Azərbaycanda mülkiyyət islahatları və özəlləşdirmə: sosial-iqtisadi nəticələr və inkişaf meyilləri
Müdrik rəhbərimiz müstəqilliyini yeni bərpa etmiş respublikamızın milli iqtisadiyyatını səmərəli iqtisadi sistem əsasında, habelə xüsusi mülkiyyət, azad sahibkarlıq və sağlam rəqabət prinsipləri üzərində qərarlaşdırmaq və inkişaf etdirmək barədə Buna nail olmaq üçün strateji xəttini müəyyən etdi. Buna nail olmaq üçün hökumətin ardıcıl və sistemli iqtisadi islahatlar proqramlarını işləyib hazırlamaq tələb olunurdu. İqtisadi islahat proqramlarının işlənməsi və həyata keçirilməsi prosesində nəzərə alınmalı ən ümdə cəhət ondan ibarət idi ki, Azərbaycan vahid mərkəzləşdirilmiş iqtisadiyyatın tərkib hissəsi olan qapalı iqtisadi sistemdən tamamilə müstəqil və suveren dövlətin iqtisadiyyatına - milli iqtisadiyyata keçidi təmin etməli idi. Eyni zamanda, bu mərhələdə iqtisadiyyatın idarə olunması sahəsində hökm sürən inzibati-amirlik metodlarından öz-özünü tənzimləyən sərbəst bazar münasibətlərinə keçid məsələsi həll edilməli idi.
Xüsusi mülkiyyət, azad sahibkarlıq və sağlam rəqabətə əsaslanan sərbəst iqtisadi münasibətlər sisteminə keçid bilavasitə mülkiyyət münasibətlərinin kökündən dəyişdirilməsi, iqtisadiyyatın liberallaşdırılması məsələlərini zəruri edirdi. Demək olar ki, ö dövrdə əmlakın 95%-dən çoxunun dövlətin nəzarətində olduğu bir şəraitdə özəlləşdirilmə aktual məsələyə çevrilmişdir. Ümmummilii Liderin rəhbərliyi ilə hökumət səviyyəsində, iqtisadiyyatla məşğul olan elmi təşkilatlar, iqtisadçı alimlər, ictimai-siyasi təşkilatlarla aparılan müzakirələrdə mülkiyyət islahatları və dövlət əmlakının özəlləşdirilməsi iqtisadi islahatların həlledici istiqaməti kimi ön plana çıxırdı.
Bu, hər şeydən əvvəl onunla izah olunurdu ki, ölkə iqtisadiyyatının ilkin özəklərini təşkil edən müəssisələr, təsərrüfat strukturları və istehsal obyektləri dövlət mülkiyyətində idilər. Belə bir şəraitdə iqtisadiyyatda sabitləşmənin, liberallaşmanın və sahibkarlığın inkişafının təmin olunması bu müəssisələrin tez bir zamanda özəlləşməsindən bilavasitə asılı idi.
Mülkiyyətin özəlləşdirilməsi ölkəmizin özəlləşdirməqabağı iqtisadi vəziyyəti, ümumi sosial-iqtisadi göstəriciləri və tənəzzül meyilləri ilə də şərtlənirdi.
Mövcud iqtisadi fəaliyyət mexanizmlərinin və idarəetmə sistemlərinin pozulması, respublikalararası və müəssisələrarası iqtisadi əlaqələrin tamamilə iflic olması səbəbindən dövlət mülkiyyətində olan müəssisələrin səmərəli idarə olunması, maliyyə-iqtisadi göstəricilərinin heç olmasa əvvəlki səviyyədə saxlanılması mümkün deyildi. Bu səbəbdən müəssisələrdə çalışan işçilərin iş yerlərinin saxlanılması, nəticə etibarilə məşğulluq problemlərinin qarşısının alınması mümkünsüz olmuşdu. Eyni zamanda dövlət tərəfindən müəssisələrə investisiya qoyuluşlarının birdən-birə kəsilməsi, müəssisələrin isə özlərinin dövriyyə vəsaitlərinin olmaması artıq iqtisadi təsiretmə faktoru olaraq onların təsərrüfat fəaliyyətində ciddi mənfi təzahürlər yaratmışdır. Bununla yanaşı, satış bazarlarının itirilməsi, xammal və resurs mənbələrinin əlçatmazlığı mövcud dövlət müəssisələrinin iflasına səbəb olmuşdur.
