Əmlak Məsələləri Dövlət Komitəsində etik davranış qaydaları ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilir
Seminar komitənin bütün ərazi şöbələrinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əməkdaşlarının iştirakı ilə keçirilib. Komitənin Daxili nəzarət şöbəsinin əməkdaşı seminarda “Etik davranış qaydaları” mövzusunda təqdimatla çıxış edib.
Seminarda “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmiş qayda və prinsiplər barədə ətraflı məlumat verilib. Vicdanlı və mədəni davranış, loyallıq, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, qərəzsizlik və digər etik davranış qaydalarına əməl olunması iştirakçıların nəzərinə çatdırılıb. Seminarda iştirakçılarla müzakirələr aparılıb, verilən suallar cavablandırılıb. Eyni zamanda, qeyd olunub ki, vətəndaşlarla daim nəzakətli, səbirli və məsuliyyətli davranılmalı, qanunvericiliyin tələblərinə riayət edilməsi diqqətdə saxlanılmalıdır.
Seminarda komitənin aparatı və tabeli qurumları üzrə ümumilikdə 35 nəfər iştirak edib. Dövlət qulluqçularının etik davranış məsələləri üzrə maarifləndirmə tədbirləri qarşıdakı dövrdə də davam etdiriləcəkdir. Qanunvericiliklə müəyyən edilmiş etik normalar üzrə mütəmadi tədris kurslarının və treninqlərinin təşkil edilməsi, habelə hazırlanmış müvafiq hesabatların ictimaiyyətə açıqlanması təmin olunacaqdır.