Noyabr ayında baş tutacaq Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib
Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə tikinti sektoruna aid nəhəng şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələri, əmlak sektoru üzrə investorları Azərbaycanda professional bir məkanda toplayacaq. Sərgi çərçivəsində 23 noyabr 2016-cı il tarixində “Daşınmaz əmlak sektorunda investisiyalar” mövzusunda böyük konfransın keçirilməsi də nəzərdə tutulub.
RecExpo II sərgisi mövzusuna və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış daşınmaz əmlak sərgisidir. Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsidir. Eyni zamanda, özəlləşdirilmiş müəssisələrə investisiya yatırımları sayəsində onların fəaliyyətini tam potensialı ilə bərpa etməsi və gələcəkdə yeni iş yerlərinin yaradılmasına nail olunmasıdır. Sərgi bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərini və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.
Mətbuat konfransında bu beynəlxalq Sərginin Azərbaycanda son illər daşınmaz əmlak və torpaq idarəçiliyi, dövlət mülkiyyətinin özəlləşdirilməsi sahəsində aparılan islahatlar baxımından da mühüm əhəmiyyəti vurğulanıb. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Sərgidə yaradılacaq pavilyonda dövlət əmlakının özəlləşdirilməsi, torpaqların vahid elektron kadastr uçotu, müasir informasiya-kommunikasiya texnologiyaları sayəsində əmlak, ünvan, torpaq reyestri sahəsində yaradılmış sistemlər, elektron xidmətlər, proqram təminatları və digər yeniliklər nümayiş olunacaq. Qeyd olunub ki, Sərgidə iştirak edən yerli və xarici təmsilçilər özəlləşdirmə prosesi, yaradılmış investisiya mühiti, daşınmaz əmlakın dövlət reyestri sahəsində innovasiyalar, əmlak xidmətləri üzrə elektron və onlayn imkanlar, ünvan-naviqasiya sistemi və digər iri layihələr barədə əyani məlumat almış olacaqlar.
Konfransda Sərginin digər təşkilatçıları olan “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin nümayəndələri bildiriblər ki, iştirakçı siyahısına daşınmaz əmlakı sektorunun inkişafında mühüm rolu olan yerli və xarici şirkətlər, banklar, iri investorlar, səfirliklər və daşınmaz əmlak satışını həyata keçirən firmaların nümayəndələri daxildir. Sərgi həmçinin görüş, əməkdaşlıq və işbirliyi baxımından yerli və xarici şirkətlərə, dövlət və qeyri-dövlət subyektlərinə əlverişli imkanlar yaradacaq. Azərbaycan, Avropa, Orta Şərq və Qafqaz ölkələrinin ən cazibədar əmlak layihələrinin sərgilənəcəyi və beynəlxalq prestijli satış agentlərinin yer alacağı RecExpo II sərgisi iri investorların, tikinti və daşınmaz əmlak şirkətlərinin nümayəndələrinin son istehlakçılar və dövlət nümayəndələri ilə görüşməsini təmin edəcək. Daşınmaz əmlak sektorunun peşəkarları ilə yeni əlaqələr, brendlərin və layihələrin Azərbaycanda tanıtımı baxımından da bu beynəlxalq sərgi böyük fürsət deməkdir.
RecExpo II sərgisinin ən cəlbedici cəhəti burada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarıdır. Təşkilatçılar tərəfindən Sərgidə beynəlxalq arealda aktual olan bir çox yeni brendləri bir arada toplamağı planlaşdırır. Belə layihələrin eyni zamanda və bir platformada prezentasiyası əmlak alıcılarına təklifləri və fürsətləri müqayisə etmək və dəyərləndirmək, sərfəli variantları seçmək imkanı qazandırır.