Bütün oxşar tənəzzül meyilləri ölkənin makroiqtisadi göstəricilər sahəsində də təkrar olunurdu. İnflyasiyanın yüksək həddinin idarə olunmaması, ümumi daxili məhsulun həcminin davamlı olaraq aşağı düşməsi, sənaye və kənd təsərrüfatı məhsullarının azalan xətt üzrə dinamikası, daxili və xarici ticarət dövriyyələrinin kəskin azalması, bütün bu kimi hallarla yanaşı işsizlik və məşğulluq sahəsindəki problemlər böhranı daha da dərinləşdirmişdi. 1991-ci ildən etibarən 1996-cı ildə islahatlar başlayana qədər ümumi daxili məhsul, sənaye məhsulu, kənd təsərrüfatı məhsulları, nəqliyyatda yük dövriyyəsi, pərakəndə əmtəə dövriyyəsi, kapital qoyuluşları, idxal və ixrac dövriyyələrinin həcmi hər il əvvəlki ilə nisbətən 20-25% aşağı düşmüşdür.
Qeyd olunan iqtisadi və sosial faktorlar, eləcə də respublikanın qüdrətli milli iqtisadiyyatının formalaşması zərurəti mülkiyyətin dövlətin nəzarətindən daha səmərəli mülkiyyətçilərə verilməsini diktə edirdi.
Məlum olduğu kimi, digər keçmiş postsovet ölkələrindən fərqli olaraq Azərbaycanda özəlləşdirmə proqramlarının həyata keçirilməsi müəyyən obyektiv səbəblərdən ləngimişdir. 1991-95-ci illərdə respublikamızda ictimai-siyasi və hərbi sahədə mövcud olmuş gərgin vəziyyət iqtisadi islahatların, o cümlədən özəlləşdirmənin aparılmasına ciddi maneçilik yaratmışdır. Lakin, Ulu Öndərimizin uğurla həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olduqdan sonra, iqtisadi islahatlara, o cümlədən onun mühüm istiqamətlərindən biri olan dövlət əmlakının özəlləşdirilməsi prosesinə start verilmişdir.
Uzun illər boyu yaradılmış dövlət mülkiyyəti formasına əsaslanan əmlakın, müəssisə və obyektlərin özəlləşdirilməsi məsələsi radikal bazar islahatlarını əhatə edən Dövlət Proqramlarının əsas tərkib hissəsi hesab edilmişdir. Azərbaycan dövləti tərəfindən özəlləşdirilməyə ilk gündən iqtisadi inkişafın əsas vasitəsi kimi vahid dövlət siyasəti formasında yanaşılmış, bu sahədəki tədbirlər əlaqəli şəkildə həyata keçirilmişdir. Ümummilli Lider Heydər Əliyev tərəfindən özəlləşməni həyata keçirən qurumlar qarşısında özəlləşdirmənin iqtisadi səmərə və sosial ədalət prinsipləri əsasında aparılması vəzifəsi qoyulmuşdur.
Ulu Öndərin qəbul etdiyi özəlləşdirmə proqramının başlıca məqsədləri iqtisadiyyatın gələcək inkişafı və dirçəlişi, bazar iqtisadiyyatı sisteminin bərqərar olması və normal fəaliyyəti üçün təməl şərtlərinin yaradılması hesab edilmişdir. Bununla yanaşı konkret məqsədlər aşağıdakılar elan edildi:
- İqtisadiyyatın liberallaşdırılması, xüsusi mülkiyyətçilər təbəqəsinin və azad sahibkarlığın inkişaf etdirilməsi;
- İstehsalın səmərəliliyinin və milli gəlirin artımının həlledici amili kimi mülkiyyətin səmərəli strukturunun yaradılması;
- İqtisadiyyatın strukturunun yenidən qurulması, inhisarsızlaşdırılma və rəqabət mühitinin formalaşdırılması zəminində iqtisadi səmərəliliyin yüksəldilməsi;
- Müəssisələrə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi;
- Əhlinin həyat səviyyəsinin və sosial rifahının yaxşılaşdırılması.
Bununla yanaşı, beynəlxalq təcrübə göstərir ki, özəlləşdirməni həyata keçirmiş və keçirməkdə olan bəzi ölkələrdə özəlləşdirmənin digər məqsədləri də ortaya çıxır:
-Özəlləşdirmədən əlavə gəlirlər əldə edərək dövlət büdcəsinə köçürülməsi;
-Fond bazarının yaradılması, qiymətli kağızlar institutunun hərəkətə gətirilməsi;
-Dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması;
-Təsərrüfatçılıqda yeni idarəçilik metodları “nou-hau” tətbiq etmək bacarığına və imkanlarına malik investorlar cəlb edilməsi.
