Əmlak Məsələləri Dövlət Komitəsinin Təlim-Tədris Mərkəzi kadastr və yerquruluşu ilə bağlı təlim kursları elan edir
Təlim kurslarının təşkilində Təlim-Tədris Mərkəzinin və Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti qurumlarının müasir maddi-texniki bazalarının imkanlarından istifadə olunacaqdır. Təlim məşğələləri çöl-ölçmə, tədqiqat və texniki inventarlaşdırma işlərində istifadə olunan müasir geodeziya avadanlıqları, cihazları və fasiləsiz istinad stansiyaları, həmçinin geoinformasiya sistemlərinin və informasiya texnologiyalarının tətbiqinin öyrədilməsi ilə aparılacaq.
Təlim kursunun sonunda hər bir dinləyicinin təlim prosesində qazandığı bilik və bacarığı test üsulu ilə qiymətləndiriləcəkdir. Müvəffəq qiymət almış dinləyicilərə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Təlim-Tədris Mərkəzi tərəfindən sertifikat, digər dinləyicilərə isə təlimlərdə iştirak barədə arayış veriləcək.
Təlim kursları 15 nəfərlik dinləyici qrupları üçün təşkil edilir. Kurslarda dərslər müasir təlim metodları tətbiq edilməklə mühazirələr və praktiki məşğələlər şəklində keçirilir. Təlim kursları alim-pedaqoqlar və yerquruluşu, kadastr, geodeziya sahələri üzrə istehsalatda uzun müddət fəaliyyət göstərmiş mütəxəssislər tərəfindən aparılacaq.
Təhsil müddəti 6 həftədir. Təlim kursunda hazırlıq məşğələləri həftənin I-VI günləri (qanunvericiliklə müəyyən edilmiş qeyri-iş günləri istisna olmaqla) saat 9.30-dan 14.00-dək keçirilir.
Təlim kursları sifarişçilərlə bağlanmış müqavilələr və əvvəlcədən ödəniş əsasında təşkil edilir. Dinləyicilər təqdim etdikləri sifarişə şəxsiyyəti təsdiq edən və təhsil haqqında sənədlərin surətlərini əlavə etməlidirlər.
Sənədlərin qəbulu 2016-cı il aprel ayının 12-dən etibarən aşağıdakı ünvanda şəxsən və ya qeyd edilən e-maillə elektron üsulla aparılır.
AZ1073, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 135
Tel: 012 537 18 65, relekberov@emdk.gov.az
Əlaqələndirici şəxs: Rauf Ələkbərov