Daşınmaz əmlakın qeydiyyatı ilə yanaşı, torpaq idarəçiliyində də “bir pəncərə” prinsipi uğurla tətbiq edilir
Bununla da, əvvəllər mövcud olan uzun prosedurlara, bir sənədin alınması üçün bir neçə quruma müraciət kimi çətinliklərə son qoyulub. Nəticədə torpaq və əmlak idarəçiliyində operativlik, rahatlıq, əlçatanlıq və şəffaflıq kifayət qədər yüksəlib.
Qeyd edək ki, “bir pəncərə” prinsipinin tətbiqi nəinki vətəndaşların, eyni zamanda, bələdiyyələrin də torpaq məsələlərində işini kifayət qədər yüngülləşdirib. Belə ki, yeniliyin tətbiqi nəticəsində artıq bələdiyyələr də müvafiq torpaq sahəsinin göstəriciləri barədə rəyi də bir ünvana müraciət etməklə əldə edə bilir. Bələdiyyə torpağının mülkiyyətə, icarəyə və ya istifadəyə verilməsi zamanı bələdiyyə tərəfindən həmin torpaq sahəsinin hansı kateqoriyaya aid olması, iqtisadi və keyfiyyət qiymətləndirməsi, bontirovkası və digər göstəricilərlə bağlı rəyin alınması “bir pəncərə” qaydasında həll olunur.
Komitənin öz xidmətlərində “bir pəncərə” prinsipini tətbiq etməsinin digər özəlliyi ondadır ki, vətəndaşlar hüquqi əməliyyatın növündən asılı olaraq komitənin tabeli qurumlarının (qurumun səlahiyyətinə uyğun olaraq) hər birinə ayrı-ayrılıqda müraciət etmir. Həm daşınmaz əmlakın qeydiyyatı, həm torpaq-kadastr məsələləri, texniki sənədlər, həm torpaq idarəçiliyində rəylərin və digər sənədlərin alınması üçün yalnız bir ünvana müraciət kifayət edir. Yəni məsələn, vətəndaş dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsi bağlı müvafiq rəy üçün komitə tərkibində bu funksiyaları icra edən tabeli quruma deyil, yalnız Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciəti yetərlidir. Hər hansı kadastr sənədinin alınması üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə və ya müvafiq rəyin alınması üçün Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə getmək zərurəti yoxdur. Vətəndaşın müraciətindən sonrakı proses Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin özü tərəfindən təşkil olunur. Sənədləşdirmə vətəndaşın iştirakı olmadan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, eləcə də Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi ilə koordinasiya qaydasında həyata keçirilir. Yalnız son mərhələdə, vətəndaş dövlət reyestrindən çıxarışını götürmək üçün ərazi idarəsinə gəlir. Bununla da, vətəndaş, eləcə də bələdiyyə hər hansı sənədləşdirmə işində iştirak etmir, hər hansı qurumla təmasda olmur, bu proseslər üçün vaxt sərf etmir.
“Bir pəncərə” sisteminə keçid sayəsində əvvəllər həm vətəndaşların, həm də bələdiyyələrin qarşılaşdıqları çətinliklər və maneələr aradan qalxıb. Vətəndaşlara göstərilən xidmətlərdə çeviklik və şəffaflıq əhəmiyyətli dərəcədə artıb. Bütün bu yeniliklər mülkiyyətçi mənafelərinin və sosial amillərin daha yüksək səviyyədə təmin olunmasına səbəb olmaqdadır.