Dövlət əmlakının özəlləşdirilməsinin məqsədlərinə uyğun olaraq onun həyata keçirilməsinin əsas prinsipləri aşağıdakılardır:
-Özəlləşdirməyə dair tədbirlərin aşkarlıq şəraitində həyata keçirilməsi, onun gedişi üzərində dövlət və ictimai nəzarətin təmin edilməsi;
-Dövlət əmlakının özəlləşdirilməsi prosesində əmək kollektivlərinin qanunvericilikdə müəyyən olunmuş mənafelərinin qorunması;
-Sağlam rəqabət mühitinin formalaşdırılması və antiinhisar qanunvericiliyinin tələblərinin gözlənilməsi;
-Özəlləşdirmə prosesində bütün subyektlər üçün bərabər şəraitin yaradılması.
Özəlləşdirmənin qarşısında duran məqsədlərə nə dərəcədə nail olunması onun hansı model əsasında həyata keçirilməsindən çox asılıdır. Özəlləşdirmədən öncə bir çox ölkələrin, o cümlədən Şərqi və Mərkəzi Avropa ölkələrinin, Rusiyanın, Qazaxıstanın, Baltikyanı ölkələrinin özəlləşdirmə təcrübəsi öyrənilərək hazırlanan proqramlarda nəzərə alınmışdır. Təhlillər əsasında Azərbaycanda özəlləşdirmənin qarışıq modeli qəbul edilmiş, dövlət əmlakının bir hissəsinin əmək kollektivi üzvlərinə və respublika vətəndaşlarına əvəzsiz verilməsi qərara alınmışdır.
Yuxarıda qeyd olunan məqsəd və prinsiplər nəzərə alınmaqla respublikamızda özəlləşdirmənin normativ-hüquqi və təşkilati bazası yaradılmışdır. Özəlləşdirmənin hüquqi bazası ilə yanaşı onun təşkilati əsasları yaradılmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə 1996-cı ildən etibarən bir sıra nazirlik, dövlət komitəsi, konsern və şirkətlər ləğv edilmiş, onların tabeliyində olan müəssisə və obyektlər özəlləşdirməyə açıq elan edilmiş, özəlləşdirmənin daha sürətli və çevik formada aparılması üçün zəmin yaranmışdır. Vahid dövlət siyasəti olaraq müəssisələrin özəlləşdirilməsi ayrı-ayrı nazirlik və baş idarələrdə əlaqəli şəkildə həyata keçirilmişdir.
Özəlləşdirmənin başlandığı dövrdən indiyədək 50 minə yaxın dövlət müəssisə və obyekti özəlləşdirilmişdir. Özəlləşdirmə prosesində orta və iri dövlət müəssisələrinin çevrilməsi nəticəsində 1600-ə yaxın səhmdar cəmiyyəti yaradılmış və sonradan özəlləşdirilmişdir.
Özəlləşdirmənin başlandığı dövrdən etibarən müəssisə və obyektlərin özəlləşdirilməsindən təxminən 600 mln. manat dövlət büdcəsinə daxil olmuşdur ki, bu da müvafiq qaydada ölkənin müəyyən sosial-iqtisadi problemlərinin həllinə yönəldilmişdir.
Özəlləşdirmə prosesində 100-ə yaxın dövlət müəssisə və obyekti investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş bu da müəssisələrin və cəlb edilmiş investorların fəaliyyəti üçün əlverişli şərait yaratmışdır. İnvestisiya müsabiqələrinin qalibləri tərəfindən həmin müəssisələrdə istehsal fəaliyyətinin bərpası, iş yerlərinin açılması yeni texnologiyaların və idarəetmə təcrübəsinin tətbiqi məqsədilə 550 mln. ABŞ dolları məbləğində vəsaitin investisiya şəklində qoyulmuşdur.
İlkin təhlillər göstərir ki, müsabiqə yolu ilə özəlləşdirilmiş keçmiş dövlət müəssisələrinin fəaliyyətində özəlləşdirmədən sonra əsaslı dönüş yaranmış, müəssisələrin istehsal ahəngi bərpa edilmiş, zəruri investisiyalar cəlb olunmuş və rəqabət qabiliyyətli istehsal-texniki və istehlak təyinatlı bir sıra məhsulların respublikamızda istehsalına nail olunmuşdur. Eyni zamanda, həmin müəssisələrdə çalışmış minlərlə insanlar iş yerlərinə qayıtmış və yeni iş yerləri açılmışdır. Respublika iqtisadiyyatında əhəmiyyətli nəticələr əldə etmiş “Baku-Steel Company”, “Bakı Mayesiz Transformatorlar”, “Goradil Quşçuluq”, “Sabunçu Azot Oksigen”, “Qaradağ Sement”, “Bakı Şampan Şərabları”, “Gəncə Şərab-2” və digər müəssisələrin adlarını göstərmək olar.
