Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdə keyfiyyətcə yeni mərhələ başlayır
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlara və əmlak sahiblərinə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, bu sahədə innovativ üsulların tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsini daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə komitə mütəmadi tədbirləri həyata keçirməkdə davam edir.
Belə tədbirlərin davamı olaraq, komitə tərəfindən vətəndaşlara, əmlak sahiblərinə, xüsusi təbəqədən olan insanlara (həmçinin əlillər, ahıllar, tənha yaşayanlar, sağlamlıq imkanları məhdud və yaşayış yeri uzaqda yerləşən insanlara) daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərdə rahatlıq və çevikliyin təmin olunması məqsədilə növbəti yeniliyə imza atılıb. Bu yenilik yaxın günlərdə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin alınmış yeni xüsusi nəqliyyat vasitələri ilə Bakı və respublikanın regionlarında yaşayan vətəndaşlar və əmlak sahiblərinə müasir üsullarla səyyar şəkildə göstərilməsindən ibarətdir. Belə ki, vətəndaşlar komitənin təşkil etdiyi xidmətlərdən ərazi qeydiyyat idarələrinə getmədən də faydalana biləcəklər. Yerindəcə göstəriləcək xidmətlərin məqsədi qeydiyyat xidmətlərini vətəndaşların ünvanına daha rahat, müasir və innovativ üsullarla çatdırmaq, bu xidmətlərin vətəndaşlar üçün əlçatanlığını təmin etmək və nəticədə vətəndaş məmnunluğunu daha da artırmaqdır.
Qeyd olunduğu kimi, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin yerlərdə göstərilməsi məqsədilə yeni xüsusi nəqliyyat vasitələri alınıb. Bu nəqliyyat vasitələri Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərinin yeni forma və üsullarla qeydiyyat idarələrindən kənarlarda da təşkil edilməsini təmin edəcəkdir. Yeni nəqliyyat vasitələri xidmətlərin göstərilməsi üçün tələb olunan bütün standartlara cavab verir. Eyni zamanda, onlar müasir informasiya-kommunikasiya sistemi və yeni avadanlıqlarla (həmçinin müasir telefon-rabitə cihazları, sürətli internetə çıxış vasitələri və s.) təchiz edilib. Qarşıdakı dövrdə qeyd olunan nəqliyyat vasitələrinin sayının artırılması nəzərdə tutulur.
Yerindəcə göstərilən xidmətlərə daşınmaz əmlakın qeydiyyatı üçün tələb olunan sənədlərin qəbulu, həmin sənədlərin qanunauyğunluğunun yerindəcə yoxlanılması, növbəti prosedurlar barədə ətraflı məlumatın çatdırılması və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara zəruri hüquqi məsləhətlərin verilməsi daxildir. Qeyd olunan xidmətlərin göstərilməsi üçün gediləcək məkanlar və günlər əvvəlcədən təyin olunacaq. Vətəndaşlar xidmət nöqtəsinə yaxınlaşmaqla zəruri sənədləri xüsusi nümayəndəyə təqdim edəcək. Nümayəndə sənədləri yoxlamaqla, müvafiq istiqamət və məsləhətləri verməklə vətəndaşa yerində xidmət göstərəcək.
Bütün bunlardan əlavə, daşınmaz əmlakın qeydiyyatında operativlik və rahatlığı artırmaq məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 ədəd yeni avtomobillər alınaraq istifadəyə verilib. Bu avtomobillər daşınmaz əmlakın qeydiyyatı prosesində texniki məsələlərin həlli, yerində baxış və mühəndislik işlərinin həyata keçirilməsi, daşınmaz əmlakın müayinəsi, ərazilərdə əmlakların texniki plan-ölçüləri və çöl-ölçmə işlərinin aparılmasının daha çevik, sürətli və vaxta qənaət etməklə təmin olunmasına xidmət edəcəkdir. Avtomobillər müasir çöl-ölçmə cihazları və informasiya-kommunikasiya vasitələri, yeni naviqasiya və modern texniki sistemlərlə təchiz olunub.
Məlum olduğu kimi, Əmlak Məsələləri Dövlət Komitəsi son illərdə fəaliyyət istiqamətləri üzrə uğurlu addımlar atıb. Komitə tərəfindən elektron xidmətləri geniş tətbiq etməklə öz fəaliyyətində şəffaflığın daha da artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində davamlı olaraq tədbirlər görülür. Komitənin fəaliyyət istiqaməti üzrə ümumilikdə 40-a yaxın xidmətdən artıq 16 elektron xidmət təşkil edilib. Bu xidmətlərin hamısı “Elektron hökumət” portalına inteqrasiya edilib. Qısa zaman ərzində 11000-ə yaxın elektron müraciət daxil olub. 2014-cü ildə daha 15 elektron xidmətin təşkili və vətəndaşlarımızın istifadəsinə verilməsi nəzərdə tutulur. Bunlara dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclara sifarişlərin elektron qəbulu, icarə haqqı borcları barədə məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi, daşınmaz əmlaka dair xidmət haqqı barədə məlumatın elektron verilməsi, kadastr və texniki texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və digər xidmətlər aid olacaq.
Bundan əlavə, bu ilin mart ayının 3-dən etibarən onlayn xidmətlərin tətbiqinə başlanılıb. Belə ki, artıq vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışları (forma-1) almaq üçün ərazi qeydiyyat idarələrinə getmədən notariuslarda onlayn şəkildə əldə edirlər. Arayışların “onlayn” rejimdə verilməsi məmur-vətəndaş ünsiyyətinin aradan qalxmasına, vaxta böyük qənaət olunmasına, bununla da vətəndaşların bu xidmətdən optimal faydalanmasına səbəb olmaqdadır.
Beləliklə, yerlərdə göstərilən xidmətlər Bakı və regionlarda yaşayan əhalinin, o cümlədən coğrafi və digər səbəblərdən hərəkət çətinliyi olan vətəndaşların ünvanına qeydiyyat xidmətlərinin çatdırılmasına və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən faydalanmasına xidmət edir. Alınmış nəqliyyat vasitələri Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərin qısa bir zamanda yeni formada, modern üsullarla və rahat həyata keçirilməsini təmin edəcək. Eyni zamanda, bu xidmətlər nəticəsində vətəndaşların qeydiyyat idarələrinə gəlməsinə ehtiyac qalmayacaq, vaxt itgisinin aradan qalxmasına, idarələrdən uzaqda yaşayan vətəndaşların da bu xidmətlərdən faydalanmasına səbəb olacaq, xidmətlərdə çeviklik daha da artacaq. Qeydiyyat sahəsində xidmətlərin daha rahat, yeni və müasir üsullarla əhaliyə təqdim olunması vətəndaş məmnunluğunun yüksəlməsinə gətirib çıxaracaq.