Əmlak Məsələləri Dövlət Komitəsi növbəti böyük layihəni reallaşdırır
Nəticədə, həmin bölgədə yaşayan sakinlər və əmlak sahibləri artıq öz əmlaklarını və torpaqlarını yeni – faktiki mövcud göstəricilərlə dövlət qeydiyyatına ala bilərlər. Bunun üçün vətəndaşlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Gəncə və Şəkidəki qeydiyyat idarələrinə müraciətlər edə bilərlər.
Qeydiyyat idarələri ilə yanaşı, vətəndaşlar qeydiyyat məsələləri ilə bağlı suallarını Komitənin rəsmi internet səhifəsi, komitə və DƏDRX-in çağrı mərkəzləri vasitəsilə də ünvanlaya bilərlər. Bundan əlavə, «Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı» layihəsi çərçivəsində Facebook səhifəsi də yaradılmışdır (səhifənin adı - Gəncə və Şəkidə daşınmaz əmlakın qeydiyyatına dəstək). Vətəndaşlar bu səhifəyə müraciət etməklə də əmlakın qeydiyyatı ilə bağlı ətraflı məlumat ala bilərlər.
Layihə sayəsində, ilk növbədə, Gəncə və Şəkidə daşınmaz əmlaklarla bağlı bütün məlumatlar - onların yeri, koordinatları və ölçüləri müasir texnologiyalar vasitəsilə dəqiqləşib. Bununla da, indiyədək mövcud olmuş anlaşılmazlıqlar və qeyri-dəqiqliklər aradan qalxacaq. Əhalinin əmlak sənədlərinin öyrənilməsi nəticəsində daşınmaz əmlakın sənədləşdirilməsinin hansı səviyyədə olduğu müəyyən ediləcək. Bu isə, Gəncə və Şəki əhalisi üçün sənədləşdirilmiş torpaq və daşınmaz əmlakdan səmərəli istifadə etməyə imkan verəcək.
Bununla yanaşı, layihə zamanı toplanan məlmatlar daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı prosesində bir sıra çətinliklərin həllinə kömək edəcək. Daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı prosedurlar sadələşəcək, qeydiyyata sərf olunan vaxt azalacaq, məlumatların dəqiqliyi təmin olunacaq. Nəticədə əhaliyə göstərilən xidmət səviyyəsi, habelə şəffaflıq və operativlik daha da artacaq.
Xatırladaq ki, 2013-cü ildən başlanan layihənin Gəncədə icrası artıq yekunlaşıb və şəhərin mükəmməl elektron kadastr informasiya bazası yaradılıb. 2016-cı ilin sentyabrında isə Şəkidə layihənin tamamlanması nəzərdə tutulur. Ötən müddətdə həm Almaniyadan olan məsləhətçilər, həm də yerli özəl şirkətlər layihənin icrasında birbaşa iştirak ediblər. Layihə çərçivəsində aparılan kadastr işlərinə yerli özəl qurumlar də cəlb edilib.
Qeyd edək ki, layihənin icraçısı olan Almaniyanın GFA/GCİ konsorsiumu oxşar layihələri Şərqi Avropa, Bosniya və Hersoqovina, Kosova və Rumıniyada da həyata keçirib. Eyni zamanda, belə layihələr bir sıra Cənubi Amerika və Afrika ölkələrində də reallaşıb.