Özəlləşdirilməyə yeni çıxarılmış dövlət əmlaklarının ictimai təqdimatı keçirilib
Bu məqsədlə dövlət əmlakının özəlləşdirilməsi prosesində müasir optimal yanaşmaların tətbiq olunduğu, rahatlığı və şəffaflığı daha da artıran yeni Özəlləşdirmə Portalının yaradıldığı və əhalinin, yerli və xarici investorların və digər maraqlı tərəflərin istifadəsinə verildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Özəlləşdirmə Portalı yeni istifadəyə verilsə də qısa müddətdə istifadəçilərin sayı 22 mini keçmişdir. İstifadəçilərin arasında Rusiya, Türkiyə, Gürcüstan, Almaniya, Estoniya və digər ölkələrdən də var.
Komitə qabaqcıl dünya standartlarına uyğun özəlləşdirmə prosesinin həyata keçirilməsi məqsədilə uğurlu beynəlxalq təcrübəni nəzərdən keçirib. Bu proseslərə nüfuzlu beynəlxalq şirkətlərdən məsləhətçilər və ekspertlər cəlb olunub. Bu baxımdan dövlət əmlakının özəlləşdirilməsi sahəsində yeni mərhələ başlanıb. Artıq Komitə tərəfindən çoxsaylı dövlət əmlaklarının özəlləşdirməyə çıxarılması ilə bağlı müvafiq hərrac elanlarının və ətraflı məlumatların Komitənin rəsmi internet resurslarında, Özəlləşdirmə portalında, «Mülkiyyət» qəzetində və mətbuatda dərc olunduğu qeyd olunub.
Aparat rəhbəri böyük ekranlı monitorda özəlləşdirilməyə çıxarılmış səhmdar cəmiyyətləri, dövlət müəssisə və obyektlərinin təqdimatını edərək hər biri barədə geniş məlumat verib. Təqdimat zamanı səhmlərinin bir hissəsinin özəlləşdirilməsi barədə elan verilən səhmdar cəmiyyətləri, Bakı və regionlarda yerləşən kiçik dövlət müəssisə və obyektləri monitorda əyani nümayiş etdirilib. Onların qiymətləri, alıcıların hərraclarda iştirakı ilə bağlı məsələlər, ödənişlərin banklar vasitəsilə edilməsi və s. barədə daha geniş və təfərrüatlı məlumat təqdim olunub. Məlumat verildiyi kimi, yerli və xarici investorların cəlb edilməsi üçün 6 səhmdar cəmiyyətinin əvvəlki istehsal imkanları, hazırkı vəziyyəti və gələcək perspektivliyini özündə əks etdirən profilləri hazırlanmış və qeyd olunan Özəlləşdirmə Portalında yerləşdirilib. Portalda həmçinin özəlləşən müəssisə və əmlakların yerləşmə mövqeyi ilə bağlı xəritə məlumatları, mövcud infrastrukturu ilə tanış olmaq mümkündür. Bütün bunlar investorlara və özəlləşdirmədə iştirak etmək niyyəti olan potensial iştirakçılara satılan əmlaklar barədə daha təfərrüatlı məlumata malik olmağa şərait yaradır.
Təqdimat çərçivəsində Aparat rəhbəri bildirib ki, dövlət əmlakının özəlləşdirilməsində şəffaflığın və ictimai məlumatlandırmanın təmin edilməsi, geniş alıcı kütləsinin cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir. Komitə bu cür təqdimatları mütəmadi olaraq hərraclar keçirildikcə ictimaiyyətə açıqlayacaq. Vətəndaşlar hərraca çıxarılan dövlət əmlakı barədə ətraflı informasiyanı şəffaf və sürətli qaydada əldə edə biləcəklər.
Hazırda yeni investisiya müsabiqələrinin elan olunması ilə bağlı hazırlıq işləri aparılır. Eləcə də, investorlar üçün onlayn məsləhət sistemi fəaliyyət göstərir. Bu sistemin vasitəsi ilə özəlləşdirmə prosesi ilə bağlı istənilən sualla Komitəyə müraciət edib qısa zamanda ətraflı məlumat ala bilirlər. Bildirilib ki, komitə geniş əhali təbəqəsini və bütün maraqlı tərəfləri yeni özəlləşdirmə prosesində aktiv iştirak etməyə dəvət edir. Həmçinin iddiaçılara əmlaka yerindəcə baxış üçün də şərait yaradılması təmin edilir. Qeyd olunub ki, mərhələli şəkildə çoxlu sayda dövlət müəssisə və obyektlərinin qarşıdakı dövrdə özəlləşdirməyə çıxarılması nəzərdə tutulur.
Xatırladaq ki, komitə tərəfindən ilkin mərhələdə 65 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edilib. Bu əmlakların 25-i iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin 30%-lik səhm paketləri, 2-si qeyri yaşayış sahəsi, 28-i digər dövlət əmlak və obyektləri, 10-u isə nəqliyyat vasitələridir. Belə ki, özəlləşdirməyə çıxarılan dövlət əmlakları inventar qiyməti ilə deyil, bazar dəyərlərinə uyğun qiymətlərlə hərraclara çıxarılıb.
Qeyd edək ki, dövlət başçısının fərman və sərəncamlarına əsasən Komitə tərəfindən tətbiq edilən bu genişmiqyaslı yeniliklər ölkədə özəlləşdirmə prosesinin sürətlənməsi və səmərəliliyinin artırılmasına xidmət edir. Bu tədbirlər böyük özəlləşdirmə prosesinə geniş əhali kütləsinin, daha çox xarici və yerli investorların cəlb olunmasına imkan verəcək. Bu isə nəticədə iqtisadi inkişaf tempinin yüksəlməsinə, yeni iş yerlərinin yaradılmasına, özəlləşdirmədən dövlət büdcəsinə daxil olmaların artırılmasına səbəb olacaq.