Artıq qeyd etmək olar ki, geniş miqyaslı özəlləşdirmə tədbirlərinin həyata keçirilməsi prosesinin məntiqi nəticəsi olaraq müəssisələrin əmək kollektivləri üzvləri və digər vətəndaşlar işlədikləri müəssisələrin habelə maraq doğuran başqa müəssisələrin mülkiyyətçilərinə və səhmdarlarına çevrilmişlər. Hazırda 120 mindən çox səhmdar müxtəlif səhmdar cəmiyyətlərin səhmlərinə malikdirlər onların kooperativ idarəolunması prosesində iştirak edir, cəmiyyətlərin fəaliyyətinin nəticələrindən asılı olaraq müəyyən gəlirlər əldə edirlər.
Ticarət, xidmət, tikinti, istehlak malları istehsal edən yüngül yeyinti emal sahələrində dövlət müəssisələrinin özəlləşdirilməsi nəticəsində bazar münasibətləri tam formalaşmış yerli bazar tələbatı istehsalçılar tərəfindən təmin olunmuş, bu sahələrə müasir texnologiya avadanlıq və idarəetmə təcrübəsi cəlb edilmişdir. Nəticədə dövlətin bir neçə il öncə çox ciddi məşğul olduğu və bəzi hallarda problemlərlə rastlaşdığı sahələrə aid təsərrüfat qayğılarından azad olunması təmin edilmiş, bu funksiyalar dövlətdən daha çevik və səmərəli sahibkar strukturlarına ötürülmüşdür.
Özəlləşdirmə prosesində diqqət veriləsi əh mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin dəstəklənməsi, restrukturizasiyası və sağlamlaşdırılması məsələləridir. Bu sahədəki tədbirlər həmin müəssisələrə vergi, kredit, gömrük və digər bu kimi güzəştlərin edilməsini bazarın və istehsalçıların qorunması məsələlərini əhatə edir. Aparılan təhlillər göstərir ki, özəlləşdirmənin ilk illərində çoxlu sayda özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin lazımi səviyyədə dəstəklənməməsi səbəbindən istehsalın bərpası, iş yerlərinin açılması və onların səmərəli fəaliyyəti təmin olunmamışdır. Əsasən emal və istehsal yönümlü müəssisələrdə konserv, şərabçılıq, quşçuluq, yeyinti, yüngül sənaye müəssisələrində yeni mülkiyyətçilər lazımi iqtisadi nəticələri əldə etməmişdir. Burada özəlləşmiş müəssisələrin dövriyyə vəsaitlərinin olmaması özəlləşdirilənə qədər yığılıb qalmış kreditor borclar, yerli istehsalçıların mənafelərinin qorunmaması kimi problemlər onların fəaliyyətinə ciddi əngəl yaratmışdır.
2000-ci ildən başlayaraq Ulu Öndər tərəfindən imzalanmış müvafiq fərman və sərəncamları ilə özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin dəstəklənməsi və sahibkarlığın inkişafı məqsədi ilə zəruri qərarlar qəbul edilmişdir. Özəlləşdirilən müəssisələrin dövlətə və dövlət təşkilatlarına olan borclarının silinməsi barədə qanunun qəbulu müəssisələrin fəaliyyətində iqtisadi aktivliyi artırmış, investisiyaların cəlb edilməsini və təşəbbüskarlığı təmin etmişdir. Özəlləşdiriləm müəssisələrin məcburi sosial ödəmələrinin tənzimlənməsi barədə müvafiq qərar qəbul edilmişdir ki, bu da özəlləşənə qədər dövlət müəssisələrinin əlilliyə görə müavinət, pensiyalar, müxtəlif təyinatlı sosial borclarının büdcə vəsaiti hesabına ödənilməsini nəzərdə tutmuşdur.
Özəlləşdirmənin sonrakı mərhələsi iqtisadiyyatın mühüm sahələrinə aid olan müəssisələri əhatə etmişdir. Özəlləşməyə açılmış maşınqayırma, metallurgiya, neft-kimya, kimya sahələrinin investisiyaya olan tələbatının dolğun ödənilməsi məqsədi ilə strateji investorlarla daha çox əməkdaşlıq qurulmuş və iqtisadiyyatın aparıcı müəssisələri kimi onların əlverişli üsullarla özəlləşdirilməsi təmin olunmuşdur.
Eyni zamanda telekommunikasiya və hava yolları sektorlarında islahatlar, mövcud müəssisələrin özəlləşdirilməsi qarşıda duran mühüm vəzifələrdəndir. AR Prezidentinin məlum sərəncamları ilə özəlləşdirməyə açılmış Rabitə Nazirliyinin və “Azal” DK-nin bəzi müəssisələrinin, o cümlədən müştərək müəssisələr.
