Ölkə başçısının daşınmaz əmlakın qeydiyyatı ilə bağlı son Fərmanı bu sahədə vətəndaş məmnunluğu və xidmətlərdə əlçatanlığı artırır
Belə ki, əvvəllər qeydiyyat üçün əsas hesab edilməyən vətəndaşlara həyətyanı torpaq sahələrinə dair kolxoz və sovxozlar tərəfindən verilmiş müvafiq sənədlər də hazırda qeydiyyat üçün hüquqi əsasların sırasına daxil edilib.
Əmlak Məsələləri Dövlət Komitəsi artıq respublikanın şəhər və rayonlarında, birbaşa yerlərdə Fərmanın icrasına başlayıb. Belə ki, mobil ofis xidmətləri vasitəsilə ilk olaraq 04 dekabrda Binəqədi rayonunda vətəndaşlardan Fərmanda əks olunmuş mülkiyyət sənədlərinin qəbulu həyata keçirilib. Eyni zamanda, rayonun qəsəbələrində yaşayan 60-a yaxın vətəndaşa keçmiş kolxoz və sovxozların ərazilərində yerləşən, müvafiq əmrlərlə verilmiş həyətyanı torpaq sahələrinə dair hazır çıxarışlar da təqdim olunub. Belə tədbirlərin məqsədi Bakı və regionlarda Fərmanda əksini tapmış sənədləri olan əmlak sahiblərinə qeydiyyat xidmətlərini birbaşa yerlərdə çatdırmaq, vətəndaşların xidmətlərdən razılığını təmin etməkdir.
Qeyd edək ki, bu Fərmanla qeydiyyat üçün tələb olunan sənədlərin siyahısına sovet dövründə yaşayış və bağ evlərinin tikintisinə dair həyətyanı torpaq sahələrinin ayrılması barədə kolxoz və sovxozlar tərəfindən verilmiş əmrlər aid edilib. Bura həmçinin, kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı da daxildir. Eyni zamanda, sovxozların yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisələrinin rəhbərinin (direktor və s.) əmrləri də aiddir. Fərmanda qeyd olunub ki, vaxtilə sovxoz rəhbəri tərəfindən verilmiş əmr həmin sovxozun tabe olduğu hazırki orqanda və ya dövlət arxivində saxlanılan arxiv məlumatları ilə eynilik təşkil etdiyi halda müvafiq torpaq sahəsinə çıxarış verilir. Eyniliyin müəyyən olunması üçün qeydiyyat orqanının və ya mülkiyyətçinin sorğusuna cavab verilməsi müddəti 10 gün müəyyən edilib. Həmçinin, çıxarışın verilməsi üçün torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən digər sənədlərin də təqdim olunması Fərmanda göstərilib. Bura müvafiq sxem, plan, torpağın təhkim aktı kimi sənədlər, yaxud həmin torpaq sahəsində inşa edilmiş tikiliyə dair sənədlər aiddir.
Qeyd edək ki, dövlət başçısının son Fərmanı ilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı hüquqi təminat və qanunvericilik bazası daha da təkmilləşdirilib. Bu Fərman daşınmaz əmlakın qeydiyyatı zamanı tələb olunan sənədlərin siyahısını artırmaqla qeydiyyat prosesinin daha geniş hüquqi dairəni əhatə etməsini təmin edib. Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatının sosial əhəmiyyətini bir daha artırıb, ölkə üzrə hüquqi baxımdan təhlükəsiz və etibarlı daşınmaz əmlak sahiblərinin sayının artmasına təkan verib. Bu tədbirlər daşınmaz əmlakın qeydiyyatının sadələşməsinə, daha çevik və rahat qeydiyyat aparılmasına səbəb olub.