“Kütləvi çıxarış” kampaniyası Siyəzəndə
Siyəzən rayonunda kampaniya zamanı 250-ə yaxın sakinə daşınmaz əmlakın və torpaqların qeydiyyatı ilə bağlı xidmətlər göstərilib. Belə ki, 150-ə yaxın vətəndaşa dövlət reyestrindən çıxarış verilib, 100-dən çox vətəndaşdan daşnmaz əmlaka, həmçinin torpağa dair qeydiyyat üçün zəruri sənədlər qəbul edilib.
Kampaniya çərçivəsində Siyəzən rayonunun bir sıra ahıl və fiziki məhdudiyyətli vətəndaşları birbaşa öz evlərindəcə qeydiyyat xidmətlərindən faydalanıblar.
Kampaniyadan yararlanan vətəndaşlar qeydiyyatda “bir pəncərə” sistemindən, əlavə vaxt itkisinin aradan qalxmasından, rahat, çevik və əlverişli xidmətlərdən razılıqlarını bildiriblər.
Bir ilə yaxındır davam edən sosial kampaniya çərçivəsində ümumilikdə 5000-ə yaxın vətəndaşa xidmət göstərilib. Bu rəqəm onun göstəricisidir ki, vətəndaşların daşınmaz əmlakın qeydiyyatına marağı sürətlə yüksəlməkdədir. Qeydiyyata alınmış daşınmaz əmlakın etibarlı və hüquqi təminatlı olması barədə ictimai fikir daha da kütləviləşir.
Xatırladaq ki, “Kütləvi çıxarış” kampaniyasında da “bir pəncərə” prinsipi tətbiq olunur. Belə ki, vətəndaşlar bir ünvanda sənədlərini təqdim edir, çıxarışlarını əldə edir, kadastr, texniki və ya torpağa dair digər sənədlərin alınması üçün başqa qurumlara müraciət etmirlər.
Qeyd edək ki, kampaniya ilə paralel olaraq komitənin mobil ofis xidmətləri də fəaliyyətini davam etdirir. Bu xidmətlə bağlı komitənin rəsmi internet səhifəsində (vətəndaşlar üçün bölməsində) respublika üzrə fəaliyyət göstərən mobil ofis xidmətinin aylıq qrafiki yerləşdirilir. Vətəndaşlar 148 saylı (daxili 5) çağrı mərkəzinə müraciət etməklə xidmətdən faydalana bilir.