Qarşıdakı illərdə özəlləşdirmənin daha çevik sürətli tempi təmin edilməli, iqtisadiyyatda xüsusi əhəmiyyət kəsb edən dövlət müəssisələrinə özəlləşdirmək yolu ilə mütərəqqi texnologiya və avadanlıqlar cəlb edilməli, təsərrüfat funksiyaları ilə məşğul olan iri dövlət şirkətlərinin restrukturizasiyası, inhisarsızlaşdırılması və sağlamlaşdırılması sahəsində işlər həyata keçirilə bilər.
Bütün bu tədbirlərin başlıca məqsədi əhalinin sosial-iqtisadi rifah halının yaxşılaşdırılması və dövlətimizin iqtisadi dayaqlarının daha da möhkəmləndirilməsidir. Bu mənada ölkəmizin aparılan özəlləşdirmə özlüyündə məqsəd deyil, qeyd olunan məsələlərə nail olmaq üçün bir vasitə hesab edilir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycanda köklü və hərtərəfli islahalatlar sivil bazar iqtisadiyyatı münasibətlərinin formalaşmasına və davamlı inkişafa gətirib çıxarmışdır. Ümummillü Liderimizi rəhbərliyi ilə aparılmış islahatlar bu gün baş verən sıçrayışlı inkişaf üçün möhkəm təməl yaratmışdır.
Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illər uğurlu sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi əmlak-torpaq münasibətlərinin modernləşdirilməsinə, daşınmaz əmlak idarəçiliyinin yeni mexanizmlərinin formalaşmasına, daşınmaz əmlakın qeydiyyatı, kadastrı və ünvan reyestri sahəsinin inkişafına təkan vermişdir. Ölkəmizdə əmlak məsələləri ilə bağlı idarəçilik son illərdə institusional və qanunvericilik baxımından ciddi inkişafda olmuşdur. Mülkiyyət hüquqlarının qorunması, əmlak-torpaq idarəçiliyi sahəsində müşahidə olunan bu inkişaf reallaşdırılmış layihələrin, tətbiq edilmiş yeniliklərin nəticəsidir. Mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış Fərmanlar mülkiyyət münasibətlərində tərəqqinin yeni mərhələsinin hüquqi əsası olmuşdur.
Müasir dövrdə istənilən ölkədə səmərəli daşınmaz əmlak idarəçiliyi sistemi və şəffaf xidmətlər üçün ölkə üzrə daşınmaz əmlaklar haqqında vahid və etibarlı informasiya bazası həlledici rol oynayır. Tam əhatəli, dəqiq, etibarlı və çevik qaydada yeniləşən vahid informasiya bazası Milli Məkan Məlumatları İnfrastrukturunun əsası hesab olunur.
Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində ictimai etimadın gücləndirilməsi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə, sosial amillərin gücləndirilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin göstərilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı prosesinin şəffaf mexanizmlər əsasında aparılması, operativliyin və etibarlılığın təmin olunması, prosedurların sadələşdirilməsi, vətəndaşlara və hüquqi şəxslərə göstərilən xidmət keyfiyyətinin davamlı artırılması üçün əməli addımlar atılmışdır. Bütün bu işlər daşınmaz əmlakın qeydiyyatının və vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəlməsinə imkan yaratmışdır.
Son illərin ən mühüm uğurlarından biri məhz daşınmaz əmlakın qeydiyyatı sisteminin sadələşdirilməsi və müasirləşdirilməsidir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” prinsipi tətbiq edilməyə başlanılmış, qeydiyyat prosesində bütün hüquqi əməliyyatların bir mərkəzdə həyata keçirilməsi təmin edilmişdir. “Bir pəncərə” prinsipi nəinki daşınmaz əmlak və torpaqların qeydiyyatında, eyni zamanda torpaq idarəçiliyi ilə bağlı məsələlərin həllində də uğurla tətbiq edilir. Qeydiyyat sisteminin inkişafında başlıca addımlar innovasiyaların tətbiqi, prosedurların ən mümkün səviyyədə maksimum sadələşdirilməsi və sosial yönümlü tədbirlərə geniş yer verilməsidir. Məhz bu 3 istiqamətdə atılmış məqsədyönlü addımlar sayəsində qeydiyyat sistemi bu gün müasir və optimal sistem səviyyəsinə gəlib çatmışdır.
