“Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi”nin başa çatması ilə əlaqədar İctimai Təqdimat keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov giriş nitqi ilə tədbiri açıq elan edib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illər həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyası özünün müsbət nəticələrini verməkdədir. Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq qısa müddətdə əmlak münasibətlərində də ciddi dəyişikliklər baş vermişdir. Bu tərəqqi digər sahələrdə olduğu kimi, əmlak-torpaq münasibətlərinin yeniləşməsi, daşınmaz əmlak idarəçiliyinin müasir inkişaf xəttinin formalaşması ilə müşayiət olunur.
Qeyd olunub ki, dövlət başçısı tərəfindən bu ilin may ayında Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əsasnaməsini təsdiq edən Fərman imzalanıb. Yeni Əsasnamə ilə Azərbaycan Respublikasında mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçilik prinsipinin tətbiqi, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə vahid mərkəzdən nəzarətin həyata keçirilməsi təsbit olunub. Bununla da, əmlak-torpaq idarəçiliyi, eləcə də mülkiyyət məsələlərində dövlət və vətəndaş mənafelərinin təmin olunması sahəsində yeni mərhələnin əsası qoyulub. Mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyin təmin edilməsi daşınmaz əmlakın qeydiyyatında rahatlıq, operativlik və şəffaflığın kifayət qədər yüksəlməsinə səbəb olub.
Bildirilib ki, komitə tərəfindən artıq Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması istiqamətində işlərə başlanılıb. Hazırda təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların və daşınmaz əmlakların elektron kadastr uçotuna alınması həyata keçirilir. Bu il Bakı şəhərinin elektron kadastr məlumat bazasının yaradılmasını nəzərdə tutan layihə də yekunlaşıb. Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq, Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazası yaradılıb. Bakı şəhərindən əvvəl isə Sumqayıt şəhərinin də elektron kadastr məlumat bazası yaradılmışdır. Torpaqların uçotu sistemi və Bakı Kadastr layihəsi Milli Məkan Məlumatları İnfrastrukturunun tərkib hissəsidir.
Sədr müavini qeyd edib ki, 2007-ci ildən etibarən Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında bağlanmış müqaviləyə əsasən icra olunan Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi də bu sahəyə öz mühüm töhfəsini verib. Bildirilib ki, Layihənin başlıca məqsədləri və hədəfləri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı sisteminin müasir standartlar əsasında inkişaf etdirilməsidir. Eyni zamanda, daşınmaz əmlak bazarının inkişafına, dövlətə məxsus daşınmaz əmlakın idarə edilməsi üçün münasib sistemlərin qurulmasına şərait yaratmaq, daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyat sisteminin formalaşmasına yardım göstərməkdir. Layihənin ardıcıl və keyfiyyətli icrası nəticəsində qeyd edilən məqsədlərə nail olunub. Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində ölkəmizdə mülkiyyət hüquqlarının qeydiyyatı sisteminin müasirləşdirilməsi və tərəqqisi istiqamətində əldə edilmiş səmərəli nəticələr xüsusilə qeyd edilib. Layihə çərçivəsində müasir informasiya-kommunikasiya texnologiyaları və elektron innovasiyalar geniş tətbiq edilib, vahid korporativ şəbəkə və mərkəzləşdirilmiş məlumat bazası yaradılıb.
Tədbirdə Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri xanım Larisa Leşçenko Layihənin uğurla həyata keçirilməsi və yekunlaşması ilə bağlı çıxış edib. Layihənin icrası müddətində Dünya Bankı və Əmlak Məsələləri Dövlət Komitəsi arasında qarşılıqlı fəaliyyətə və əldə olunan nəticələrə toxunulub. Xanım Viktoriya Layihənin Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsinin inkişafına böyük təkan olduğunu, qeydiyyat sisteminin sadələşdirilməsi və müasirləşdirilməsində rolunu xüsusi vurğulayıb. Daha sonra tədbirdə Dünya Bankının Layihə meneceri xanım Viktoriya Stenli və Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Ofisinin (SEKO) Proqram üzrə milli nümayəndəsi Zahir Əhmədov çıxış edərək Layihənin nəticələri barədə fikirlərini söyləyiblər.
Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri Layihənin mahiyyəti, icra mərhələləri, layihənin hədəfləri və nəticələri, komitənin qeydiyyat sahəsində son illər tətbiq etdiyi yeniliklər barədə təqdimatla çıxışlar ediblər. Qeyd olunub ki, Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi 4 komponent və 22 subkomponentdən ibarət olub.
