Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə dünyada ilk sıralardadır
Belə ki, «Doing Business 2016» hesabatına əsasən, Azərbaycanda əmlakın qeydiyyatı üçün cəmi 3 prosedurdan keçmək tələb olunur. Bu göstəriciyə görə, ölkəmiz ABŞ, Almaniya, Finlandiya, İsveçrə, Hollandiya, Yaponiya və İspaniya kimi inkişaf etmiş ölkələri, o cümlədən qonşu Türkiyəni qabaqlayır. Qeyd edək ki, dünya üzrə bu göstərici 4,7 prosedur, Azərbaycan da daxil olduğu Avropa və Mərkəzi Asiya regionunda isə 5,4 prosedur təşkil edir.
Digər tərəfdən «Doing Business 2016» hesabatında əsasən ölkəmizdə qeydiyyat müddəti cəmi 8,5 gün davam edir. Müqayisə üçün bildirək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələr üzrə bu müddət 21,8 gün, Avropa və Mərkəzi Asiya regionu üçün isə 22 gün təşkil edir. Başqa sözlə, Azərbaycanda əmlakın qeydiyyatı müddəti Avropa üzrə ümumi göstəricidən 3 dəfə daha sürətlidir.
Azərbaycan əmlakın qeydiyyatı zamanı tələb olunan xərclərin azlığına görə də, dünya və Avropa ölkələrinin əksəriyətini qabaqlayır. Hesabata əsasən, Azərbaycanda əmlakın qeydiyyatı üçün tələb olunan məbləğ əmlakın dəyərinin cəmi 0,2%-ni təşkil edir. Qeyd edək ki, İƏİT ölkələri üzrə bu göstərici əmlakın dəyərinin 4,2%-i qədər, Avropa və Mərkəzi Asya regionu üçün isə 2,6% təşkil edir.
«Doing Business 2016» hesabatında Azərbaycanın əldə etdiyi yüksək göstəricilər son illər ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi və müasir standartlara çatdırılması sahəsində görülən işlərin nəticəsidir. Bu sahədə elektron xidmətlərin, “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərinin tətbiqi əmlakın qeydiyyatını sadələşdirib və onu əhalinin bütün təbəqələri üçün əlçatan edib. Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyində “bir pəncərə” sisteminin tətbiqi də bu sahədə şəffaflıq və operativliyi kifayət dərəcədə artırıb. Üstəlik bu sahədə İKT-nin və «Elektron Hökumət»in imkanlarından səmərəli istifadə nəticəsində əmlakın qeydiyyatı prosedurları və tələb olunan müddət, eləcə də, sərf edilən qeydiyyat xərcləri kəskin azalıb.
Bu yeniliklərin nəticəsidir ki, Azərbaycanda, xüsusilə də regionlarda əmlakın qeydiyyatı göstəriciləri artıq bir neçə ildir ki, sürətlə artmaqdadır.