Azərbaycan Respublikası Prezidentinin vətəndaşlara operativ və şəffaf xidmətlərin göstərilməsi, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi barədə tapşırıqlarına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi xidmətlərin elektron müstəviyə keçirilməsi üzrə fəaliyyəti davam etdirir. İnnovativ addımlar sırasında elektron, SMS və onlayn xidmətlərin tətbiqi xüsusilə qeyd edilməlidir. Vətəndaşlara, fiziki və hüquqi şəxslərə 31 elektron, 2 onlayn xidmət təqdim olunur. Fəaliyyət sahələri üzrə elektron xidmətlərin istifadəyə verilməsi göstərilən dövlət xidmətlərində şəffaflığın, operativliyin və rahatlığın əhəmiyyətli dərəcədə artması ilə nəticələnmişdir. İndiyədək elektron və onlayn xidmətlər vasitəsilə 340 minə yaxın müraciətin daxil olması və xidmət istifadəçilərinin sayının əvvəlki dövrlərlə müqayisədə artması bu xidmətlərə olan marağın yüksəlməsini əyani göstərir. Vahid korporativ şəbəkə və mərkəzləşdirilmiş elektron məlumat bazası yaradılmış, komitənin İnformasiya Texnologiyaları Mərkəzi istifadəyə verilmişdir. Mərkəz Komitənin bütün texnoloji resurslarının və informasiya sistemlərinin vahid mərkəzdən kompleks və müasir tələblərə uyğun idarə edilməsini təmin edir.
Qeydiyyat üçün tələb olunan müddətlərin mərhələli şəkildə qısaldılması, qeydiyyat prosedurlarının minimuma endirilməsi digər mühüm nailiyyətlərdəndir. Məhz komitə tərəfindən onlayn xidmətlərin istifadəyə verilməsi qeydiyyat prosesinin 4 prosedurdan 1 prosedura enməsini təmin etmişdir.
Son illərdə qeydiyyat sahəsində sosial amillər daha da gücləndirilmişdir. Müntəzəm olaraq paytaxt və regionlarda “Kütləvi çıxarış” kampaniyası həyata keçirilir və mobil ofis xidmətləri göstərilir. Kampaniyanın məqsədi qeydiyyat xidmətlərini vətəndaşlara birbaşa yerlərdə çatdırmaqla bu xidmətlərdən daha geniş əhali kütləsinin səmərəli istifadəsini təmin etməkdir.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən respublikada mülkiyyət hüquqlarının yüksək səviyyədə təmin olunması və qeydiyyat xidmətlərinin daha səmərəli göstərilməsi məqsədilə əhaliyə geniş hüquqi məsləhət xidmətləri göstərilir. Vətəndaşlar, o cümlədən də mülkiyyət sahibləri daşınmaz əmlakla bağlı hər hansı əməliyyat aparmazdan öncə təmənnasız olaraq göstərilən hüquqi yardımlardan faydalana bilirlər. Bu xidmətdə başlıca məqsəd daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilik və prosedurlar barədə vətəndaşları maarifləndirməkdir.
Ölkə prezidenti tərəfindən 2015-ci ildə daşınmaz əmlakın qeydiyyatı üçün tələb olunan hüquqi sənədlərin siyahısının genişləndirilməsi ilə bağlı imzalanmış Fərmanlar da qeydiyyat sahəsinin inkişafında əvəzsiz rol oynamışdır. Bu Fərmanlar daşınmaz əmlakın qeydiyyatının sosial əhəmiyyətini bir daha artırmış, ölkə üzrə hüquqi baxımdan təhlükəsiz və etibarlı daşınmaz əmlak sahiblərinin sayının artmasına təkan vermişdir.
Daşınmaz əmlakın qeydiyyatı sahəsində əldə edilən nailiyyətlər beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Azərbaycan hər il dərc olunan "Doing Business" hesabatlarında daşınmaz əmlakın qeydiyyatına görə ilk sıralarda yer alır. "Doing Business" reytinqi Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsində gedən sürətli inkişafın və əldə olunan uğurlu nəticələrin əyani sübutudur. Azərbaycan ilk dəfə olaraq 2016-cı ildə əmlak hüquqlarının qorunması indeksinə görə “Mülkiyyət hüquqları Alyansı”nın illik beynəlxalq reytinq cədvəlində yer almışdır. 129 ölkəni əhatə edən reytinq cədvəlində Azərbaycan “daşınmaz əmlakın qeydiyyatı” kateqoriyasında mümkün 10 baldan demək olar ki, maksimum balı (9,7 bal) toplayaraq dünya üzrə 20-ci yerdə qərarlaşmışdır. Bu göstəriciyə görə ölkəmiz reytinq cədvəlində ən yaxşı 20-lik sırasına daxil edilmişdir.
