Eyni zamanda, bir sıra vətəndaşdan mülkiyyətə dair ilkin hüquqi sənədlər çıxarışla əvəz olunması məqsədilə qəbul edilib.

Kampaniya zamanı əmlakın qeydiyyatı ilə yanaşı, hüquqi maarifləndirmə aksiyası da keçirilib, vətəndaşlara əmlaklarının qeydiyyatı ilə bağlı hüquqi məsləhətlər verilib. Vətəndaşlara əmlakın qeydiyyatının vacibliyi, gətirdiyi üstünlüklər və faydalar izah olunub. Bildirilib ki, qeydiyyatsız və ya yalnız ilkin sənədləri olan əmlaklardan fərqli olaraq çıxarışı olan əmlaklardan daha səmərəli istifadə etmək və müxtəlif hüquqi əməliyyatlar aparmaq mümkündür. Belə ki, qeydiyyatlı əmlakı alıb-satmaq, girov qoymaq, onu biznes əməliyyatlarında istifadə etmək və digər hüquqi əməliyyatlar həyata keçirmək olar.

Əmlakın qeydiyyatı prosesini qat-qat sadələşdirməsinə görə, «Kütləvi çıxarış» kampaniyası vətəndaşların əmlakının leqallaşdırılmasında mühüm rol oynayır. Məhz kampaniya çərçivəsində yaradılan rahat və əlverişli şərait səbəbindən əmlakını dövlət qeydiyyatına almaq istəyən vətəndaşların sayı getdikcə artmaqdadır. Artıq davamlı olaraq ölkənin bütün şəhər və rayonlarında keçirilən “Kütləvi çıxarış” kampaniyası çərçivəsində indiyədək 6700-ə yaxın vətəndaşa dövlət reyestrindən çıxarışlar təqdim olunub.

Qeyd edək ki, ötən ildən etibarən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həm əmlakın qeydiyyatında, həm də torpaq idarəçiliyində «bir pəncərə» prinsipi də tətbiq edilir. Bu yeniliyə görə, həm vətəndaşların, həm də bələdiyyələrin əmlakın qeydiyyatı üçün müxtəlif qurumlara getməsinə ehtiyac yoxdur. Belə ki, bundan ötrü yeganə ünvana - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX) müraciət etmək kifayətdir. Müraciətdən sonra əmlakın qeydiyyatı üçün tələb olunan bütün işlər - müxtəlif sənədlərin toplanması və rəsmiləşdirilməsi DƏDRX-in əməkdaşları tərəfindən aparılır. Bu da vətəndaşları həm vaxt itkisindən, həm də çoxsaylı sənədlər toplanması öhdəliyindən azad edir.