Ünvan Reyestri İnformasiya Sisteminin fəaliyyəti ilə bağlı müzakirələr aparılmışdır
Bildirilmişdir ki, daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, yeni yanaşmalar əsasında Ünvan Reyestrinin tərtibi və aparılması ölkəmizdə həyata keçirilən sosial yönümlü işlərin tərkib hissəsi olmaqla vətəndaşlarımızın sosial–məişət şəraitinin və rifah halının yaxşılaşdırılması tədbirlərindəndir.
Ünvan Reyestri İnformasiya Sistemi digər informasiya sistemlərinə daşınmaz əmlak obyektinin ünvan məlumatlarını çatdırmaqla “Elektron Hökumət”in tələblərini yerinə yetirəcəkdir və “Elektron Hökumət”in qurulmasına öz töhfəsini vermiş olacaqdır.
Bu məqsədlə, ölkəmizdə mövcud olan ünvan sistemi təhlil edilmiş, beynəlxalq layihə çərçivəsində xarici ölkələrin qabaqcıl ünvan təcrübələri öyrənilməklə giriş konsepsiyası əsasında Ünvan Reyestri İnformasiya Sistemi hazırlanmışdır. Avropanın Milli Məkan Məlumatlar İnfrastrukturu ilə bağlı qəbul olunmuş Direktivlərin tələblərini ödəyən Ünvan Reyestri İnformasiya Sistemi Azərbaycan Respublikasında Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması istiqamətində həyata keçirilmiş ilk layihədir. Daşınmaz əmlakın malik olduğu ünvan məlumatları ilə yanaşı onun coğrafi məlumatlarını da özündə saxlayan Ünvan Reyestri İnformasiya Sistemi Azərbaycan Respublikasında ünvan məlumatlarının yeganə rəsmi mənbəyidir.
Tədbirdə aidiyyəti dövlət orqanları ilə birgə Ünvan Reyestri İnformasiya Sistemində daşınmaz əmlak obyektlərinin ünvanları barədə toplanmış məlumatlardan səmərəli və praktiki istifadənin təşkil edilməsi, onların informasiya təminatı, sorğu və təhlil işlərinin avtomatlaşdırılması prosesinin və informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə edilmişdir.
Bildirilmişdir ki, yeni yanaşmalar əsasında tətbiq ediləcək ünvan sistemi ünvanlar haqqında istənilən anda müfəssəl məlumat əldə etmək imkanı yaradacaq, ünvanların axtarış sistemini sadələşdiriləcəkdir. Ölkə vətəndaşlarının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ünvan axtarışı məsələləri qaydaya salınacaq. Nəticədə müxtəlif xidmət sahələrinin fəaliyyətində, eyni zamanda təcili tibbi yardım, poçt xidməti, fövqəladə hallar və sair xidmətlərin fəaliyyəti zamanı operativlik təmin ediləcək, lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısı alınacaqdır. Eləcə də, əhali tərəfindən lazımı ünvanların axtarışında vaxt itkisinin qarşısı alınacaq.