Dövlət başçısının müvafiq Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əsasnaməsinin təsdiq olunması ilə daşınmaz əmlak, o cümlədən torpaq idarəçiliyi ilə əlaqədar bir sıra yeni vəzifə və funksiyalar müəyyən edilmişdir. Bu vəzifələrə dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqların dövlət mühafizəsi və qorunması, torpaqların təyinatı üzrə istifadəsinə dövlət nəzarəti aid edilmişdir. Eyni zamanda, torpaq bazarının təşkili, bütün kateqoriyalı torpaqların elektron uçotu və torpaq məlumat bankının yaradılması, daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi kimi vəzifələr də müəyyən edilmişdir. Yeni Əsasnamə ilə, Azərbaycanda torpaqlardan istifadə və onların mühafizəsinə nəzarət üzrə dövlət müfəttişi statusu təsis olunmuşdur.
Dövlət başçısının verdiyi tapşırıqlardan biri və hazırda ölkə iqtisadiyyatı üçün aktual məsələlərdən biri hesab olunan torpaq fondunun dəqiq uçotunun aparılması, vaxtilə verilmiş torpaq sahələri üzərindəki uyğunsuzluqların aradan qaldırılmasıdır. Torpaq münasibətlərinin tənzimlənməsində dövlət siyasətinin əsas hədəfləri müasir idarəetmə üsulları tətbiq etməklə torpaq ehtiyatlarından səmərəli və qənaətli istifadənin təmin edilməsidir.
Yaxın zamanda ölkə prezidenti tərəfindən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində imzalanmış yeni Fərmanı torpaqların elektron uçotunu yaratmaq, müasir coğrafi informasiya sistemlərinin tətbiqi ilə torpaqların faktiki və sənəd uyğunsuzluqlarını aradan qaldırmaq, ondan daha səmərəli istifadəni təmin etməyi nəzərdə tutur. Fərmanla respublikada torpaqların elektron kadastr uçotu sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi Qaydaları da təsdiq olunmuşdur. Bu qaydalar dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. Məqsəd torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirməkdir. Habelə, torpaq sahələrinə dair məlumatları elektron informasiya sistemində əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir.
Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı funksiyalar Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edildikdən sonra bu sahədə beynəlxalq təcrübəyə söykənən müasir idarəetmə metodları tətbiq edilmişdir. Ölkədə ilk dəfə olaraq Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işinə başlanılmış və hazırda bu iş uğurla davam etdirilir. Qeyd olunan işlərin icrası məqsədilə bir çox ölkələrin qabaqcıl təcrübələri öyrənilmişdir. Bu sahədə aparıcı beynəlxalq şirkətlərlə birgə işlər aparılır, yeni texnologiyalar tətbiq edilir, müasir çöl-ölçmə cihaz və avadanlıqlarından, həmçinin coğrafi mövqeləndirmə stansiyaları və aerokosmik çəkiliş materiallarından istifadə olunur.
Torpaqların Elektron Uçot Sisteminin yaradılması torpaq münasibətlərinin vahid mərkəzdən daha təkmil şəkildə tənzimlənməsi, daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” prinsipinin daha effektiv tətbiqinə, daha çevik və dəqiq qeydiyyat prosesinin təmin edilməsinə imkan yaradır. Bu isə öz növbəsində əvvəllər mövcud olan uzun prosedurları tamamilə aradan qadırır, rahat və əlverişli xidmətlərin göstərilməsinə şərait yaradır və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
Sistem respublikanın torpaq fondunun təyinatı, istifadə növü, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dəqiq və müfəssəl kadastr uçotunu təmin edəcəkdir. Ölkənin ərzaq təhlükəsizliyi məqsədi ilə kənd təsərrüfatı dövriyyəsinə cəlb etmək üçün yeni ərazilər müəyyənləşəcək. Respublikanın torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsi, onların münbitliyinin qorunması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına əlverişli şərait yaranacaqdır. Dəqiq torpaq kadastrı məlumatları əsasında kənd təsərrüfatı istehsalatının regionlar üzrə ixtisaslaşdırılmasına dair daha düzgün qərarların verilməsi mümkün olacaqdır. Torpaqların mühafizəsi, onların münbitliyinin artırılması ilə bağlı qərarlar elmi əsaslarla veriləcək. İstifadəsiz kənd təsərrüfatı torpaqlarının dövriyyəyə cəlbi ilə bağlı işlər intensivləşməsinə, torpaq idarəçiliyində iqtisadi mexanizmlərin daha dəqiq məlumatlar əsasında tətbiqinə gətirib çıxaracaqdır.
