşınmaz əmlaklardır. Hərracda belə əmlakın sahibi olan fiziki və ya hüquqi şəxs kiçik investisiya ilə yeni biznes fəaliyyətinə başlaya və özəlləşdirdiyi əmlakı digər formalarda gəlir mənbəyinə çevirə bilər.
Xatırladaq ki, növbəti belə hərrac 01 noyabrda keçiriləcək və 101 dövlət əmlakı satışa çıxarılıb.
Qeyd edilməlidir ki, hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayət edir. Hərracda iştirak edən lakin qalib olmayan sifarişçi hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edərək ödənilmiş behi geri ala bilər. Hərrac prosedurları barədə hər bir məlumatı 193 və (012) 566 07 44 nömrəli çağrı mərkəzlərində almaq mümkündür. Yaxın gələcəkdə “onlayn hərrac”ların tətbiqi xarici investorlara dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçiriləcək hərraclarda internet üzərindən onlayn rejimdə iştirak etməyə imkan verəcək.
Qeyd edək ki, özəlləşməyə çıxarılan hər bir dövlət əmlakının satış qiyməti, habelə mətn və foto məlumatlar, eləcə də əmlakların yerləşmə mövqeyini göstərən xəritələr (google map) Özəlləşmə Portalında əks olunur. Bütün bunlar investorlar və özəlləşdirmədə iştirak etmək niyyəti olan potensial iştirakçıların satılan əmlaklar barədə daha geniş məlumata malik olmasına imkan verir.