Tədbirdə Layihə çərçivəsində görülmüş işlər və əldə olunmuş səmərəli nəticələrdən bəhs olunub. Qeyd edilib ki, Layihə nəticəsində Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəetmə Sistemi qurulub. Elektron sənəd dövriyyəsi sisteminin, mövcud kağız və mətn məlumatlarının elektron bazasının və qeydiyyat məlumatlarının elektron arxivinin yaradılması təmin edilib.
İnformasiya-kommunikasiya texnologiyalarının və müasir geodezik cihazların tətbiqi geniş yer alıb. Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları Mərkəzi üçün yeni inzibati bina tikilərək istifadəyə verilib. Bu Mərkəzin yaradılmasında məqsəd Komitənin bütün texnoloji resurslarını və informasiya sistemlərini vahid mərkəzdən kompleks və müasir tələblərə uyğun idarə etməkdir. Mərkəzin ən böyük əhəmiyyəti müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılmasını təmin etməsidir. Bu infrastruktur məkan məlumatlarının əldə edilməsi, emalı, saxlanması və istifadəsini nəzərdə tutan sistem olacaq. Həmçinin bu sahədə fəaliyyəti yüksək səviyyədə təmin etmək üçün Şamaxı şəhərində Ehtiyat Məlumat Mərkəzi də tikilib.
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində Bərdə, Beyləqan, Qəbələ, Xaçmaz və Lənkəranda qeydiyyat idarələri üçün müasir standartlara uyğun yeni inzibati binalar tikilib. Eyni zamanda komitənin daxili imkanları hesabına Gəncə və Şəki ərazi qeydiyyat idarələrinin yeni binaları tikilib istifadəyə verilib. Yeni binalarda idarəyə müraciət edən vətəndaşlara yüksək xidmət göstərilməsi üçün lazımı iş şəraiti yaradılıb, qeydiyyat prosesinin daha çevik və operativ aparılması üçün avtomatlaşdırılmış sənəd dövriyyəsi sistemi qurulub. Eyni zamanda, bir sıra qeydiyyat idarələrinin binası təmir edilib, maddi-texniki baza gücləndirilib.
Layihənin mühüm nəticələrindən biri də qeydiyyat üçün tələb olunan müddətlərin mərhələli şəkildə qısaldılmasıdır. Əgər mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışların verilməsi 2005-2009-cu illərdə 30-20 gün, 2010-2012-ci illərdə isə 18-14 gün arasında dəyişirdisə, 2013-cü ildən etibarən bu müddət 7 günə, əmlak barədə digər arayışların verilməsi isə 1 günə endirilib.
Layihə çərçivəsində Komitə üçün beşillik Strategiya Planı və Birillik Biznes plan hazırlanıb.
Daşınmaz əmlakın qeydiyyatında məmnunluq səviyyəsini müəyyən etmək məqsədilə layihə çərçivəsində 2013 və 2014-cü illərdə bütün ölkə üzrə müştəri məmnunluğu sorğuları keçirilib. Sorğuların nəticələrinə əsasən, 85-90% sorğu iştirakçılarının qeydiyyat prosesindən razı olduqları məlum olub.
2014-cü il ərzində Bakı və respublikanın müxtəlif şəhər və rayonlarında daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlar və əlaqəli qurumlar üçün hüquqi maarifləndirmə aksiyaları həyata keçirilmişdir. Eyni zamanda, xidməti davranış səviyyəsinin yüksəldilməsi məqsədilə qeydiyyat idarələrinin əməkdaşları üçün təlimlər və seminlarlar təşkil edilmişdir.
Layihə çərçivəsində daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi həyata keçirilib. Ötən il Sumqayıt şəhərindəki daşınmaz əmlak obyektlərinin kütləvi qaydada qiymətləndirilməsi layihəsi icra olunub.
Layihə barədə ictmaiyyətin məlumatlandırılması və ictimai dəstəyə nail olunması məqsədilə İctimai Agahlıq kampaniyası həyata keçirilib.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanın icrası istiqamətində komitə tərəfindən müvafiq işlər həyata keçirilib. Layihə çərçivəsində xidmətlərin sürətlə elektron müstəviyə keçməsi, qeydiyyat prosedurlarının azaldılması, rahatlıq və operativliyin yüksəlməsi, məmur-vətəndaş təmasının azalması təmin edilib. Bu istiqamətdə daşınmaz əmlakın qeydiyyatında elektron və onlayn xidmətlərin istifadəyə verilməsi Layihənin ən mühüm uğurlarından hesab olunur. Ümumilikdə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron və 3 onlayn xidmət istifadəyə verilib. Onlayn xidmətlərin tətbiqi ilə qeydiyyat prosedurları 4-dən 1-ə endirilib. Yeni onlayn xidmətlər yüklülük arayışlarının (Forma-1) onlayn verilməsini, dövlət reyestrində əmlak barədə məlumatların onlayn əldə olunmasını və alqı-satqıdan sonra hüquqi sənədlərin ərazi qeydiyyat idarəsinə onlayn göndərilməsini əhatə edir. Bu o deməkdir ki, birdən-birə 3 hüquqi əməliyyatın icrası elektronlaşıb.İndi vətəndaşlar, hüquqi şəxslər və biznes qurumları daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı və yüklülük arayışlarının alınması üçün qeydiyyat idarələrinə elektron qaydada müraciət etmək imkanlarına malikdirlər. İndiyədək elektron xidmətlər vasitəsilə 253 mindən çox müraciət daxil olub və qanunvericiliyə uyğun olaraq təmin edilib.
