Şəffaflığın daha da artırılması məqsədi ilə daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı hüquqi maarifləndirmə tədbirləri həyata keçirilir
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyat və kadastrı ilə bağlı şəffaflığın daha da artırılması, ictimaiyyət üçün maarifləndirmə və hüquqi izahat işlərinin aparılması istiqamətində müntəzəm tədbirlər həyata keçirir.
Belə tədbirlərin davamı olaraq, komitə tərəfindən Lənkəran şəhərində vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar və digər maraqlı tərəflər üçün daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi maarifləndirmə ilə bağlı seminar keçirilib.
Seminarın təşkilində məqsəd daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair qanunvericiliklə bağlı ictimai maarifləndirmənin daha da genişləndirilməsi, dövlət qurumu və vətəndaşların qarşılıqlı əlaqəsi zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı izahat işlərinin aparılmasıdır. Eyni zamanda, dövlət qurumları, əhali və digər aidiyyəti tərəflərin qeydiyyat prosesinin praktik tərəfləri və prosedurları barədə hüquqi biliklərinin daha da artırılmasıdır. Daşınmaz əmlakın qeydiyyatının iqtisadi və sosial səmərələrinin ictimaiyyətə çatdırılması da tədbirin məqsədlərindəndir.
Seminar Əmlak Məsələləri Dövlət Komitəsinin Aparatı və regional idarələrinin, Lənkəran, Lerik, Astara, Masallı, Cəlilabad, Yardımlı, Biləsuvar və Astara rayonları üzrə dövlət qurumları və ictimai təşkilatların, bələdiyyələrin, əmlak bazarı iştirakçıları, notariat orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilib.
Qeyd edək ki, tədbir Dünya Bankının dəstəyi ilə icra olunan “Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsi çərçivəsində baş tutub. Layihənin tərkib hissəsi kimi, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı vətəndaşlar və maraqlı tərəflər arasında hüquqi maarifləndirmə tədbirləri həyata keçirilir. Bu tədbirlərin növbəti il ərzində respublikanın bütün regionlarında davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.
Seminarda çıxış edən komitə nümayəndəsi daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində ictimai maarifləndirmə istiqamətində Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı ictimai məlumatlandırma və hüquqi izahat işlərinin aparılması işini daim diqqətdə saxlayır. Qeyd olunub ki, komitə tərəfindən vətəndaşlara və maraqlı tərəflərə bu sahəyə dair qanunvericiliyin izahı, ictimai maarifləndirmənin təmin olunması, hüquqi və praktik biliklərin artırılması istiqamətində indiyədək bir çox tədbirlər həyata keçirilib və bundan sonra da davam etdiriləcəkdir.
Seminarda daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi maarifləndirmə ilə bağlı təqdimat nümayiş etdirilib. İlk öncə daşınmaz əmlakın qeydiyyatını həyata keçirən orqanlar və onların iş prinsipi, vəzifə və hüquqları barədə geniş məlumat verilib. Sonra daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının hüquqi tərifi, bu sahəni tənzimləyən qanunvericilik bazası və qeydiyyat üçün qanuni əsaslar konkret və aydın şəkildə çatdırılıb. Daşınmaz əmlakın qeydiyyatının vacibliyi, sosial-iqtisadi üstünlükləri, etibarlı əmlakın məhz dövlət qeydiyyatına alınmış əmlakın olduğu vurğulanıb. Bildirilib ki, daşınmaz əmlakla bağlı iqtisadi və hüquqi əməliyyatların, o cümlədən alqı-satqı, bağışlama, vərəsəlik və digər əməliyyatların aparılması üçün öncə mülkiyyət hüquqların dövlət qeydiyyatının olması zəruridir. Qeyd olunub ki, daşınmaz əmlakın qeydiyyatı həmin əmlakın etibarlılığının, hüquqi əsaslılığının və iqtisadi səmərəsinin təminatıdır.
Tədbirin gedişində daşınmaz əmlakın qeydiyyatı üçün zəruri olan hüquqi sənədlər, həmin sənədlərə dair tələblər, qeydiyyatın mərhələləri və müddətləri, hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi barədə izahatlar verilib. Dövlət reyestrinin aparılması qaydaları, hüquqların qeydiyyatının dayandırılması və imtinanın əsasları, öncədən qeydiyyat və qeydiyyatın ləğvi qaydalarından bəhs olunub. Daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının, ipotekanın dövlət qeydiyyatı, daşınmaz əmlakla bağlı idarəetmə, qəyyumluq və vərəsəlik məsələləri, qanunvericiliyin pozulmasına görə məsuliyyət barədə geniş izahlar verilib. Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlər, əmlak barədə yüklülük arayışlarının onlayn rejimdə verilməsi barədə ətraflı məlumat verilib. Seminarda daşınmaz əmlakın vahid dövlət kadastrının mahiyyəti, bu sahədə normativ-hüquqi baza və Əmlak Məsələləri Dövlət Komitəsinin gördüyü işlərdən bəhs olunub. Daşınmaz əmlakın kadastrının növləri, strukturu, prinsipləri və mərhələləri barədə izahlar verilib. Kadastr uçotunun aparılması qaydaları və zəruriliyi, kadastr işinin texniki tərəfləri iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə daşınmaz əmlakın qeydiyyatının iqtisadi, sosial faydaları və nəticələri qeyd olunub. Vurğulanıb ki, hər bir vətəndaş üçün mülkiyyət hüquqlarının tanınması məsələsi mühüm əhəmiyyət daşıdığından bu sahədə hüquqi maariflənmənin təmin edilməsi son dərəcə zəruridir. Son illərdə daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində baş verən yeniliklər və sürətli inkişaf bu sahənin iqtisadi və sosial səmərəliliyini daha da artırır. Bu inkişafı şərtləndirən əsas faktorlar hüquqi bazanın təkmilləşməsi, qeydiyyat prosedurlarının sadələşməsi, qeydiyyat müddətlərin qısaldılması və elektron xidmətlərin tətbiqidir.
Tədbirin sonunda təqdimatla bağlı müzakirələr aparılıb, verilən suallar cavablandırılıb və iştirakçılar arasında yekun qiymətləndirmə aparılmaqla seminarla bağlı onların rəy və münasibəti öyrənilib.
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi maarifləndirmə istiqamətində tədbirləri gələcəkdə də davam etdirəcəkdir.