Özəlləşdirmə portalından istifadə edənlərin sayı 132 mini ötüb
Özəlləşmə portalına gün ərzində orta hesabla 2 min istifadəçi daxil olur. Statistikaya əsasən, portaldan avqust ayında istifadə edənlərin sayı 55 min, sentyabr ayında isə 65 minə yaxın olub.
Azərbaycan istifadəçiləri ilə yanaşı, ABŞ, Kanada, Rusiya, Fransa, Türkiyə, Çexiyadan da portalı izləyənlərin sayı az deyil. Bu da onun göstəricisidir ki, Azərbaycanda özəlləşdirmə prosesi xarici investorlar üçün də maraqlıdır. Əcnəbi ölkələrdən daxil olan istifadəçilər portal vasitəsilə Azərbaycan Respublikası barədə ümumi məlumat ala, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar qanunvericilik bazası, zəruri hüquqi prosedurlar, ölkəmizdə sərmayə yatırımları üçün yaradılmış şərait, investisiya müsabiqələri və keçirilən hərraclar ilə tanış ola bilirlər.
Portal iki dildə (Azərbaycan və ingilis dillərində) təqdim edilir və burada olan məlumatların sosial şəbəkələrdə paylaşılması imkanları da mövcuddur. Portal yerli və xarici investorlar üçün rahat, funksional və etibarlı mənbədir və məlumatları bütün maraqlı tərəflər üçün əlçatan edir.
Qeyd edək ki, açıq hərraclar vasitəsilə özəlləşməyə çıxarılan hər bir səhmdar cəmiyyəti, kiçik dövlət obyekti və nəqliyyat vasitəsi barədə məlumatlar, eləcə də hərrac elanları da məhz bu portalda əks olunur. Belə ki, müəssisələrin, əmlakların və nəqliyyat vasitələrinin mövcud vəziyyətini və mövqeyini əks etdirən fotolar və mətn məlumatları portalda əksini tapıb. Hərrac elanında satışa çıxarılmış əmlakı görən vətəndaş portala daxil olaraq həmin əmlak barədə zəruri informasiyanı rahat və ətraflı şəkildə əldə edə bilir. Hərracda iştirak etmək istəyən vətəndaş əvvəlcə almaq istədiyi əmlakı seçdikdən sonra elektron qaydada sifariş verir və satış qiymətinin 10% məbləğində behi ödəyərək hərracda iştirak hüququ qazanır. İstənilən vətəndaş bir hərracda iştirak edib bir və ya bir neçə əmlakın sahibi ola bilər. Hərracda iştirak məhdudiyyətsizdir, həmçinin media və ictimaiyyət nümayəndələri açıq hərraclara gəlib prosesi əyani izləyə bilərlər.
Xatırladaq ki, növbəti belə hərrac 11 oktyabrda keçiriləcək. Bu dəfəki hərracda 85 dövlət müəssisə və obyektinin satışı baş tutacaq. Hərraca çıxarılan dövlət əmlaklarının 30-u səhmdar cəmiyyəti, 30-u kiçik dövlət müəssisə və obyekti, 25-i isə nəqliyyat vasitəsidir.
Yaxın gələcəkdə özəlləşmə ilə bağlı keçiriləcək bütün növ hərracların tamamilə elektron formada tətbiqi üçün də Portal çox faydalıdır. Belə ki, “onlayn hərraclar”ın reallaşması məhz adıçəkilən portal üzərindən mümkün olacaqdır. Bu da öz növbəsində sahibkarlarla məmurlar arasında ünsiyyəti aradan qaldırmaqla bu prosesdə şəffaflığı daha da artıracaqdır.