Daşınmaz əmlakın kadastrı və elektron kadastr məlumat bazasının yaradılması istiqamətində bir sıra nailiyyətlər əldə edilib. Ölkənin bütün ərazisinin elektron kadastr xəritələri hazırlanması istiqamətində işlər aparılır. Respublikanın 3.5 mln. ha ərazisində İnzibati ərazi vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi, bələdiyyə xaritələrinin hazırlanması işləri icra edilir. Belə ki, bu proses 1,8 mln. ha ərazidə artıq yekunlaşıb.
Əmlak idarəçiliyi sahəsində mühüm infrastruktur olan ölkənin bütün ərazisində (işğal olunmuş ərazilər istisna olmaqla) 37 Daimi Fəaliyyət Göstərən Geodeziya İstinad Stansiyaları (AZPOS) quraşdırılıb.
Demək olar ki, hər bir Azərbaycan vətəndaşının maraqlarına yönəlmiş Daşınmaz əmlakın qeydiyyatı Layihəsinin reallaşdırılması ölkədə daşınmaz əmlakın qeydiyyatı sistemində ciddi dəyişikliklərə səbəb olub. Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi nəticəsində daşınmaz əmlakın qeydiyyatı prosesi əhəmiyyətli dərəcədə sadələşib və qeydiyyata cəlb olunan əmlakların sayı artıb. 2015-ci il ərzində 140 minə yaxın daşınmaz əmlak qeydiyyata alınıb ki, bu ötən il qeydə alınan göstərici ilə müqayisədə 10% çoxdur. Layihənin effektiv icrası və daşınmaz əmlakın qeydiyyatında əldə olunan nəticələr beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hər il dərc olunan “Doing Business” hesabatlarında Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə ön sıralarda yer alır. “Doing Business 2015” hesabatında Azərbaycan daşınmaz əmlakın qeydiyyatında həyata keçirdiyi islahatlara görə reytinqdə ilk onluğa daxil olub.
Qeyd edək ki, son illər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən əmlak-torpaq idarəçiliyi sahəsində əhəmiyyətli addımlar atılmaqdadır. Komitənin yeni Əsasnaməsinə uyğun olaraq qeydiyyat prosesində “bir pəncərə” prinsipi tətbiqi nəticəsində artıq vətəndaşlar yalnız bir ünvana müraciət etməklə daşınmaz əmlaka dair çıxarış və digər sənədləri əldə edə bilirlər. Bu isə vaxt itkisinin aradan qalxması, operativliyin və şəffaflığın yüksək səviyyədə təmin olunmasına səbəb olub.
Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması ilə bir sıra nəticələr əldə olunacaq. Belə ki, respublikada torpaqların təyinatı, istifadə növü üzrə dəqiq kadastr uçotuna nail olunacaq. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı işi daha da sadələşəcəkdir.
Hazırda komitənin sosial layihələri hesab olunan “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləri həyata keçirilir. Vətəndaşlara yerlərdə, birbaşa onların ünvanlarında qeydiyyat xidmətləri göstərilir.
Bunlarla yanaşı, ölkəmizdə müasir tələblərə uyğun Ünvan Reyestri İnformasiya Sistemi yaradılıb. Bu sahədə qabaqcıl Avropa ölkələrinin təcrübəsi və beynəlxalq standartlar öyrənilib.
Tədbirin sonunda qeyd edilib ki, daşınmaz əmlakın qeydiyyatında baş verən yeniliklər, tətbiq olunan innovasiyalar və qeydiyyat prosesinin sadələşməsi ölkədə biznes mühitinin yaxşılaşmasına da töhfəsini verəcək. Sosial amillərin güclənməsini, mülkiyyət mənafelərinin və hüquqlarının qorunmasını yüksək səviyyədə təmin edəcəkdir.