“Kütləvi çıxarış” kampaniyası Qusarda
Kampaniya çərçivəsində hüquqi yardım aksiyası da keçirilib. Vətəndaşlara qeydiyyat və torpaq idarəçiliyi ilə bağlı hüquqi izahlar və məsləhətlər verilib, onların verdikləri suallar cavablandırılıb.
Kampaniya zamanı vətəndaşlara komitə tərəfindən torpaqların elektron uçotu ilə bağlı aparılan işlər barədə də məlumat verilib. Bildirilib ki, Torpaqların Elektron Uçotu Sistemində torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri ilə yanaşı, onların hüquqi rejimi ilə bağlı məlumatlar da əksini tapacaqdır. Torpaqların təyinatı, kateqoriyası və istifadəsi bağlı məlumatlarda dəyişiklilər baş verdikdə Sistemdə də bu məlumatlar yenilənəcəkdir. Eyni zamanda, komitə tərəfindən torpaqların keyfiyyət göstəricilərinə görə uçotunun aparılması işləri də davam etdirilir. Bu məqsədlə, müasir tələblərə uyğun, modern cihaz və avadanlıqlarla təchiz olunmuş Torpaq və Bitki Laboratoriyası fəaliyyət göstərir. Bu laboratoriyada analizlər nəticəsində torpaqların və yem bitkilərinin keyfiyyətləri ilə bağlı bir çox məlumatlar əldə edilir. Fermerlər, iş adamları, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslər sifariş əsasında onlara məxsus torpaqların keyfiyyət göstəriciləri ilə bağlı məlumatları Laboratoriyadan əldə edə bilirlər.
Eyni zamanda, qeyd edilməlidir ki, kampaniya sosial mahiyyətli olduğu üçün ödənişli qaydalarla həyata keçirilmir. Kampaniyada iştirak edən vətəndaşlar yalnız qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumu və xidmət haqlarını ödəməklə xidmətlərdən yararlanır.
“Kütləvi çıxarış” kampaniyası indiyədək respublikanın 30-a yaxın şəhər və rayonunda təşkil edilib. Bu kampaniyalarda ümumilikdə indiyədək 7000 mindən çox vətəndaş iştirak edib.
Kampaniyada iştirak üçün müraciətlər 148 saylı (daxili 1 sonra 5) çağrı mərkəzi və ərazi qeydiyyat idarələri vasitəsilə qeydə alınır. Daha sonra qrafik üzrə birbaşa ünvanlarda komitənin ayrılmış xüsusi nəqliyyat vasitələrində çıxarışlar, texniki pasportlar təqdim olunur, ilkin sənədlər qəbul edilir.
Kampaniyadan əlavə, komitə 2014-cü ilin aprel ayından başlayaraq şəhər və rayonlarda mobil ofislər vasitəsilə qeydiyyat xidmətləri də göstərir. Mobil ofis xidmətləri bütün respublika üzrə müxtəlif rayonlarda paralel olaraq həyata keçirilir. İndiyədək respublika üzrə mobil ofis xidmətləri vasitəsilə isə vətəndaşlardan 96 mindən çox müraciət qəbul edilib.
Kampaniya qısa müddətdə əksər daşınmaz əmlak sahiblərinin marağını özünə çəkib. Mövcud şəraitdə kampaniyanın rolu artır, respublika üzrə əhatə dairəsi sürətlə genişlənir. Regionlarda və paytaxtda kampaniyadan faydalanan vətəndaşların sayı artmaqdadır.