Komitənin mühüm əhəmiyyət kəsb edən böyük layihələri sırasında Bakı və Sumqayıt Kadastr Layihələrinin adı xüsusilə qeyd olunmalıdır. Bakı və Sumqayıt şəhərlərinin kadastr tarixlərində ilk dəfə olaraq, hər iki şəhərin müfəssəl elektron kadastr məlumat bazası yaradılmışdır. Elektron kadastr məlumat bazalarında, bu ərazilərdəki bütün növ daşınmaz əmlak obyektləri, o cümlədən yaşayış binaları, fərdi yaşayış evləri, mənzillər, qeyri-yaşayış obyektləri, yerüstü kommunikasiya xətləri və s. barəsində məlumatlar, onların yerləşmə vəziyyətləri koordinatları, tikintialtı sahələri, kommunikasiya xətlərinin, Xəzər dənizinin mühafizə zolaqları və zonaları haqqında ətraflı məlumatlar mövcuddur.
Komitə tərəfindən Gəncə şəhərində icra olunan “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsi də yekunlaşmışdır. Şəki rayonu üzrə də davam etdirilən eyni layihə 2016-cı ilin birinci yarımilliyində yekunlaşacaq və bu ərazilər üçün də mükəmməl kadastr işi hazır olacaq. Layihənin əsas hədəfi daşınmaz əmlakın kadastrı işlərinin inkişafı, habelə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı xidmət səviyyəsinin yüksəldilməsidir.
Respublikanın 4 milyon hektar ərazisini əhatə edən ortofotomaterialların rəqəmsallaşdırılması işi uğurla davam etdirilir. Hüquqları qeydiyyata alınmış xüsusi mülkiyyətdə olan daşınmaz əmlak obyektlərinin xəritələrlə uzlaşdırılması, sərhəd təsvirlərinin bazaya yerləşdirilməsi işləri başa çatdırılmışdır.
Ölkə üzrə Elektron Kadastr Məlumat Bazasından şəhərsalma işində, əmlakın qiymətləndirilməsində, qeyri-qanuni tikililərin nizama salınması ilə bağlı qərarların qəbulunda, ərazinin zonalaşdırılmasında istifadə ediləcəkdir. Kadastr xidmətləri elektron xidmətlər sırasına keçməklə, məmur vətəndaş ünsiyyəti minimuma enəcək, vətəndaşların məkanla bağlı sənədləşdirmə işləri daha da sadələşdiriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən pozuntulara qarşı mübarizə aparılması ilə bağlı tapşırıqlar verilmişdir. Müvafiq qanunvericiliyə uyğun olaraq torpaq üzərində mülkiyyət, icarə və istifadə hüquqlarının pozulması, torpaqların özbaşına zəbt edilməsi və sair pozuntulara qarşı cəzalar sərtləşdirilmişdir.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaq ehtiyatlarından səmərəli, məqsədli və qənaətli istifadənin təmin edilməsi istiqamətində Bakı və regionlarda mütəmadi monitorinqlər aparılır. Monitorinqlərin məqsədi torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi və ya mülkiyyətçilər tərəfindən uzunmüddətli olaraq tamamilə istifadəsiz saxlanılması, özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması hallarını müəyyən etməkdir. Digər tərəfdən insanların torpağa olan iqtisadi marağını, mülkiyyətçilər tərəfindən müntəzəm istifadəsini stimullaşdırmaq, torpağın gəlir mənbəyi kimi rolunu və əhəmiyyətini çatdırmaqdır.
Bu tədbirlər nəticəsində torpaqların məqsədli dövriyyəsinə qaytarılması, istifadəsiz və ya təyinatına zidd istifadədə olan torpaqların qanunauyğun şəkildə yenidən iqtisadi dövriyyəyə cəlb edilməsi təmin ediləcəkdir. Dövlət, bələdiyyə və özəl mülkiyyət barədə hər hansı qanunsuz qərarların qəbul edilməsi, qeyri-qanuni sənədlərin verilməsi aradan qaldırılacaq.dır Bununla da, respublikada torpaq münasibətlərinin səmərəli şəkildə tənzimlənməsinə və mülkiyyət hüquqlarının yüksək səviyyədə təmin olunmasına böyük dəstək verəcəkdir.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fəaliyyət sahələri üzrə müasirləşdirmə və inkişaf tədbirləri qarşıdakı dövrdə də davam etdiriləcəkdir. Bütün bu mütərəqqi sosial yeniliklər vətəndaş-məmur təmasının sıfıra endirilməsi, xidmətlərdə əlçatanlığın, rahatlığın və operativliyin təmin olunması, vaxt itkisinin qarşısının alınması məqsədi daşıyır. Komitənin sürətlə tətbiq etdiyi müasir texnologiyalar, elektron xidmətlər, innovativ metodlar və təkmilləşdirmə tədbirləri gələcəkdə mükəmməl əmlak-torpaq idarəçiliyi və qeydiyyat sisteminin formalaşmasına, daha yüksək səviyyədə rahat və çevik xidmətlər göstərilməsinə səbəb olacaqdır.